Səməd Sərdariniyanın “İrəvan müsəlman sakinli vilayət olmuşdur” kitabı Layihə

Səməd Sərdariniyanın “İrəvan müsəlman sakinli vilayət olmuşdur” kitabı

3-cü yazı

Tanınmış tarixçi-alim Səməd Sərdariniyanın “İrəvan müsəlman sakinli vilayət olmuşdur” kitabında tarixi sənədlər əsasında bir çox faktlar verilib. Adıçəkilən kitabda İrəvan xanlığının və onun ətraf əyalətlərinin tarixən azərbaycanlılara məxsus olması təkzibolunmaz faktlar əsasında şərh olunur. Kitabda bildirilir ki, Övliya Çələbinin dediyinə görə, bu şəhər XV əsrin əvvəllərində Teymurun tacirlərindən olan Xacəxan Lahicani adlı birisi tərəfindən bir yaşayış yeri kimi abad edilmişdi. İlk dəfə Səfəvi hökmdarı Şah İsmayıl Xətainin göstərişi və onun vəziri Rəvanqulu xanın başçılığı ilə XVI əsrin əvvəllərində şəhərə çevrilərə hasara alınmışdı. Nadir şahın qətlindən sonra İrəvanda iğtişaşlar və qarışıqlıq baş verdi. Osmanlı dövləti İranın daxili işlərinə müdaxilə etmədi. Öz müstəqilliyini elan etmiş İrəvan digər Azərbaycan xanlıqları kimi müstəqil türk əmirliyi oldu".
İrəvan uzun əsrlər boyu yerli türkdilli tayfaların, o cümlədən Qacar qəbiləsinin bir qolunun məskəni olub. Etimadüs-səltənənin yazdığına görə, "bu tayfalardan biri "yuxarıbaş", digəri isə "aşağıbaş" tayfası kimi tanınırdılar. Bu iki adla çağırılan eyni tayfa haqqında fransız və İran tədqiqatçıları bildirirlər ki, çayın yuxarı hissəsində yaşayanlar "yuxarıbaş", aşağı hissəsində yaşayanlar "aşağıbaş" adlandırılıb.
Mənbələrin verdiyi məlumata görə, Tiflis-İrəvan arasında dəmir yolu 1902-ci ildə, Culfa-İrəvan dəmir yolu isə 1908-ci ildə çəkilmişdi. İrəvan şəhərinin adı sovetlər dövründə “Yerevan” olub. Bunu da qeyd edirlər ki, qədimdən Astarabadda yaşayan Qacar tayfası buraya gəlməzdən qabaq "Qovanlı" kimi tanınırdı.
“Dəvəllu adlanan tayfa da İrəvan ətrafında eyni adlı kənddə yaşadığına görə Dəvəllu adlanmışlar".
Abbasqulu ağa Bakıxanov yazır: "Əmir Teymur Rum, Şamdakı tayfalardan (Gəncə ətrafındakı Ayrım tayfası da həmin qəbildəndir) əlli min türk ailəsini Gəncə, Qarabağ və İrəvan ərazilərində yerləşdirmişdi. Həmin yerlərin əksər əyalətlərinin əhalisi onların nəslindəndir". O, başqa bir yerdə qeyd edir: "İrəvan, Gəncə, Qarabağ əhalisinin və əmirlərinin çoxu Qacar nəslindən idi".
İrəvan bir şəhər kimi formalaşmazdan öncə bu ərazi Dvin adlandırılıb. O, müsəlman hökmdarlarının mühüm mərkəzlərindən və Azərbaycanın şəhərlərindən biri sayılırdı. Bəzi ərəb mənbələrində "əhalisinin tərkibi müsəlman və qismən xristianlardan ibarət olan" bu şəhər “Dəbil” adlandırılırdı. Le Strenc yazır: "Ermənistan iki hissədən ibarət olub: daxili Ermənistan, xarici Ermənistan. Əhalisinin bir qismi xristian olsa da, bu əyalət qədim dövrdən müsəlman hakimiyyəti altında idi... Müsəlman əyalətin paytaxtı qədim zamandan "Dvin", bəzən də "Tvin", bəzi mənbələrdə isə Dəbil adlandırılıb. IV əsrdə Dəbil Ərdəbildən böyük idi və bu bölgənin ən mühüm şəhəri sayılırdı. Üç qalası var idi. Şəhərin Came məscidi də, onun yanında idi..."
Professor V.F.Minorski yazır: "Dvin ərəb istilalarının ilk günlərindən islam hökumətinin mühüm mərkəzi sayılırdı... Digər şəhərlərindən fərqli olaraq Dvin ölkənin qurtaracağında, 72-ci meridian və 39-cu para- leldə yerləşirdi. Əyyubi sultanlarının əsli oradandır".
"Şərəfxan Bitlisi (Bidlisi) bir neçə dəfə bu məsələyə toxunub ("Şərəfnamə", V.Velyaminov-Zernov, Peterburq, 1760, II cild, səh.213-239). O, Səlahəddin Əyyubinin əcdadından bəhs edərkən onu Dvin əhli adlandırıb. O qeyd edir ki, sonralar bu şəhər dağılmağa başlamış və Çuxursədin Gərni kəndi kimi tanınmışdı. "...Misir məliklərinin əcdadı Şadi ibn Mərvanın da əsli Azərbaycan Dvininin Rəvəndə (Rəvadiyyə oxunmalıdır) kürdlərindən idi. İndi Gərni kəndi Çuxursədin bir kəndi kimi tanınır” (Misir çapı, 1930, I cild, səh.83). “Şərəfxanın adını çəkdiyi Gərni kəndi bu gün də mövcuddur".
Professor Minorskinin "Şirvan və Dərbənd tarixi" və "Qafqaz tarixinə dair tədqiqatlar" əsərində bu şəhərin hakimləri və o zamankı tarixdə baş verən hadisələr şərh olunub. Kembric Universitetinin nəşr etdiyi çoxcildli "İran tarixi" kitabında bu şəhər və onun müsəlman hakimlərindən bəhs olunur. Bu dövr tarixçilərinin tədqiqatlarına görə, Dvin sikkə çap eləyən birinci müsəlman şəhərləri sırasında olmuşdu... "İranda qızıl sikkə çapı hicri təqvimi ilə 3- cü yüzilliyin, miladi təqvimi ilə IX əsrin birinci rübünün sonunda başlamışdı... Ümumiyyətlə isə İran sikkəxanalarında dinar zərb edilməsi tarixi III əsrin (hicri təqvimi) sonuna qədərki dövrə aid edilir".
Bu əsərdə Dəbil şəhərində sikkə zərb edilməsi tarixi hicri 241-ci il göstərilir və əlavə edilir ki, bu ölkənin qərbindəki kiçik əyalətlərdə sikkə zərb edilməsinin bir nümunəsi türk Yusif ibn Divdad Sacinin 303-cü ildə Dəbildə zərb etdirdiyi dinardır... Bu sikkənin həmin dövrdəki Abbasi dinarlarından heç bir fərqi yoxdur. Təkcə sikkənin arxasında xəlifənin adından əlavə, əmir Sacinin də adı yazılıb.
Kəsrəvi "Adları itmiş hökmdarlar" (farsca) adlı kitabının bir çox səhifələrində bu şəhərdən və onun hakimlərindən söz açıb. O yazır: "Ermənilərin bir çoxu iddia edir ki, burada hakimlik müsəlmanların əlinə ərəb istilasından sonra keçmişdi. Hökmdarlar buraya ya Bağdaddan, ya da Azərbaycandan göndərilirdi. Halbuki Dvin və onun ətrafı qədimdən İran əsilzadələrinin (azərbaycanlı-türk əsilzadə başa düşülməlidir-red.) əlində olmuş və bu bölgədəki əhalinin əksəriyyəti iranlılardan (türklərdən - elmi redaktor) ibarət olmuşdu”.
Bu gün Ermənistan Respublikası adlanan torpaq əsrlər boyu Çuxursəd adını daşımış yurdun bir hissəsidir. Professor Minorski Mirzə Səmianın "Təzkirat-ül Moluk" kitabı üzərində apardığı araşdırmalarla bağlı yazdığı şərhdə Çuxursəd vilayəti haqqında yazır: "Çuxursəd sonradan geniş yayılmış coğrafi bir termindir. O, ilk dəfə Səfəvilər dövründə daha çox İrəvan əyaləti haqqında işlənib. "Aləmara"nın 168-ci səhifəsində qeyd olunur ki, Qars Çuxursədlə Ərzurum arasında yerləşir. Həmin kitabın 558-ci səhifəsində yazılıb ki, Çuxursəd Axısxada qurtarır və onunla həmsərhəddir. “Çuxursəd” türk dilində "çökək yer" kimi şərh olunur. Göründüyü kimi, burada Arazın iki tərəfindəki çökəklik nəzərdə tutulur".
Əllamə Mirzə Məhəmməd xan Qəzvini yazır: "Aləmaraye-Abbasi"də və qaim-məqamın ədəbi yazılarının bir-iki yerində adı çəkilən və müsyö Minorskinin qeydində tez-tez bəhs olunan Çuxursəd İrəvanın yaxınlığında yerləşir”. Bu cümlə "Aləmara"da yüz dəfələrlə təkrar olunur. Deyilənə görə, o yer Naxçıvan və Qarabağın sərhəddində bir vilayət olub. Əllamə Qəzvini "Səəd" adının izahından xəbərsiz olduğunu bildirsə də, Faruq Sumer onu "Səədlu" tayfası ilə əlaqələndirir və yazır: "Səədlu tayfası Qaraqoyunlu qəbiləsinin ətrafında cəmləşmiş və bu ad (Qaraqoyunlu) altında bir konfederasiya yaratmış digər tayfaların başında dayanmışdılar. Bu tayfa öz adını miladi təqvimi ilə XIV əsrdə (ehtimal ki, qeyd olunan əsrin ikinci yarısının ortalarında və yaxud əvvəllərində - müəl.) tayfanın idarə edilməsində məsuliyyət daşıyan tayfa başçısı və əmiri "Səəd"in adından götürmüşdü. Belə görünür ki, bu əmirlə Qaraqoyunlu qəbiləsi arasında qohumluq əlaqəsi olmuşdu. Çünki iranlı müəlliflər Səədin övladlarını Qaraqoyunluların əmizadələri kimi təqdim etmişlər. Hafiz Əbrunun yazdığına görə, Naxçıvanın və Sürməlinin ətrafı qədimdən bu tayfanın məskəni olmuşdu. Miladi təqvimi ilə XV əsrdən sonra müxtəlif tarixi kitablarda haqqında danışılan bu tayfanın adı Səfəvilər dövründə İrəvana və üç əyaləti əhatə edən məntəqələrə verilməklə Çuxursəd yaranıb. Həmin adın bu tayfanın yaşadığı ərazi ilə əlaqəsi qətidir". Qüdsi bu vilayətin adı barədə yazır: “Səadət onu aram etdiyindən, ona əvvəldən Çuxursəd adı verdilər. Əlbəttə, ad fələkdən nazil olur. Bu torpağa verilən ad səbəbsiz olmaz. Səadət ona görə bura nəsib olub ki, o, bu vilayətin adına vurulub”.
Professor Faruq Sumer Çuxursəd vilayəti ilə bağlı qiymətli tədqiqat aparıb. O, bu haqda yazır: "...Çox uzun araşdırmalardan sonra gəldiyim nəticəyə görə, iranlı müəlliflərin Çuxursəd adlandırdığı məntəqə Ərivanın qərb və cənub-qərb hissəsində bir bölgə olub. Osmanlı mənbələrində "Səəd çuxuru" kimi verilib. Bu nahiyə qərbdə Araz və Arpaçayın qovuşağına, cənubda isə Araza qədər uzanırdı. Bildiyim qədər, bu kəlmə ilk dəfə "Kitabi-Diyarbəkriyyə" kitabında işlənib. Çələbinin gündəliyində 1 Yavuz Sultan Səlimin Səfəvilərlə müharibədən qayıdarkən düşərgə saldığı yerlər arasında bu bölgənin də adı çəkilib (məsələn, “Çuxursədin ətraflarından sayılan Hacılaləli yaxınlığında Kiçik Vadi kəndi və Böyük Vadi kəndindən aşağı” cümləsində Çuxursədin adı çəkilir - müəl.). Orada daha sonra yazılır ki, üçüncü gün saat 5-də Çuxursəd ətrafındakı Zəngi çaydan keçib, Dəvəli Ömər kəndini və Keçi Vəli yurdunu arxada qoyaraq İrəvan şəhərinin yaxınlığına endilər. Dördüncü gün saat 6-da Çuxursəd ətrafındakı təpədən keçib "səkkiz mənzillikdə" düşərgə qurdular. Həm sol, həm də arxa tərəf dağ idi. Burada adı çəkilən Çuxursəd və onun ətrafındakı yerlər böyük miqyaslı coğrafi xəritələrdə də qeyd olunur”.
"Cahanara"da da Qaffari ona işarə edir. Həsən bəy Rumlu yazır ki, İskəndər Mirzə Qaraqoyunlu Qaqızman yoluyla Çuxursəd və Sürməliyə gəldi və qışı orada keçirdi. O, Səfəvilər bölməsində (səh.59) deyir ki, Şah İsmayılın Əlvənd Mirzə ağa Qaraqoyunlu ilə müharibəsi hicri 907-ci ildə (miladi 1501-ci il) Çuxursəddə və Şərur ətrafında baş verdi. Həmin müəllif əsərinin başqa bir yerində Ərzurum valisi İskəndər paşanın Çuxursədə hücumunu şərh edərək yazır:"...Sultan Süleymandan qabaq Rumun padşahı və Ərzurumun hakimi olan İskəndər paşa Hacı bəy Dünbülini qətlə yetiriib və Çuxursədə gələrək oranın bazarını yandırmışdı..." Müəllifin burada Çuxursəd bazarı adlandırdığı bazar yalnız İrəvan bazarı ola bilər.
İbrahim Pəçəvi Əfəndi şahzadə Bəyazidin İrana qaçmasından söhbət açarkən bu yerin adını "Saat Çuxuru" və "Səəd Çuxuru" kimi qeyd edir. P.Əfəndi yazır ki, Tuyğun paşa, qardaşı Malatya əmiri Mustafa paşa, Eyntəb (Antep) əmiri Xosrov paşa öz əsgərləri ilə birgə onu təqib etməyə başladılar. Bir neçə dəfə maneələrlə qarşılaşsalar da, bir müddətdən sonra "Saat Çuxuru" adlanan yerdə şahzadəyə çatdılar .
Səfəvilər miladi təqvimi ilə XVII əsrdə Çuxursədi Türkiyə ilə sərhəddə özlərinin 8 bölgədən ibarət ən böyük bəylərbəyliyinə çevirdilər. Çələbi öz kitabında deyir: "87-ci paralel və 39-cu meridianda bir bölgə mərkəzi var ki, onu Çuxursəd adlandırırlar... Arpaçay Çuxursəddə Araza birləşir".

Elçin Qaliboğlu