Qarabağın ekoloji harayı Layihə

Qarabağın ekoloji harayı

İşğal dövrü ərzində təbiətə dəyən ziyan 244,4 milyard dollardır

Ermənistan tərəfindən başlanmış müharibə Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonlarında nəinki şəhər və kəndlərin dağıdılmasına, eyni zamanda, ərazidə bitki və heyvanlar aləminin məhv edilməsinə, bütövlükdə ekoloji tarazlığın pozulmasına səbəb olub.
1988-93-cü illər ərzində Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan Respublikasının 20 faiz ərazisi işğal olunub. Ermənistanın həyata keçirdiyi işğalçı siyasəti Azərbaycan təbiətinə, bioloji müxtəlifliyə, bütövlükdə regionun ekoloji durumuna ciddi ziyan vurub, ətraf mühitin deqradasiyası ilə nəticələnən fəsadlara gətirib çıxarıb.
Ermənistanın işğalçı siyasətinin nəticəsində əsasən təbii sərvətlərə, xüsusi qorunan ərazilərdəki meşələrə və bitki örtüyünə hələ də amansız divan tutulur. Azərbaycanın təbiəti üçün xarakterik olan landşaftlar, yüzillik ağaclar, şəlalələr, təbii mağaralar, mədəni park nümunələri, unikal geoloji çıxıntılar, paleontoloji laylar da məhv edilir.
Biosferin bir hissəsini təşkil edən meşələr canlıların qida zəncirini təşkil edir və burada müxtəlif bitki, heyvan növləri yaşayır. İşğal olunmuş ərazilərdə meşələrin qırılması artıq kütləvi hal alıb. Bunun əsasını 1988-ci ildə Ermənistanın «Kanaker» Alüminium zavodu öz işçilərinə pansionat tikmək üçün Azərbaycanın müvafiq orqanları ilə razılaşmadan, özbaşına Qarabağın Topxana meşəsində qiymətli ağacların vəhşicəsinə qırılması ilə qoyub. İşğal olunmuş ərazilərdə meşələrin qırılması həmin ərazidə ekoloji tarazlığın pozulmasına və Cənubi Qafqaz regionunda ekoloji qəzaların yaranmasına səbəb ola bilər. Meşələr yalnız hərbi məqsədlər üçün deyil, tikinti materialı, mebel sənayesi və digər məqsədlərdə istifadə üçün hərbçilərin köməyi ilə qırılaraq orada olan hərbi texnikanın vasitəsilə daşınır. Qazax rayonu istiqamətində, Murovdağ silsiləsi boyu, Ağdərə rayonu istiqamətində Talış, Gülüstan, Baranbart meşələrində, Qubadlının Əyin, Hərtiz, Zor, Fərcan meşələrində 100 hektarlarla sahədə fıstıq, saqqız, şam, palıd, qoz və s. çoxillik ağaclar kəsilib.
Hazırda Ağdərə və Xankəndi meşə təsərrüfatlarının böyük ərazisini əhatə edən məhsuldar fıstıq meşələri, Laçın rayonunun Şəlvə dərəsindəki dekorativ oduncaqlı iri gövdəli qırmızı palıd meşələri, Bəsitçay qoruğundakı möhtəşəm çinar və qoz ağacları, Kəlbəcər meşə təsərrüfatındakı ayı fındığı ağacları Ermənistan tərəfindən kütləvi qırılaraq xarici ölkələrə satılır.
Bəsitçay Dövlət Təbiət Qoruğundakı şərq çinarlarının bəzilərinin yaşı 1200-1500 ilə çatır, onların gövdələrinin diametri 4 m, hündürlüyü 54 m-dən yuxarıdır. Avropada analoqu olmayan bu nəhəng ağaclar işğalçılar tərəfindən qəddarlıqla məhv edilir.
Araz palıdını orada müvəqqəti məskunlaşmış ermənilər ilboyu yanacaq kimi istifadə edirlər. Nəzarətdən kənarda qalmış, dünyada yalnız bu ərazidə bitən endemik bir növün kütləvi şəkildə doğranmasını ekoloji genosid kimi qiymətləndirmək olar.
Ağdam rayonunun Yusifcanlı yaşayış məntəqəsinin cənub kənarı (Ağdam rayonu təmas xətti) meşəlik və yaşıllıq, bağ sahələri tamamilə qırılıb və məhv edilib. Novruzlu yaşayış məntəqəsinin şimal-şərq kənarındakı meşələr qırılaraq (Ağdam rayonu) Ermənistan Silahlı Qüvvələrinə məxsus hərbi texnikanın vasitəsilə daşınıb.
Dünya terror və korrupsiyaya qarşı «Bank-İnformasiya» Beynəlxalq Strateji Tədqiqatlar Mərkəzinin məlumatında bildirilir:
1. Zəngilan rayonunun 107 ha ərazisində yerləşən qoruq demək olar ki, yer üzündən silinib, çinarlıqlar hissə-hissə İran mebel fabriklərinə və başqa tikinti-sənaye komplekslərinə satılıb.
2. Ermənistanın hərbi hissələrinin qoruq ərazisinin 42 ha sahəsində yerləşdirilməsi nəticəsində ağaclar tamamilə məhv edilib.
3. 2000-ci ildə 70 çinar ağacının hər biri 100 ABŞ dollarına Tehran qubernatoruna satılıb.
4.110 çinar ağacı kökündən çıxarılaraq, Göyçə (Sevan) gölünün sahillərinə və Yerevan şəhərinin ətrafına köçürülüb.
5. Bəsitçay qoruğunun ərazisində 1995-1997-ci illərdə 89 nəfər erməni və 136 nəfər fars vərəmdən müalicə olunub.
Bu dövrdə qanunsuz yol tikintiləri, meşələrin kütləvi surətdə qırılması, bombardmanlar və yanğınlar nəticəsində Qazax, Tovuz, Zəngilan, Gədəbəy, Kəlbəcər, Xanlar, Qubadlı rayonlarının və DQMV-nin meşələrindən 0,5 mln-dan artıq ağac və kollar, 152 ədəd relikt ağac növləri, 13197,5 hektar qiymətli meşə sahələri, 665 hektar təbii bərpa meşələri, 75 hektar süni meşəsalma materialı, təbiət abidəsi statusu almış 5 geoloji obyekt vəhşicəsinə dağıdılmış, kommersiya məqsədləri üçün istifadə edilib. Eləcə də üzümlük sahələri qırılaraq məhv edilmiş və beton dirəklərdən mühəndis istehkam işləri üçün istifadə edilib.
Işğal altında olan torpaqlarda, xüsusilə Ağdam rayonu ərazisində Ermənistandan gətirilən radioaktiv tullantılar yerləşdirilir. DQ-da olan 250 min hektar meşə sahəsi nüvə tullantıları ilə çirkləndirilib.
Kəlbəcər rayonu ucsuz-bucaqsız yüksək alp çəmənlikləri tanınmaz hala salınıb.
Daxili suları (çaylar və kanallar) yalnız həmin ərazilər deyil, ətraf ərazilərin də ekologiyasında mühüm rol oynayır. İşğal olunmuş ərazilərdən axan çayların hazırda ermənilər tərəfindən müxtəlif mənşəli tullantılarla və çirkab suları ilə çirkləndirilməsi faktları mövcuddur. Xonaşen, Qar-Qar çayı, Xaçınçayı, Tərtər çayı öz mənbələrini işğal olunmuş ərazilərdən götürür və həmin çaylara məişət tullantıları və çirkli sular axıdılır.
Naxçıvan Muxtar Respublikasının təbii mühitində mühüm rol onayan Araz çayının ekoloji vəziyyəti daha acınacaqlıdır. Belə ki, Ermənistan tərəfindən Araz çayının uzun illər boyu çirkləndirilməsi, qiymətli balıq növlərinin kökünün kəsilməsinə və azalmasına səbəb olub. Əvvəllər qeydə alınmış 21 balıq növünün son 10-15 il ərzində məhv olması nəticəsində 16 növə enməsi müəyyənləşdirilib.
Zod yatağından qızılın təmizlənməsi sağlamlıq üçün təhlükəli olan sian qarışığı ilə aparılır, zəhərlənmiş su isə Araz çayına axıdılır. Bu isə Cənubi Qafqaz Regionunda Ermənistan tərəfindən torpağın, atmosferin və ekoloji tarazlığın pozulmasına zəmin yaradılır.
Füzuli rayonunun ərazisindən axan Köndələnçay və Quruçayın suyundan istifadə etmiş əhalinin bədənində dəri xəstəliklərinin yaranması faktları müşahidə edilib. Buna səbəb ermənilər tərəfindən Füzuli rayonunun işğal altında olan Seyidmahmudlu və Qaraxanbəyli kəndlərinin arasında xüsusi laboratoriya təşkil etmişlər ki, həmin laboratoriyada yoluxucu xəstəliklərin tədqiqi ilə məşğul olurlar.
İşğal olunmuş ərazilərdəki 17 ədəd hidroloji məntəqədə hidrometeoroloji müşahidələr dayandırılıb və hidrometeoroloji müşahidə bazası sıradan çıxarılıb. Ermənilərin işğal altında saxladığı torpaqlarda ümumi həcmi 631 milyon m3 olan 10 su anbarı, o cümlədən Tərtər çayı üzərində inşa edilmiş, su tutumu 560 milyon m3 olan və 100 min hektardan artıq əkin sahəsinin suvarılmasına hesablanmış Sərsəng su anbarı baxımsızlıqdan sıradan çıxmaq üzrədir. Uzun müddətdir ki, texniki qurğulara xidmət göstərilmədiyindən, qəza vəziyyətində olan Sərsəng su anbarından aşağıda, dağətəyi və aran hissədə yerləşən yaşayış məntəqələrində yaşayan 400 min əhali təhlükə altındadır. Su anbarının suyu qış vaxtı ərazinin mövsümü ehtiyacları nəzərə alınmadan əhalisi azərbaycanlılardan ibarət olan kəndlərə buraxılır və nəticədə yaşayış məntəqələri, kənd təsərrüffatı sahələri və kommunikasiya xətləri qışda su altında qalır. İsti yay mövsümündə isə illik su normasının 10-15%-i buraxılır ki, bu da kəskin su qıtlığı, əkin sahələrinin suvarılmasında problemlər yaradır, yaşıllıqlar quruyaraq məhv olur. Qeyd olunan faktları nəzərə alaraq, Avropa Şurası Parlament Assambleyası tərəfindən Azərbaycanın sərhədyanı rayonlarının sakinlərinin qəsdən sudan məhrum edilməsi ilə bağlı 2085 (2016) nömrəli qətnamə qəbul edilib. Qətnamədə vacib humanitar problem nəzərə alınaraq, Ermənistan silahlı qüvvələrinin sözügedən regiondan dərhal çıxarılması, müstəqil mühəndis və hidroloqlar tərəfindən yerində təhqiqat aparılmasının təmin edilməsi tələb edilib.
Azərbaycanın işğal altında olan Kəlbəcər rayonu ərazisindəki “İstisu” doldurularaq qablaşdırılır, doldurulmuş qabların üzərində isə Ermənistanın Cermuk yaşayış məntəqəsinin ərazisindəki bulaqlardan doldurulması barədə fars dilində məlumat və kimyəvi tərkibi yazılır.
Erməni millətçiləri işğal edilmiş Qarabağ ərazisində narkotik bitkilər əkərək həmin əraziləri terror yuvasına çeviriblər.
Erməni işğalçıları tərəfindən təmas xəttində yerləşən Ağdam, Füzuli, Cəbrayıl, Tərtər və Xocavənd rayonlarının əraziləri düşünülmüş şəkildə od vurularaq yandırılıb. Ermənilər tərəfindən mütəmadi olaraq törədilən yanğınlar nəticəsində 110 min hektardan çox münbit torpaqlar məhv edilib, ətraf mühitə və canlı təbiətə əhəmiyyətli dərəcədə ziyan vurulub.
Yanğınlar ermənilərin nəzarətində olan min hektarlarla əraziləri əhatə etməklə bərabər, eyni zamanda, Azərbaycanın nəzarəti altında olan ərazilərə də keçib.
Azərbaycan Respublikası ərazilərinin Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində itki və tələfatlarının qiymətləndirilməsi üzrə İşçi Qrupu tərəfindən aparılmış ilkin qiymətləndirməyə görə biomüxtəlifliyin, meşələrin məhv edilməsi, torpaqların sıradan çıxarılması, istifadədən məhrum olunması, ətraf mühitin, o cümlədən su mənbələrinin çirkləndirilməsi ilə bağlı, eyni zamanda faydalı qazıntı yataqlarının talanı nəticəsində təbiətə dəymiş ziyan işğal dövrü ərzində 244,4 milyard ABŞ dolları həcmindədir.

Habil Hüseynov

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir