“Son 25 ildə danışıqlar formatı iflasa uğrayıb” Layihə

“Son 25 ildə danışıqlar formatı iflasa uğrayıb”

Əziz Əlibəyli: “Dağlıq Qarabağ probleminin həll yolu münaqişəni xüsusiləşdirmək və Ermənistanla ikilikdə qalmaqdan keçir”

“Dağlıq Qarabağ münaqişəsi BMT-nin qətnamələri əsasında həll olunmalıdır”. Bunu Türkiyənin keçmiş xarici işlər naziri Hikmət Çətin Azərbaycanın “Diplomatik xidmət orqanlarının 100 illiyi” münasibətilə keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib. O bildirib ki, BMT Təhlükəsizlik Şurası erməni qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib: “Amma bu qətnamələr icra olunmayıb. Ermənistan hələ də Azərbaycan ərazilərinin işğalını davam etdirir. Əgər onlar regionda rifahdan yararlanmaq istəyirsə, düşmənçilik və işğal siyasətindən imtina etməlidir. Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq və bu dörd qətnamə əsasında həll olunmalıdır. Ötən əsrin 90-cı illərində erməni diplomatlara bu barədə çox danışdıq, ancaq onlar hər cür təmaslardan qaçırdılar”.
H.Çətin əlavə edib ki, Azərbaycanla Türkiyə arasında münasibətlər çox möhkəmdir, bir sıra genişmiqyaslı birgə layihələr həyata keçirilir:”Azərbaycan xarici siyasəti ilə qürur duya bilər. Azərbaycan güclü olduğu müddətdə Türkiyə də güclüdür”.
Buna münasibət bildirən Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov bildirdi ki, Hikmət Çətin tamamilə doğru bəyanat verib. Onun sözlərinə görə, Birləşmiş Millətlər Təşkilatının (BMT) qətnamələri yerinə yetirlməlidir: “BMT dünyanın ən ali təşkilatı olaraq 90-cı illərin əvvəllərində işğal olunmuş Azərbaycan torpaqları ilə bağlı qətnamələr qəbul edib. Çox təəssüflər olsun ki, bu gün biz beynəlxalq hüququn Ermənistan tərəfindən pozulmasının illərdir davam etməsinin şahidiyik. Ermənistan kimi kiçik dövlətlər beynəlaxalq hüququ pozmaqdan çəkinmirsə o zaman digər dövlətlərdən nə gözləmək olar? Azərbaycan da dəfələrlə bəyan dib ki, torpaqlarının işğal altında qalması ərazi bütövlüyünü pozur. Azərbaycan BMT-yə üzv olarkan Qarabağ və ətraf rayonlarla birlikdə bu quruma daxil olub. Bu məsələ bir daha sübut edir ki, ermənilərin nə deməsindən asılı olmayaraq Ermənistan faktiki olaraq BMT tərəfindən tanınan Azərbaycan torpaqlarını işğal edib”.
Beynəlxalq Münasibətlər üzrə şərhçi Əziz Əlibəyli isə bildirdi ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı son 25 ildə danışıqlar formatı iflasa uğrayıb. Ekspert əlavə edib ki, qətnamə, hüquq, səsvermə, məhkəmə və bu kimi üsullarla Qarabağ azad edilmədi: “Əsrin dörddə birini Qarabağsız və işğal olunan ətraf rayonlar olmadan tamamladıq. Burda illərdir bizim istinad etdiyimiz BMT qətnamələri də vardı. Amma qətnamələrə - özü də Təhlükəsizlik Şurasının sənədlərinə hörmət edən olmadı. Üstəgəl, bu müddətdə Ermənistan sanksiyalara da məruz qalmadı. Ona görə, hörmətli Hikmət bəydən soruşmaq lazımdır ki, nəyə ümid edir? Bu problemin həll yolu münaqişəni xüsusiləşdirmək və Ermənistanla ikilikdə qalmaqdan keçir”.
Deputat, ATƏT PA-nın nümayəndə heyətinin sədr müavini Tahir Mirkişili Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yeni yanaşmadan danışıb.
O bildirib ki, ATƏT Parlament Assambleyasının Luksemburqda keçirilən 28-ci illik sessiyası “Təhlükəsizliyin təmin olunması üçün dayanıqlı inkişafın gücləndirilməsi: Parlamentlərin rolu” mövzusuna həsr olunmuşdu: “Müzakirələrdə müxtəlif məsələlərə toxunulsa da əsas müzakirələrin Siyasi İşlər və Təhlükəsizlik Komitəsində gedəcəyini hər kəs əvvəlcədən bilirdi. Çünki, məhz bu Komitənin hazırladığı qətnamə layihəsində regionda münaqişələrin həlli üçün tamamilə yeni yanaşmalar əksini tapmışdı. ATƏT Parlament Assambleyasının bütün sənədlərində mövcud münaqişələrin dayanıqlı inkişaf və insan hüquqlarının təminatı üçün əsas maneə olması xüsusilə vurğulanırdı. Belə münaqişələrdən biri kimi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi göstərilirdi. Ermənistanın diplomatik xidmətinin əvvəlcədən müxtəlif ölkələrlə apardığı aktiv danışıqlara və Ermənistan nümayəndə heyətinin ATƏT Parlament Assambleyasında etdiyi çoxsaylı çıxış və görüşlərə baxmayaraq Azərbaycan nümayəndə heyətinin, xüsusilə ATƏT PA-nın vitse-prezidenti Azay Quliyevin aktiv səyi nəticəsində siyasi komitənin qətnamə layihəsində konfliktlərin həlli üçün yeni yanaşma öz əksini tapdı.

Nə idi bu yeni yanaşma:

1. ATƏT və digər beynəlxalq təşkilatların ənənəvi yanaşmasından fəqrli olaraq ilk dəfə Azərbaycan, Ukrayna, Gürcüstan və Moldova ərazisində olan konfliktlərə EYNİ yanaşmanın tətbiq olunmasının vacibliyi sənəddə öz əksini tapdı. İndiyə qədər müxtəlif ölkə və təşkilatlar xüsusilə Dağlıq Qarabağ münaqişəsini digər münaqişələrdən ayırmaq və xüsusi yanaşma tətbiq etmək çağırışları edir və bu mövqedən çıxış edirdilər. Həttə Ermənistan nümayəndə heyəti də sənədə dəyişiklik edilərək, Azərbaycanın adının bu siyahıdan çıxarılmasını, amma Ukrayna, Gürcüstan və Moldovanın adının saxlanılmasını təklif etmişdi. Bütün bu səylərə baxmayaraq, konfliktlərə bu cür vahid yanaşmasının sənəddə öz əksini tapması mühüm hadisə oldu. Ermənistanın Azərbaycanın adını siyahıdan çıxarılmasını təklif edən dəyişiklik 41 əleyhinə, 6 leyihinə olmaqla böyük səs çoxluğu ilə rədd edildi.
2. Azərbaycan, Ukrayna, Gürcüstan və Moldova ərazilərində olan münaqişələrin suverenlik, ərazi bütövlüyü və beynəlxaql səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı prinsipi əsasında nəticə yönümlü danışıqların aparılmasına çağırış öz əksini tapdı. Bu isə Ermənistanın öz müqəddəratını təyin etmə prinsipindən sui-istifadə etməsinin qarşısını alır.
3. Sənəddə razılaşdırılmış danışıqlar formatının dəyişdirilməsinin yolverilməz olduğu birmənalı qeyd olunur. Bu da Ermənistanın son bir ildə qondarma və separatçı Dağlıq Qarabağ rejiminin danışıqlar masasına gətirilməsi cəhdinin bir daha iflasa uğraması deməkdir.

4. Sənəddə münaqişə ərazisi kimi yalnız AZƏRBAYCANIN göstərilməsi Dağlıq Qarabağ və işğal olunmuş ətraf rayonların Azərbaycan ərazisi olduğunu bir daha təsdiq edir.
5. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 4 qətnamədən sonra ATƏT PA-nın Azərbaycanda olan münaqişənin ölkəmizin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq ictimaiyyət tərəfindən tanınmış sərhədlərinin toxunulmazlığı prinsipi əsasında həll olunmasının vacibliyini rəsmən qeyd etməsi və bu müddəaların bir daha təzələnməsinin siyasi təsiri və gücü xüsusilə qeyd olunmalıdır.
6. Bu qətnamə ATƏT-in Minsk Qrupunun Dağlıq Qarabağ münaqişəsinin Helsinki Yekun Aktının prinsiplərinə uyğun- güc tətbiq etməmə, ərazi bütövlüyü və xalqların özmüqəddaratını təyin etmə hüququ əsasında həll olunma prisiplərinə bir daha aydınlıq gətirdi, münaqişənin yalnız Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq ictimaiyyət tərəfindən tanınmış sərhədlərin toxunulmazlığı prinsipi əsasında həllinə rəsmi dəstək verdi.
7. Bu maddənin qəbulu Azərbaycan diplomatiyasına beynəlxalq müstəvidə münaqişə ilə bağlı müzakirə aparılan və müvafiq sənəd qəbul olunan zaman haqlı mövqeyimizi qorumaq və müdafiə etmək üçün daha bir sanballı və ciddi hüquqi və siyasi əsas yaratmış oldu. Bu qətnamə ATƏT PA-nın siyasi məsələlər və təhlükəsizlik komitəsinin hazırladığı və qəbul etdiyi sənəd olduğundan onun çox böyük siyasi əhəmiyyəti var.
Xatırladım ki, ATƏT Parlament Assambleyasının Prosedur Qaydalarının 7-ci hissəsinin 42-ci qaydasına görə qəbul olunmuş bu mühüm sənəd ATƏT-in Nazirlər Şurasına təqdim edilir və eyni yanaşmadan danışıqlarda istifadə üçün tövsiyyə edilir. Bu baxımdan qəbul edilmiş qətnamə layihəsinin Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın maraqları çərçivəsində həlli üçün yeni diplomatik nailiyyətdir.
Dağlıq Qarabağ və işğal olunmuş rayonların ATƏT Parlament Assambleyası iclaslarında intensiv müzakirəsi həm də üzv ölkələrin nümayəndə heyətlərinin Azərbaycan həqiqətlərinin daha çox qəbul etmələrinə səbəb oldu”.

Əli