“Paşinyan və separatçılar da yaxşı başa düşürlər ki...” Layihə

“Paşinyan və separatçılar da yaxşı başa düşürlər ki...”

Elçin Mirzəbəyli: “Gərginlik artarsa, bunun qarşılığında hərbi əməliyyatların başlaması üçün çox ciddi əsas yarana bilər”

Qarabağ probleminin həlli istiqəmətində ciddi irəliləyişlərə nail olunmasa da, diqqət çəkən məqamlar yox deyil. Bunlardan biri son günlər cəbhə xəttində nisbi sakitliyin hökm sürməsidir. Bundan başqa Ermənistanla Rusiya münasibətlərində soyuqluq davam edir və daha da pisləşməsi ehtimal olunur. Bu, Ermənistanın Qərblə münasibətindəki problemlərlə müşahidə olunur. Eyni zamanda, Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərdə canlanma var. Donald Tuskun Bakıya səfəri də bu qəbildəndir. Bütün bu hadisələrin danışıqlar prosesinə hansı formada təsir edəcəyi maraq doğurur...
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini, analitik Elçin Mirzəbəyli bildirib ki, bu günə qədərki dövrlərdə cəbhə xəttində nisbi sakitlik fasilələrlə olub: “İndiki dövrdə baş verən nisbi sakitlik ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfəri və münaqişə tərəfləri arasında aparılan danışıqlarla bağlıdır”.
Politoloq işğalçı tərəfin müxtəlif dövrlərdə cəbhə xəttində Azərbaycanın mövqelərinə qarşı əl atdığı təxribatlara da toxunub: “Adətən, Ermənistan tərəfi təxribatlara yol açırdı və Azərbaycan tərəfi bu təxribatlara cavab verirdi. Ermənistan rəhbərliyinin atəşkəslə bağlı verdiyi bəyanatlara baxmayaraq, müəyyən zaman kəsiyində Azərbaycan ərazilərinin atəşə tutulması intensivləşirdi. Bunun qarşılığında Ermənistan ciddi cavab zərbəsi aldı ki, bu da erməni cəmiyyətində gərginliyə səbəb oldu. Bu baxımdan, düşünürəm ki, nisbi sakitliyin əsas səbəbi Ermənistanın təxribatlarının qarşısının ciddi şəkildə alınması barədə Azərbaycanın verdiyi mesajdır. Bu da məsələdə önəmli faktorlardan biridir. Bəllidir ki, Ermənistan atəşkəsi pozmağa cəhd edərsə və cəbhə xəttində gərginlik yaradarsa, bu, kifayət qədər ağır nəticələrə yol aça bilər.
Digər faktor, Dağlıq Qarabağdakı separatçı rejim və Paşinyan hakimiyyəti arasındakı ziddiyyətlərin dərinləşməməsi üçün aparılan müzakirələrdir. Bu sırada Ermənistan xarici işlər naziri Zohrab Mnatsakanyanın işğal altında olan Azərbaycan ərazilərinə səfərini və separatçılarla görüşünü xüsusi olaraq qeyd etmək lazımdır. Görünür, daxili razılaşma əldə etmək üçün müəyyən addımlar atılır, bu faktor da nisbi sakitliyin baş verməsində müəyyən rol oynaya bilər”.
Elçin Mirzəbəyli nisbi sakitlikdəki əsas faktorun güclə bağlı olduğuna diqqət çəkib və bunu Azərbaycan ordusunun işğalçı üzərindəki üstünlüyü ilə izah edib: “Şübhəsiz ki, əsas amil güc faktoru ilə əlaqədardır. Nikol Paşinyan və separatçılar da yaxşı başa düşürlər ki, gərginlik artarsa, bunun qarşılığında hərbi əməliyyatların başlaması üçün çox ciddi əsas yarana bilər. Bu gün regionda da vəziyyət kifayət qədər həssasdır. İran ətrafında gedən proseslər də Ermənistanın mövqeyinə təsir göstərə bilər. Çünki hansısa bir gərginlik Ermənistanı hadisələrin episentrinə ata bilər. Bbu ölkə isə özünü qorumaq gücündə deyil.
Hər halda faktorlar çoxdur, amma mən bu prosesin uzunmüddətli olmayacağını düşünürəm. Çünki son illərdə cəbhə xəttindəki vəziyyətin kifayət qədər dəyişkən olduğunu dəfələrlə görümüşük. Gah nisbi sakitliyin hökm sürdüyünün, gah da təxribatların baş verdiyinin şahidi olmuşuq. İndiki şəraitdə isə atəşkəsin pozulması və vəziyyətin gərginləşməsi üçün zəmin yoxdur”.
Politoloqun sözlərinə görə, adətən, Ermənistan tərəfi bu faktorlardan danışıqlar prosesinin intensivləşdiyi dövrlərdə istifadə edir ki, danışıqlara üstün tərəf kimi getmək imkanı qazansın “Yəni, Ermənistan ona çalışır ki, əsas müzakirə regionda təhlükəsizliyin təmin olunması və gərginliyin azaldılması olsun. İndiki şəraitdə də danışıqlar prosesi səngiyib. Düşünürəm ki, danışıqlar prosesi intensivləşsə, işğalçı tərəfin buna bu və digər formada reaksiyasının şahidi olacağıq”.
Politoloq Mübariz Əhmədoğlu isə Ermənistanla Rusiya arasındakı münasibətlərdən danışıb. O, diqqətə çatdırıb ki, Rusiyanın Ermənistana münasibətində neqativ fon yüksəlir: “Ermənistanın atdığı addımlara qarşı Rusiya adekvat münasibət nümayiş etdirir. Qazın qiyməti ilə bağlı baş verənlər bunun ən əyani sübutudur”.
Politoloq vurğulayıb ki, Rusiya Dəmir Yolları İdarəsinin rəis müavini A.Mişarin İrəvandan əliboş qayıtdıqdan sonra Rusiya qazın qiymətini daha 10 faiz artıracağı barədə məlumat sızdırdı: "Az keçmiş arxa layda nə baş verdisə Rusiya qazın qiymətini 200 dollara qaldıracağı ilə bağlı məlumatı mətbuata ötürdü. Bir az ondan öncə Ermənistan parlamentinin spikeri, Ermənistanda "məxməri inqilab"ın liderlərindən biri, "Soros"un Ermənistan üzrə rəhbərlərindən olan Ararat Mirzoyan Parlamentlərarası Assambleyanın tədbirində iştirak etmək məqsədilə Moskvada oldu. Rusiyada hətta adicə deputat A.Mirzoyanla görüşmədi. Ən azı son bir neçə gündə baş vermiş bu 2 fakt Rusiyanın Ermənistana qarşı çox əsəbi olduğunun göstəricisidir. Rusiya həm də Ermənistanın atdığı addımlara qarşı cavab vermək fikrindədir. Qazın qiymətini artırmaqla bağlı məlumata Paşinyan hökuməti "Qazprom-Armeniya"nı 20,8 min dollar cərimələməklə reaksiya verdi".
M.Əhmədoğlu əlavə edib ki, Ermənistan Rusiya ilə əlaqəli problemlərin həllini digər dövlətlərdə axtarmağa başlayıb: "Rusiya Ermənistanın atacağı bütün addımları bilir və atdığı addımlara da artıq reaksiya verir. Ermənistanın Rusiya ilə münasibətlərinə yeni yanaşma tətbiq etməsi bəlkə vəziyyəti dəyişdi. Əgər Ermənistan Rusiyanın strateji müttəfiqidirsə, o zaman rəsmi İrəvan Rusiyanın Ermənistana doğru yaxınlaşmasına, kommunikasiyaların 100 faiz açılmasına çalışmalıdır, səyləri bu istiqamətdə olmalıdır. Başqa variantı yoxdur. Ermənistanla Rusiyanın kommunikasiyası 100 faiz olmayacaqsa, o zaman Rusiya yəqin ki, Kalininqrad variantını seçəcəkdir. Ermənistan Rusiya istiqamətində indikindən tam fərqli siyasət aparmalıdır. N.Paşinyanın Rusiya istiqamətində siyasətinin əks-effekti göz qabağındadır. Prezident Vladimir Putinin ünvanına dediyi difiramblar nəinki doğrultmur, əksinə qıcıq yaradır".
Qlobal Araşdırmalar Liqasi İstimai Birliyinin sədri Azər Verdiyev deyib ki, son illərdə Azərbaycanla Avropa ¬İttifaqı arasında sıx əməkdaşlıq yaranıb: “Enerji təhlükəsizliyi, nəqliyyat sektoru ilə bağlı əlaqələr daha yüksək səviyyədədir. Azərbaycan Avropa İttifaqına üzv olan bir neçə ölkə ilə ¬strateji tərəfdaşlığa dair sənədlər imzalayıb. Bu günlərdə Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun Bakıya səfəri və Azərbaycan Prezidenti İlham Əliyevlə görüşləri zamanı bu əməkdaşlığı daha da möhkəmləndirməklə bağlı məsələlər müzakirə edildi". O, qeyd edib ki, Donald Tuskun Bakı səfəri zamanı Aİ ilə Azərbaycan arasında imzalanacaq yeni saziş ətrafında davam edən danışıqlara toxunuldu: "Prezident İlham Əliyev danışıqların uğurla davam etdiyini bildirdi. "Bir çox məsələlər artıq öz həllini tapıb. Hazırda biz yaxşı tərəfdaşlıq ruhunda digər məsələlər üzərində iş aparırıq. Ötən il Avropa Komissiyası ilə Azərbaycan arasında tərəfdaşlıq prioritetləri sənədi qəbul olundu. Bu, çox mühüm sənəddir. Burada Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığına dəstək ifadə olunur".
Azər Verdiyev onu da qeyd edib ki, Azərbaycan Prezidentinin Tuskla görüşündə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi də çox ətraflı müzakirə olunub: "Dövlət başçımız bununla bağlı deyib ki, Avropa İttifaqı rəsmisinə problemin həlli üzrə Azərbaycanın mövqeyini çatdırıb: "Bizim qəti mövqeyimiz ondan ibarətdir ki, münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Səylərimiz münaqişənin ən tez zamanda həllinə yönəlib. Münaqişənin indiyədək həll olunmamasının əsas səbəbi Ermənistanın qeyri-konstruktiv mövqeyidir. Qeyd etməliyəm ki, beynəlxalq ictimaiyyətin və ATƏT-in Minsk qrupunun səyləri münaqişənin ən tez zamanda həllinə yönəlməlidir. Status-kvo qəbuledilməzdir və dəyişməlidir. Status-kvonun dəyişməsi Azərbaycan ərazilərinin işğaldan azad edilməsinin başlanması deməkdir", -- deyə Prezident İlham Əliyev bildirib. Diqqətimizi cəlb edən məsələlərdən biri də cənab Tuskun ölkəmizin mövqeyini dəstəkləməsidir. O qeyd etdi ki, Avropa İttifaqı Azərbaycanın suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləyir. Avropa İttifaqı və Azərbaycan hər il bir-birinə yaxınlaşır. 2018-ci ildə tərəfdaşlıq üzrə prioritetlər müəyyən edilib. Ümumi Aviasiya Məkanı üzrə Saziş və yeni Aİ-Azərbaycan sazişi üzrə danışıqlar yekunlaşmaq üzrədir: "Regionda sabitliyə istinad edərək biz həmçinin həll olunmamış Dağlıq Qarabağ münaqişəsini də müzakirə etdik. Bu münaqişə hərbi yolla yox, yalnız beynəlxalq hüququn prinsipləri əsasında siyasi yolla öz həllini tapmalıdır. Avropa İttifaqı Minsk qrupu həmsədrlərinin səylərini və Helsinki Yekun Aktının əsas prinsipləri əsasında diqqətin münaqişənin ədalətli və davamlı həllinə yönəlməsini tamamilə dəstəkləyir. Avropa İttifaqı artıq sülhün qurulmasına yönəlmiş fəaliyyətləri dəstəkləyir və xalqları sülhə hazırlamaq üçün konkret tədbirlərlə kömək etməyə hazırdır".
Politoloqun sözlərinə görə, istər Avropa İttifaqının, istərsə də digər beynəlxalq təşkilatların Azərbaycanın mövqeyini dəstəkləməsi ölkəmiz üçün mühüm hadisədir və bu, Prezident İlham Əliyevin uzun və inadlı səylərinin, uğurlu xarici siyasətinin nəticəsidir: "Biz, Azərbaycan vətəndaşları, əminik ki, cənab Prezidentin həyata keçirdiyi çoxvektorlu xarici siyasət Azərbaycanın ərazi bütövlüyünün təmin olunması ilə nəticələnəcək".
Azərbaycan və Transatlantik münasibətlər üzrə amerikalı ekspert Piter bildirib ki, Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalı dərhal dayandırılmalıdır. Ekspert qeyd edib ki, Azərbaycan Dağlıq Qarabağda silahlı münaqişənin həlli istiqamətində çox ehtiyatlı, praqmatik və ardıcıldır: "Dağlıq Qarabağ Azərbaycanın suveren ərazisidir. Tarixi mənbələr və arxeoloji tapıntılar onu göstərir ki, bu region Azərbaycan millətinin və iqtisadiyyatının ürəyi hesab olunur. Bu münaqişə bütün Avropa, Mərkəzi Asiya və Yaxın Şərqdə təhlükəsizlik üçün ciddi fəsadlar törədə bilər".
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesinin təşviqi üçün zəruri olan addımlara gəldikdə isə P.Teys hesab edir ki, ilk növbədə Ermənistan qoşunları işğal olunmuş ərazilərdən çıxarılmalı və doğma yurdlarını tərk etmiş azərbaycanlı icmasının qayıtması üçün lazımi şərait yaradılmalıdır: "Bu iki şərt günahsız azərbaycanlıların qanının axmasına səbəb olmuş 30 illik silahlı münaqişənin sülh yolu ilə nizamlanmasını təmin edəcək".
Ekspert xatırladıb ki, 2018-ci ilin sentyabrında Düşənbədə MDB sammiti çərçivəsində Azərbaycan və Ermənistan liderlərinin ikitərəfli görüşü baş tutub: "Düşənbə razılaşması son səkkiz ay ərzində Ermənistan qoşunlarının azərbaycanlı dinc sakinlərə və əsgərlərə qarşı silahlı təxribatları səbəbi ilə dəfələrlə pozulub. Avropa İttifaqı (Aİ) və ABŞ Azərbaycanın işğal olunmuş ərazilərində cəzasız hərəkət edən Ermənistan qoşunlarının təcavüzkar fəaliyyətini aktiv şəkildə pisləməlidir. Misli olmayan susqunluq Azərbaycanın dinc sakinlərinə və hərbi postlarına atılan erməni güllələri kimi bir bəladır".

Əli