“Paşinyan ABŞ-ın İrana qoyduğu sanksiyalara ölkəsinin qoşulmasını istəmir” Layihə

“Paşinyan ABŞ-ın İrana qoyduğu sanksiyalara ölkəsinin qoşulmasını istəmir”

Son günlər diqqət çəkən məqamlardan biri rəsmi İrəvanın yüksək ranqlı məmurlarının Vaşinqtona intensiv səfərləri ilə bağlıdır. “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib ki, bu həftə Ermənistanda bir yetkili qalmayacaq, hamısı Amerikada olacaq. Politoloqun sözlərinə görə, Ermənistan xarici işlər naziri Zöhrab Mnasakanyan iyulun 18-də Vaşinqtonda "Dini azadlıqlar" konfransında iştirak edəcək: "Ermənistan parlamentinin sədri Ararat Mirzoyan isə artıq Amerikadadır. O, Vaşinqtonla yanaşı Nyu-York və Bostnda işgüzar görüşlər keçirəcək. Bu son deyil. Ermənistan baş nazirinin müavini Tiqran Avinyan da Amerikaya yola düşür. O da Nyu-Yorkda hansısa konfransda iştirak edəcək. Bir sözlə, Ermənistanın baş naziri Nikol Paşinyan Amerikaya əməlli-başlı siyasi desant göndərib. Paşinyan Amerikadan pul qopara bilməsə də, siyasi dəstəyə hələ də ümidlidir".
ABŞ-da "Atlantik Şura"da çıxışı zamanı Ermənistan Milli Məclisinin sədri Ararat Mirzoyan "biz istəyirik ki, Birləşmiş Ştatlar İrana qarşı tətbiq etdiyi sanksiyalarla bağlı Ermənistana təzyiq göstərməsin. Ermənistan bunun altından çıxa bilməz", - deyə qeyd edib.
O, vurğulayıb ki, Birləşmiş Ştatlar və İran arasında mövcud gərginlik Ermənistan iqtisadiyyatına mənfi təsir edir.
Politoloq Kənan Paşayev “Xalq Cəbhəsi”nə bildirdi ki, erməni nazirlərin və parlament sədrinin Amerika səfərləri birbaşa Nikol Paşinyanın göstərişidir.: “Paşinyan bu səfərlərdən 3 əsas məqsəd güdür. Birincisi, Ermənistanda demokratiya quruculuğu adı ilə Amerikadan maliyyə yardımı almaq istəyir. İkincisi maliyyə dəstəyi ala bilməsə belə hazırki vəziyyətdə Amerikanın siyasi dəstəyinə çox ehtiyacı var. Üçüncüsü isə, İrana tətbiq edilən sanksiyalarla bağlı öz xahişini Amerika rəhbərliyinə çatdırmaq niyyətindədir. Belə ki, Paşinyan ABŞ-ın İrana qoyduğu sanksiyalara Ermənistanın qoşulmamasını istəyir. İrandan ən çox enerji alan ölkələrdən biri də Ermənistandır. Ermənistanın hazırda enerji ehtiyatları əldə edə biləcəyi yeganə ölkə də İrandır. Yəni İrana tətbiq edilən sanksiyaların Ermənistana da təsiri böyük olacaq”.
Politoloq Mübariz Əhmədoğlu isə ABŞ konqresmenlərinin Dağlıq Qarabağ mövzusunda aktivliyini şərh edib. O, diqqətə çatdırıb ki, ümumiyyətlə ABŞ konqresmenləri ermənilərin təklifi ilə 2 qətnamə qəbul ediblər: “ABŞ konqresmenlərinin “erməni soyqırımı”nın tanınmasında uğursuz cəhdlərindən sonra Dağlıq Qarabağ mövzusunda belə aktivlik bir sıra prizmalardan izah oluna bilər. Onlar “erməni soyqırımının” tanınmasında əgər ciddi bir şey əldə edə bilməyiblərsə, Dağlıq Qarabağ münaqişəsində də ciddi dəyişiklik yarada bilməyəcəklər. Başqa sözlə, Dağlıq Qarabağ mövzusunda da ermənilərin maraqlarını təmin edə bilməyəcəklər". Politoloq bildirib ki, ABŞ konqresinin Dağlıq Qarabağ mövzusundakı qətnamələri qərəzlilik, savadsızlıq və məlumatsızlıqdan irəli gələn cəfəng iddialarla xarakterizə olunur: "Guya Azərbaycan təkcə Ermənistanı deyil, Gürcüstanı da blokadaya alıb. Bu gün və o zaman da bəlli idi ki, Azərbaycanın Gürcüstanı blokadaya alması öz-özünü blokadaya alması anlamındadır.
Guya azərbaycanlılar Dağlıq Qarabağda təkcə erməniləri deyil, yəhudiləri də qırırlar. O zaman bu tezisin müəllifi olan konqresmenlər sonradan bircə nəfər də yəhudinin Azərbaycan hərbçisi tərəfdən öldürülməsi ilə bağlı faktlara rast gəlmədilər. Çünki Dağlıq Qarabağda yəhudi yaşamayıb. Dağlıq Qarabağ münaqişəsində yəhudilər öldü, amma bu Azərbaycan Respublikasının vətəndaşı olan yəhudilərin Azərbaycan torpağı uğrunda apardığı mübarizə nəticəsində olub. Başqa sözlə, ermənilər Azərbaycan Respublikasının vətəndaşı olan yəhudiləri öldürüblər.
“Azadlığa dəstək aktına” 907 -ci əlavə də konqresin ABŞ-ın milli maraqlarını inkar etməsinin nümunəsidir. Həm Klinton , həm də Buş administrasiyaları bu düzəlişin kəskin əleyhinə idilər. İlk mkan düşən kimi Ağ ev bu düzəlişin təsirini dayandırdı.
ABŞ prezidenti Trampın Dağlıq Qarabağ tənzimlənməsində mövqeyi bəllidir. Belə olan halda konqresmenlərin məlumatsızlığı təkcə siyasi qərəzin hesabına deyil. ABŞ konqresmenləri bilirlər ki, SSRİ-i dağılarkən keçmiş sovet respublikaları “uti posidises” proseduru ilə BMT-yə üzv qəbul edildilər. Yəni Dağlıq Qarabağ SSRİ vaxtı Azərbaycan SSR-nin tərkib hissəsi idi, o avtomatik olaraq müstəqil Azərbaycan Respublikasının tərkib hissəsidir. BMT başqa variant ortalığa qoymayıb.
Paşinyanın hakimiyyətə gəlməsindən istifadə edərək konqresmenlər də öz şəxsi maraqlarını təmin etmək üçün erməni təşkilatlarının təkliflərinə dəstək verdilər. Konqresmenlər unutdular ki, ABŞ prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton regionda olarkən ABŞ-dan silah almağı təklif etdi.
Frenk Pallone və yaxud digər konqresmenlər bunu bilmirlərsə demək savadsızdırlar. Savadsızdırlarsa konqresin adına, fəaliyyətinə ləkə gətirirlər.
Yox əgər bilə-bilə Dağlıq Qarabağa səfərlərə qoyulan maneələri aradan qaldırmağı tələb edirlərsə, demək artıq özlərinin şəxsi maraqlarını ABŞ-ın dövlət marağından üstün tuturlar.
Azərbaycan heç vaxt Dağlıq Qarabağa edilən səfərlərə qadağa qoymayıb. Azərbaycan Dağlıq Qarabağa edilən səfərlərin rəsmi Bakının icazəsi ilə və yaratdığı şərait əsasında baş tutmasına çalışır. Rəsmi Bakı beynəlxalq hüququ müdafiə edir. Hər halda Frenk Pallone və digər konqresmenlərin atdığı addımlar sonda ABŞ konqresinin nüfuzdan düşməsinə səbəb olacaq".
Onu da əlavə edək ki, Ermənistanın narahatlığı təkcə ABŞ-la bağlı deyil. Onlar digər həmsədr dövlət Rusiya ilə bağlı da narahatlıq keçirirlər.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) "Müşahidəçilərin statusu və təşkilatda təmsilçi ölkələrin səlahiyyətlərinin dəqiqləşdirilməsi haqqında" qanun layihələrini ratifikasiya üçün Dövlət Dumasına təqdim edib. Bundan başqa, Rusiya parlamentinə ratifikasiya üçün təqdim edilən üçüncü protokoldakı bəndə əsasən, KTMT-nin məqsəd və prinsiplərini bölüşən, təşkilatla qarşılıqlı faydalı münasibətləri inkişaf etdirməyə hazır olan dövlət və təşkilatlar KTMT üzrə tərəfdaş statusu ala biləcək. Cebhe.infonun məlumatına görə, Putinin təşəbbüsü ilə Dövlət Dumasının gündəliyinə çıxarılan, 7 oktyabr 2002-ci il tarixli KTMT-nin hüquqi statusu haqqında sazişə dəyişikliklərin edilməsi barədə ikinci və üçüncü protokol 8 noyabr 2018-ci ildə KTMT Şurasının Astanada keçirilən növbəti iclası çərçivəsində imzalanıb.
“1in.am” saytının yazdığına görə, erməni ekspertlərdən çoxu bu təşəbbüsdə ciddi gizli məna görür, hətta onun Ermənistanın maraqlarına risk daşıdığını hesab edir. Onların sözlərinə görə, əsas məqsəd Azərbaycanın KTMT, ümumiyyətlə, “Avrasiya” inteqrasiya strukturlarına yolunu açmaqdır. Saytın analitikinin fikrincə, Putin Rusiya ilə isti münasibətdə olan Türkiyənin də “yolunu təmizləməyə” çalışır. Digər analitiklər qeyd edirlər ki, Moskvanın növbəti hədəfi Moldovadır. Belə ki, son illər burada rusyönlü və qərbyönlü qüvvələr hakimiyyət uğrunda amansız mübarizə aparır.
Amma rusiyalı analitiklər məsələyə başqa tərəfdən yanaşırlar. Onların fikrincə, Ermənistanın narahat olmağa heç bir əsası yoxdur, çünki belə məsələlərdə veto hüququ var.
Məsələn, Moskva Siyasi və Hərbi Təhlil İnstitutunun direktor müavini Aleksandr Xramçixin qeyd edib ki, müzakirə aparmağa səbəb görmür, KTMT üzvlüyü formallıqdırsa, onda müşahidəçi və ya tərəfdaş statusu ilə bağlı məsələyə əhəmiyyət vermək lazım deyil.
Xramçix sayta açıqlamasında bildirib: “Başa düşə bilmirəm, nədən qorxurlar?! Özü də KTMT-ə üzv olan hər bir ölkənin veto hüququ var. Hamı çox gözəl anlayır ki, Ermənistan istənilən halda hər bir qərara veto qoyacaq, çünki o, tamhüquqlu üzvdür. Hər şey göz qabağındadır”.
Rusiyanın Cənubi Qafqaz ölkələrini yenidən ümumi siyasi, iqtisadi sistemə, həmçinin təhlükəsizlik sisteminə inteqrasiya etməyə çalışdığını, ya da ən azından bununla bağlı uzunmüddətli məqsəd güddüyünü söyləyənlər də çox olub. Dolayısıyla, bu, kompleks tapşırıq və prosesdir. Çünki onu regional problemləri həll etmədən, xüsusilə Ermənistan-Azərbaycan münasibətlərini tənzimləmədən həyata keçirmək mümkün deyil. Dağlıq Qarabağ məsələsində Ermənistanın maraqlarına mümkün təhlükələr də buradan aydın görünür.
Başqa sözlə, Bakı dəfələrlə bildirib ki, Moskva Dağlıq Qarabağ məsələsində Azərbaycana yardım etsə, Azərbaycan öz növbəsində “Avrasiya” inteqrasiyası barədə ciddi düşünə bilər. Lakin hərbi analitik Aleksandr Xramçixin Ermənistanın iştirakı olmadan Moskva və Bakı arasında sazişin ola biləcəyini təsəvvür etmir. “Məncə, bu cür senarilər fantastika janrına aiddir”, - deyə o əlavə edib.
Politoloq Cümşüd Nuriyev isə deyib ki, Azərbaycan ordusu güclüdür, öz mövqeyindən dönmür və Azərbaycanın Ali Baş Komandanı Azərbaycanın ərazi bütövlüyünü prioritet kimi irəli sürür: “Təbii ki, işğalçı ölkədə bunu görür. Azərbaycan Prezident hər zaman qeyd edib ki, “Biz ikinci bir erməni dövlətinin yaranmasına şərait yaratmayacayıq”. Bütün bunlar Ermənistan baş naziri Nikol Paşinyanı qorxudur. Çünki Paşinyan hakimiyyətə gəlməmişdən öncə bəyan etmişdi ki, Qarabağ məsələsini Ermənistanın xeyrinə həll edəcək"..
"Amma Paşinyan hakimiyyətə gələndən sonra gördü ki, heç də bunun küçələrdə danışdığı ilə reallıq üst-üstə düşmür. Ona görə də Ermənistan son zamanlar cəbhə xəttində təxribatlara əl atmağa başlayıb. Onlar həm dünyanın müxtəlif yerlərində olan lobbiləri vasitəsilə Azərbaycan dövlətini, Prezidentimizi şərləmək yolunu tuturlar, həm də Azərbaycan xalqına qarşı bu cür məsələlərdə ciddi fəallıq göstərirlər. Azərbaycanda şəhidlərin verilməsi isə heç də təsadüfi deyil. Çünki Ermənistanda gərginlik pik həddindədir. Mən Ermənistandan başqa təxribatlar da gözləyirəm. Onlar Azərbaycanı çox qarışdırmağa çalışırlar və hələlik buna nail ola bilmirlər. Nail ola bilmədiklərinə görə də onlar daha da azğınlaşırlar və quduzlaşırlar. Əslində bu Ermənistanda baş verən istefalar silsiləsindən sonra Paşinyanın aqoniyasıdır. Paşinyan özü də bilmir ki, necə etsin ki, bu vəziyyətdən çıxsın. Həm “Qarabağ klanı” ilə qarşıdurmalar, həm Paşinyan Rusiya qarşıdurması, həm Paşinyanın Avropaya yaxınlaşmaq istəyinin kifayət qədər uğurlu olmaması, həm də Azərbaycan Prezidentinin yürütdüyü siyasət və s. hamısı Paşinyanı kifayət qədər gərginliyə salıb"-deyə, C.Nuriyev fikrini tamamlayıb.

Əli