İrəvan Nadir şahın dövründə Layihə

İrəvan Nadir şahın dövründə

4-cü yazı

Tanınmış tarixçi-alim Səməd Sərdariniyanın “İrəvan müsəlman sakinli vilayət olmuşdur” kitabında tarixi sənədlər əsasında bir çox faktlar verilib. Adıçəkilən kitabda İrəvan xanlığının və onun ətraf əyalətlərinin tarixən azərbaycanlılara məxsus olması təkzibolunmaz faktlar əsasında şərh olunur. Kitabda bildirilir ki, İrəvan Nadir şah Əfşar dövründə hicri-qəməri 1135-ci ildə, yəni Mahmud Əfqan İsfahana yaxınlaşdığı günlərdə dövlət adamları vəliəhd Təhmasib Mirzəni atasına kömək üçün Qəzvinə göndərdilər. O, ordu toplayıb əfqanlarla döyüşə girişməli idi. Təhmasib Mirzə də əvvəlcə Qacarqəvanlu əyalətinin hakimi Fətəli xanı sarayın səlahiyyətli nümayəndəsi və əmirlər əmiri təyin etdi. Bu zaman Nadirin qəhrəmanlıqları barədə məlumat alan vəliəhd ona ittifaq təklif etdi. Nadir də onun yanına gələrək “Təhmasibqulu xan” ləqəbini qəbul etdiyini bəyan etdi.
Təhmasibqulu xan hicri-qəməri tarixi ilə 1143-cü ilin məhərrəm ayının birində öz qoşunu ilə Azərbaycana daxil olaraq Savucbulağı, Marağanı, Dehxarqanı azad etdi. Məhərrəm ayının 27-də isə o, Təbrizə daxil oldu və sonra İrəvanı mühasirəyə almağa yollandı. Ancaq burada olarkən əfqanların Məşhədə hücum etməsi xəbərini eşitdi. Buna görə də Osmanlılarla məsələni yarımçıq qoyub, dərhal Təhmasibin Məşhəddə hakimlik edən 12 yaşlı oğlu Rzaqulu Mirzənin köməyinə tələsdi.
Nadirin Şərqə yürüşündən sonra Şah Təhmasib ona tam arxayın olaraq özü 18 minlik ordu ilə Səfəvilər dövlətinin qərb torpaqlarının azadlığı uğrunda mübarizəyə başladı. O, hicri-qəməri tarixi ilə 1143-cü ilin cəmadiül-əvvəl ayında İsfahandan Təbrizə gəldi. Sonra İrəvana yönələrək, şəhərin yaxınlığında Osmanlılara ağır zərbə endirdi. Təkcə bir döyüşdə osmanlıların 9 minə yaxın döyüşçüsünü sıradan çıxarıb. İrəvanı Məhəmməd Kazım Mərvi yazır: "Marağa və Təbriz ətrafındakı məntəqələri mübarək qədəmləri ilə şərəfləndirən hökmdar arxada qalan qazilərin və igidlərin gəlib onlara yetişməsi üçün çadır qurub bir neçə gün gözləməyi əmr etdi. Bu zaman Təbriz, Marağa, Urmiyadan başqa, Azərbaycanın İrəvan, Gəncə, Şirvan kimi şəhərləri də Osmanlıların əlində idi. Buna görə də hökmdar əvvəlcə İrəvana gedib Çuxursəd əyalətini işğal altında saxlayan Əli paşa Həkim oğlunu cəzalandırmaq, İrəvandakı qalaları azad etmək, sonra digər Azərbaycan şəhərlərinə yollanmaq fikrində idi.
...Səhəri gün padşah Əfrasiyaba bənzər əmirlərlə birgə hərəkətə keçib, qalanın dövrəsinə yetişdi və ətrafı seyr etməyə başladı. Qalanın möhkəmliyinə və dözümlülüyünə söz ola bilməzdi".
"Osmanlılar şahı çaşdırmaq üçün İrəvan qoşunlarının başçısı Əli paşanı və Bağdad hakimi Əhməd paşanı həmin dövrdə yiyəsiz qalmış İraqi-əcəmi işğal etməyə göndərdilər. Buna görə də Şah Təhmasib özünü dərhal Həmədana çatdırdı və Kürdxan kəndində Osmanlı qoşunu ilə üz-üzə gəldi. Əhməd paşa bir müddət şahın başını sülh danışıqları ilə qataraq, qəflətən Səfəvi ordusuna hücum etdi. Şah Təhmasib və sərkərdə Məhəmməd xan Bəluc ağır itkilərə məruz qaldılar. Əhməd paşa Kirmanşahı və Həmədanı, Əli paşa isə Marağa və Təbrizi ələ keçirdi. Şah Təhmasib İsfahana qayıtmalı oldu.
Ancaq Əhməd paşa Nadirdən çox qorxurdu və buna görə dərhal sülh danışıqlarına başladı. Bağdadda imzalanan həmin sülh müqaviləsinə görə, Şah Təhmasib Təbrizi, Ordulanı, Loristanı, Kirmanşahı saxlamaq şərti ilə, Arazın sol sahilini, yəni Gəncəni, Tiflisi, İrəvanı, Naxçıvanı, Dağıstanı Osmanlılara güzəştə gedirdi.
...Bu zaman Herat cəbhəsində də müharibə gedirdi. Müəyyərülməmalik Şah Təhmasiblə Əhməd paşa arasında bağlanmış müqaviləni imzalamaq üçün Nadirə gətirdi. Təhmasibqulu xan bərk qəzəbləndi və müqaviləni imzalamaqdan imtina etdi. O, Osmanlı səfiri vasitəsilə Əli paşaya belə bir ultimatum göndərdi: “Ya Səfəvi dövlətinin bütün vilayətlərini qaytar, ya da müharibəyə hazırlaş”. Özü isə Heratı azad edəndən sonra Bağdada yola düşdü.
Nadir əfqanlara qarşı döyüşdüyü müddətdə Osmanlı əsgərləri İrəvanın dörd qalasını, Gəncəni, Qarsı, Tiflisi işğal etmişdilər. Nadir bu dörd qalanı azad etmədən öncə Osmanlı əskərlərini həmin ərazilərdən qovub çıxara bilməzdi. O, qalaların mühasirəsi ilə məşğul olduğu vaxt Abdullah paşa Səfəvi ordusuna hücum etmək üçün 7 min süvari və 50 min piyada qoşunla İrəvan yaxınlığına gəldi. Tərəflər Bağavurd düzənliyində (bəzən tarixçilər Murad təpəsi də yazırlar) üz-üzə dayandılar. Təhmasibqulu xan hicri-qəməri tarixi ilə 1148-ci ilin məhərrəm ayının 26-da Osmanlı qoşununa ağır zərbə endirdi. Abdullah paşanın və Diyarbəkr paşasının komandanlığındakı olan ordu 5 min döyüşçü itirdi. Bu qələbədən sonra Gəncə və Tiflis təslim olsa da, İrəvan və Qars müqavimət göstərməkdə davam edirdi”.
Osmanlı böyükləri Bağdad valisi Əhməd paşaya Təhmasibqulu xanla sülh müqaviləsi bağlamağı əmr etdilər. Əhməd paşa Qarsın Osmanlıların əlində qalması şərti ilə İrəvanı qaytarmağa hazır olduğunu bildirdi. Beləliklə, hicri-qəməri tarixi ilə 1148-ci ilin əvvəllə- rində Osmanlılarla Nadir arasında (Nadir tərəfindən Babaəli məsul olmaqla) sülh müqaviləsi imzalandı. Beləliklə, Səfəvilər dövlətinin qərb və şimali-qərb vilayətləri geri alındı.
Məhəmməd Kazım Mərvi yazır: "Amma xoşbəxt ulduzlu naib o qələbədən sonra İrəvan istiqamətinə yollanmağı lazım bildi və yol tədarükünə başladı. Köç köç dalınca İrəvana yola düşdü. Nadir o yerlərdəki yaylaqda şah çadırı qurub, qeybdən xoş səda gözlədi.
Bu xəbəri eşidən İrəvan hakimi Həsən paşa 30 min süvari ilə döyüşə hazırlaşdı. Xoşbəxt ulduz sahibi rumluların cəsarətini və şücaətini görən kimi təcrübəli əmirlərə - Əliqulu bəyə, əmir Aslan xana, İmamverdi xan Qoroğluya göstəriş verdi ki, onları dəf etsinlər.
Fərman sahibi döyüşün gedişində öz qazilərini də həmin süvarilərin üstünə yönəltdi. Döyüş şiddətləndi. Savaşda sonsuz çətinliklər olsa da, ilahinin lütf nəsimi Nadirin bayrağının üstünə əsdi və düşmənlər İrəvana tərəf qaçmağa başladılar... Xoşbəxt ulduz sahibi onların malını və döyüş qənimətlərini qazilərə bağışlayıb, görkəmli sərkərdələrini mükafatlandırdı.
Nadirin döyüşçüləri Arpaçayın kənarına qədər irəliləyib, həmin bölgədəki yerləri yenidən geri aldılar. Nadir əkin-biçinin artırılması, su arxlarının təmizlənməsi və xarabalıqların abadlaşdırılması üçün fərman verdi".
İrəvanın fəthindən bir neçə ay əvvəl Nadir şahın Gürcüstan çarına xitabən verdiyi fərmanda İrəvan hakimi Məhəmmədqulu xanın da adı çəkilmişdir. Fərmanın mətni belədir: “Bu bölgənin tabeliyimizdə olmasını bildirməsini qiymətləndiririk. Bu müddət ərzində körpü başında olan Marağa hakimi baş sərkərdə Əliqulu xan, Əlişəkər dairəsinin bəylərbəyi Mustafa xan və İrəvan bəylərbəyi Məhəmmədqulu xana göstəriş verdi ki, 2000 nəfərlə yanaşı suyu keçib, yolüstü aliqədr Nəcəfsultan Qaraçorluya Caruf eli əhalisini cəzalandırmaq üçün yardım lazım olsa, ona yardım edin. Sonra Tiflis və Gürcüstanın aliməqam sərdarı İslamış xanın yanına gəlib, bir-birləri ilə birləşsinlər. Tiflis qalasını tutub, müxalifləri cəzalandırsınlar. Hər halda, xatircəməm ki, öz xidməti işlərində səy edib və mətləblərini bildirib, himayə edildiklərindən əmin olsunlar".
İrəvanın fəthindən bir qədər sonra hicri-qəməri tarixi ilə 1148-ci ildə Nadir Muğan çölündə tacqoyma mərasimi keçirdi. Həmin mərasimdə İrəvan xanı da iştirak edirdi. Abraham Qatiqusun xatirələrində deyilir: “İrəvan xanına fərman gəldi ki, təzə ayın əvvəlində (şaban) hazırlaşıb, rəcəb ayının 28-də (24 sentyabr) yola düşsün və şabanın 29-da Muğan düzünə yetişsin".
Hicri-qəməri tarixi ilə 1149-cu ildə Azərbaycanda, o cümlədən İrəvanda taun xəstəliyi tüğyan edirdi. Mərvinin yazdığına görə, onlar iki mənzil qət edib, Şəmsəddinli məhəlləsində, Xalxanə qəsəbəsində dincəldilər. Bu vaxt Gürcüstandan da bir neçə nəfər gəlib çıxdı və onlar bildirdilər ki, Tiflisə və Gürcüstanın digər mahallarına vəba və taun yayılıb. Uca xaliqin bəndələri orada bir neçə gün mehribanlıqla baş girələdilər ki, birdən o dərmansız dərd və Allahın qəzəbi o yerlərə gəlib çıxar. Əksəri Şamaxı və İrəvan şəhərlərinin, Yengicə qalasının, Qarabağın, Qaradağın qazilərindən ibarət olan Allahın bəndələri sonuncu səadət pilləkəninə ayaq qoymağa hazırlaşarkən onlara öz vilayətlərinə qayıtmaq barədə icazə verildi. Qazilər sıraları genişlənə-genişlənə İrəvanın Göyçə yaylağına qalxdılar və bir neçə gün həmin yaylaqda qaldılar ki, bu müddət ərzində taun xəstəliyi İrəvan şəhərindən keçib getsin.
“Nadir şah 1156-cı ildə Dağıstandan qayıtdıqdan sonra Qurban bəy Özbəyi və Məhəmmədrza xan Əfşarı İrəvan mülkünə sərdar təyin etdi. O, həmin şəxslərə sərhədlərin və adı çəkilən qalanın əsaslı şəkildə təmir edilməsini, ordunun hazırlığını yüksəltməyi tapşırdı. Şahın fərmanında deyilirdi ki, düşmən həmin ərazidən keçdiyi təqdirdə sərdarlar onun qarşısını almağa çalışmalı və ürəklə xidmət etməlidirlər. Əgər bu işin öhdəsindən gələ bilməsələr, İrəvan qalasında gizlənib, müqəddəratlarının həll olunacağı anı gözləməlidirlər. Arzu edənlər çoxdur, bu diyarın hakimliyinə namizəd olacaq kifayət qədər mötəbər sərkərdə vardır".
Padşah İrəvanın əhəmiyyətli mövqeyini nəzərə alıb, oranı Aşur xan Sərdara da tapşırdı. Hicri-qəməri tarixi ilə 1156-cı ildə Sam Mirzənin iğtişaş törətdiyini görüb Aşur xana onun fitnəsinin qarşısını almağı əmr etdi. Mərvi yazır: "...Hökmdar İrəvanda yaşayan Aşur xan Əfşarı Azərbaycanın sərdarı təyin etdi. Ona tapşırdı ki, düşmən hansı səmtdən gəlsə, qarşısını alıb saxlamağa çalışsın..."
İrəvanın Göycə yaylağı Nadir şahın sevdiyi yer idi. O, burada tək dincəlmiş, həm də oğlunun və qardaşı oğlunun toyunu Göyçə yaylağında etmişdi. Bu barədə "Aləmaraye-Nadiri"də oxuyuruq: "Qələbə taleli hökmdar Gürcüstana gedəndə İrəvanın Göyçə yaylağında şah çadırı qurdurdu... Onun qəlbində gizli bir arzu - görkəmli şahzadə İmamqulu Mirzəni və qardaşının adını verdiyi İbrahim xanı evləndirmək fikri baş qaldırdı. Buna görə də Humayunun hökmü ilə toy hazırlığına başlandı. Bir neçə gün Göyçə yaylağında şadyanalıq məclisi və toy-büsat düzənləndi. Bu iş başa çatandan sonra Xorasanı idarə etmək hüququnu şahzadə İmamqulu Mirzəyə, İraqdakı vacib intizam məsələlərini isə İbrahim xana tapşırdı".

Elçin Qaliboğlu