“Qarabağ Azərbaycandır və nida!" Layihə

“Qarabağ Azərbaycandır və nida!"

Azərbaycan Prezidenti İlham Əliyev Soçidəki “Valday” forumunda çıxışı zamanı Dağlıq Qarabağ münaqişəsinə toxunub.
“Mən Ermənistan baş nazirinin, təəccüb doğuran “Qarabağ-Ermənistanın bir hissəsidir və nöqtə” bəyanatına toxunmaq istərdim. Birincisi, bu, yumşaq desək, yalandır. Qarabağ aranlı-dağlı bütün dünyada Azərbaycanın ayrılmaz hissəsi kimi tanınmışdır”,-deyə İlham Əliyev Forumun plenar iclasında çıxışı zamanı bəyan edib.
“Ermənistanın özü bu qanunsuz qurumu tanımır. Qarabağ əsl Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ - bu Azərbaycandır və nida işarəsi”, - deyə İ.Əliyev əlavə edib.
İ.Əliyev onu da qeyd edib ki, Rusiya “Valday” forumu çərçivəsində Ermənistan tərəfinin Dağlıq Qarabağın Ermənistana aid olması ilə bağlı bəyanatlarına müvafiq reaksiya verib.
Bundan əlavə Prezident, Paşinyanın münaqişənin həllinin Dağlıq Qarabağdakı qondarma xalqın mənafeləri nəzərə alınmaqla məqbul olması barədə açıqlamasına da toxunub.
“Ermənistanın baş naziri tez-tez deyir ki, münaqişənin həlli Azərbaycan xalqı, Ermənistan xalqı və Dağlıq Qarabağ xalqı üçün məqbul olmalıdır. Deməliyəm ki, Dağlıq Qarabağ xalqı anlayışı mövcud deyil. Münaqişədən əvvəl Azərbaycan və erməni əhalisindən ibarət olan bərabər hüquqlara malik Dağlıq Qarabağ əhalisi var",-deyə Azərbaycan Prezidenti vurğulayıb.
“Azərbaycan üçün hansı həllin məqbul olmasına gəlincə, bu, bütün dünya tərəfindən tanınan ərazi bütövlüyünün bərpası, qaçqın və məcburi köçkünlərin öz torpaqlarına, o cümlədən Dağlıq Qarabağa qaytarılmasından ibarətdir. Bu, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və Helsinki Yekun Aktına uyğundur”,- deyə Prezident qeyd edib.
Milli Məclisin deputatı Sahib Alıyev Soçidə “Valday” Beynəlxalq Diskussiya Klubunun plenar sessiyasında Azərbaycan Prezidenti İlham Əliyevin çıxışını şərh edərkən deyib ki, Ermənistanın baş naziri Nikol Paşinyanın "Qarabağ Ermənistandır və nöqtə" sayıqlamasına Azərbaycan Prezidenti cənab İlham Əliyevdən cavab gəldi: "Qarabağ Azərbaycandır və nida!".
Deputat xatırladıb ki, Nikol Paşinyan o sözləri Xankəndidə demişdi:
"Dövlət başçımız isə Rusiya Prezidenti Vladimir Putinin, Xarici İşlər naziri Sergey Lavrovun və dünyanın onlarla tanınmış beyin mərkəzlərinin analitiklərinin qarşısında “Valday” Beynəlxalq Diskussiya Klubunun plenar sessiyasındakı çıxışı zamanı onun cavabını verdi. Verdi və Ermənistan baş nazirinin sözlərinin doğrudan da sayıqlama olduğunu, həddini aşdığını elə dəqiqliklə əsaslandırdı ki, Paşinyan özü orda olsa belə, etiraz etməyə söz tapmayacaqdı".
Sahib Alıyevin fikrincə, Paşinyanın cavabını vermək üçün bundan doğru zaman, uyğun auditoriya, eləcə də yer ola bilməzdi və diplomatik nokaut deyilən bir anlayış varsa, bu, o olsun gərək.
Milli Məclisin deputatı Aydın Mirzəzadə isə qeyd edib ki, dövlətimiz və xalqımız lideri Prezident İlham Əliyevin dili ilə bütün dünyaya bir daha elan etdi: "Qarabağ tarixi əzəli Azərbaycan torpağıdır”.
Deputat həyatın, siyasətin, dövlət maraqlarının müdafiəsinin, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsinin mübarizə olduğunu deyib: "Azərbaycan müstəqilliyinin qorunmasi, ərazi bütövlüyünün bərpa edilməsi uğrunda mübarizəsini heç zaman zəiflətməyəcək. Dövlətimiz və xalqımız lideri Prezident İlham Əliyevin dili ilə bütün dünyaya bir daha elan etdi: "Qarabağ tarixi əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi ".
Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Valday" beynəlxalq diskussiya klubunun iclasında Paşinyanın sözügedən fikrinə Rusiya tərəfindən də mənfi qarşıandığına münasibət bildidirb. Xatırladaq ki, Rusiya xarici işlər naziri Sergey Lavrov Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı sualı cavablandırarkən bildirib ki, Qarabağın Ermənistanın olması barədə bəyanatlar münaqişənin həllinə, siyasi prosesin tənzimlənməsinə kömək etmir: “Təbii ki, Lavrovun Paşinyanın məlum bəyanatı ilə bağlı bir müddət öncə səsləndirdiyi fikirləri qeydə götürmüşük. Ümumiyyətlə, bu, ATƏT-in Minsk Qrupunun həmsədrlərini və beynəlxalq ictimaiyyəti narahat edən məsələdir. Çünki Ermənistanın rəhbərliyi bu açıqlaması ilə danışıqlar prosesinə çox güclü bir zərbə vurmuşdur. Görünən odur ki, Paşinyanın bu bəyanatı həmsədr ölkələr və beynəlxalq ictimaiyyət tərəfindən ciddi bir narahatlıqla qarşılanıb və burada başqa münaqişələrlə anneksiya xarakteri daşıyan münaqişələr kontekstində analogiyalar da aparılıb. Biz də hesab edirik ki, Ermənistan rəhbərliyi tərəfindən verilən bu cür açıqlamalar heç bir halda münaqişənin həllinə xidmət etmir, vəziyyəti gərginləşdirir. Ona görə də bu fikri bölüşürük ki, bu gün danışıqlar prosesi bir ətalət çərçivəsindədir. Təəssüflər olsun ki, danışıqlar prosesində bu gün hər hansı bir irəliləyişdən danışmaq olmaz. Həmsədrlər özləri də bu barədə açıqlama verdilər. Onların substantiv danışıqlara çağırış etdiklərinə baxmayaraq, hazırda Ermənistan tərəfindən təxribatlar davam edir. Elə bu günlərdə Azərbaycan-Ermənistan sərhədində bir mülki şəxsimiz öldürülüb. Bütün bunlar göstərir ki, Ermənistanın bugünkü açıqlamaları və fəaliyyəti beynəlxalq ictimaiyyəti ciddi şəkildə narahat etməkdədir. Rusiya da ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi olaraq xarici işlər naziri səviyyəsində bu məsələ ilə bağlı öz mövqeyini ifadə edib”.
Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov isə bildirib ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasında Dağlıq Qarabağ prosesinin nizamlanması haqqında suala verdiyi cavab Ermənistan KİV-lərində başqa cür yozulmaqdadır. Halbuki, Lavrov öz açıqlamasında açıq şəkildə bildirib ki, danışıqlar formatını dəyişmək olmaz.
O qeyd edib ki, bu, məsələnin birinci tərəfidir: “Çünki biz bilirik ki, Paşinyan danışıqların formatını dəyişdirmək və qeyri-konstruktivlik nümayiş etdirməklə məşğuldur. İkincisi isə Lavrov öz bəyanatında qeyd edib ki, Qarabağın Ermənistanın olması barədə bəyanatlardan uzaq durmaq lazımdır. Yəni, faktiki olaraq Lavrov Ermənistan hökumətini və hökumətin başçısı Paşinyanı münaqişənin nizamlanmasında qeyri-konstruktivlikdə ittiham edib və üstəlik bildirib ki, Ermənistanın baş nazirinin bu kimi bəyanatları məsuliyyətsiz bəyanatlardır. Maraqlıdır ki, Lavrovun oktyabrın 2-də verdiyi bu açıqlama Paşinyanın Qarabağın Ermənistan olmasına dair Xankəndində etdiyi çıxışından təxminən 2 ay sonraya təsadüf edir. Bu o deməkdir ki, Rusiya və Ermənistan liderləri arasında İrəvanda Ali Avrasiya İqtisadi Şurasının iclasnda keçirilən görüş uğurla nəticələnməyib”.
Z.Məmmədov qeyd edib ki. bütün bunların, yəni Ermənistan ətrafında baş verən hadisələrin əsas səbəbi Paşinyanın yürütdüyü xaotik və məsuliyyətsiz siyasətdir:
“Məsələ burasındadır ki, ötən il yarım ərzində Paşinyan təkcə Rusiya ilə yox, eyni zamanda ABŞ və Avropa İttifaqı ilə münasibətlərini də demək olar ki, korlayıb. İndiki Ermənistan və onun xrici siyasətinə nəzər yetirsək görərik ki, bütün vektorlar ermənsitana qeyri-ciddi yanaşır. Bundan əvvəl BMT Baş Assambleyasının 74-cü sessiyasında iştirak etmək üçün ABŞ-da səfər etmişdi. Təsəvvür edin ki, o ABŞ-da nə Dövlət Departamentində, nə Konqresdə, nə də Ağ Evdə heç bir görüş keçirə bilməmişdi”.
Politoloq bildirib ki, bu gün Rusiya-Ermənistan münasibətləri özünün ən pis dövrünü, çağını yaşayır:
“Paşinyan hökumətinin Ermənisitan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə tutduğu qeyri-konstruktiv mövqe, münaqişənin nizamlanmasını bərbad hala salması artıq Rusiyanı da dilə gəlməyə vadar edib. Bütün bunlar onu göstərir ki, Ermənistanın apardığı bu siyasətlə yaxın vaxtlarda özünü olduqca çətin vəziyyətə salacaq. Beləliklə, aydın olur ki, Sergey Lavrovun Qarabağa dair son açıqlamasını şərtləndirən iki amil var. Bunlardan biri bir tərəfdən Nikol Paşinyanın yürütdüyü anlaşılmaz, qeyri-konstruktiv siyasət, onun verdiyi müxtəlif səpkili məsuliyyətsiz bəyanatlar, digər tərəfdən də Azərbaycanla Rusiya arasında strateji tərəfdaşlıq münasibətlərinin daha da möhkəmlənməsi, regionun aparıcı dövləti kimi Azərbaycanın nüfuzunun daha da yüksəlməsi və dünyada etibarlı, səmimi tərəfdaş imici qazanmasıdır”.
Politoloq Ramiyə Məmmədovanın fikrincə isə ermənilər Azərbaycan Prezidenti İlham Əliyevin “Qarabağ Ermənistandır, nöqtə” deyən erməni Baş nazir Nikol Paşinyana verdiyi cavabı hələ çox xatırlayacaq.
Ekspert Azərbaycan liderinin Rusiyaya səfəri çərçivəsində Dağlıq Qarabağ münaqişəsi haqda səsləndirdiyi fikirlərə diqqət çəkib:
“Məlumdur ki, Paşinyan bu sözləri Xankəndindəki separatçılar qarşısındakı çıxışı zamanı dilinə gətirmişdi. Azərbaycan prezidenti isə bu sözləri dünyanın ən güclü dövlətlərindən birində və dünyada tanınan nüfuzlu bir platformanın - Valday Klubunun kürsüsündə səsləndirdi. Tərəflər arasındakı fərq də nüfuz məsələsidir.
Paşinyanın etdiyi çıxışlar bir yana, onun nə siyasətçi, nə də bir insan kimi ciddiyə alındığını görürük. Ermənistan indiyədək Qarabağ məsələsində Rusiyaya arxalanırdı ki, Rusiya da son zamanlarda atdığı addımlar və verdiyi reaksiyalarla vəziyyətin getdikcə dəyişdiyini göstərir.
Əlbəttə, Rusiyanın indiki məqamda bu məsələni tam həll etmək niyyətində olmadığını biz də bilirik, Lavrovun son çıxışında bunu bir daha gördük. Lakin buna baxmayaraq, Azərbaycan prezidentinin timsalında Rusiya və bütün dünyaya bir daha mesaj verdik ki, biz öz torpaqlarımızı işğalçıya güzəşt etməyəcəyik. Prezidentin “Qarabağ Azərbaycandır və nida işarəsi” açıqlaması da bundan xəbər verirdi”.

Cavid