“"Qarabağ Azərbaycandır" hərəkatının yaranması təklifi aktuallığı ilə seçilir” Layihə

“"Qarabağ Azərbaycandır" hərəkatının yaranması təklifi aktuallığı ilə seçilir”

Aydın Hüseynov: “Azərbaycan haqqı yolunda sona qədər mübarizəsini davam etdirəcək”

Baş Nazirin müavini, hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini-icra katibi Əli Əhmədov “Qarabağ Azərbaycandır!” Hərəkatının yaradılmasını təklif edib. Əli Əhmədov bildirib ki, Prezident İlham Əliyevin Soçi şəhərində “Valday” beynəlxalq diskussiya klubunda səsləndirdiyi “Qarabağ Azərbaycandır!” mesajı gündəmin əsaslı surətdə dəyişdirilməsinə gətirib çıxarıb. Ə.Əhmədovun sözlərinə görə, Qarabağ münaqişəsi başlayandan bu günə qədər heç zaman səngiməyən vətənpərvərlik əhval-ruhiyyəsi son illərin ən yüksək pilləsinə yüksəlib...
Yeni Azərbaycan Partiyasının (YAP) Qaradağ rayon təşkilatının sədri, millət vəkili Aydın Hüseynov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Soçi şəhərindəki “Valday” beynəlxalq diskussiya klubunda etdiyi son dərəcə tarixi və müdrik çıxışının bu qədər geniş müzakirə olunması xalqla prezidentin birliyinin vəhdəti kimi yüksək dəyərləndirilməlidir.
Millət vəkili deyib ki, Əli Əhmədovun təşəbbüsü ilə "Qarabağ Azərbaycandır" hərəkatının yaranması təklifi aktuallığı ilə seçilir. Onun sözlərinə görə, bu, vahid lider ətrafında milli birliyimizin, Qarabağ uğrunda birgə mübarizəmizin, haqqı tapdanan xalqımızın dünyaya mesajının və beynəlxalq aləmdə hələ də hökm sürən ikili standartlara etirazımızın göstəricisidir. "Dünya birliyinə bir daha bəyan oldu ki, Azərbaycan haqqı yolunda sona qədər mübarizəsini davam etdirəcək" deyən A.Hüseynov əlavə edib ki, xalqımızın bütün vətənpərvər övladlarının Prezident İlham Əliyevin ətrafında sıx birləşərək bu hərəkatın fəal iştirakçısı olacağına əmindir.
Politoloq Elşad Mirbəşiroğlu bildirib ki, Prezident İlham Əliyevin Prezident Vladimir Putinin dəvəti ilə “Valday” Beynəlxalq Diskussiya Klubunun sessiyasında iştirak etməsi Azərbaycan-Rusiya münasibətlərinin yüksək səviyyəsinin göstəricisi olmaqla yanaşı, həm də dövlətimizin başçısının böyük nüfuzuna dəlalət edir. Politoloqun sözlərinə görə, müasir dünyanın ən aktual məsələlərinin müzakirə olunduğu bu sessiyadan əvvəl prezidentlər İlham Əliyevin və Vladimir Putinin görüşündə əsas müzakirə mövzusu iki dövlət arasında əməkdaşlığın bundan sonra da genişləndirilməsi oldu. Son illərdə xüsusilə aydın müşahidə olunur ki, Rusiya Cənubi Qafqaz regionunda yeganə siyasi və iqtisadi güc kimi məhz Azərbaycanı görür.
Politoloq əlavə edib ki, Azərbaycan-Rusiya əlaqələrinin hazırkı yüksək inkişaf səviyyəsini digər amillərlə yanaşı, həm də iki ölkə liderlərinin yaxın dostluq münasibətləri şərtləndirir. Bunu Prezident İlham Əliyev də ayrıca olaraq qeyd etdi. O, çıxışı zamanı vurğuladı ki, Rusiya Prezidenti ilə intensiv görüşür. Hətta görüşlərə bir neçə ay ara verdikdə, bu, böyük fasilə hesab olunur. Həm Azərbaycan, həm də Rusiya tərəfi münasibətləri strateji xarakterli hesab edirlər.
Politoloq deyib ki, Azərbaycanla Rusiya arasındakı siyasi dialoqun hazırkı səviyyəsi səmərəli əməkdaşlığın mühüm komponentini təşkil edir. Prezident İlham Əliyevin də “Valday” Beynəlxalq Diskussiya Klubunun sessiyasında qeyd etdiyi kimi, ölkə başçıları və digər rəsmi səviyyələrdəki sıx təmaslar əməkdaşlığı daha da dərinləşdirir. Azərbaycanla Rusiya arasında münasibətlərin strateji xarakterini təyin edən mühüm amillərdən biri də ondan ibarətdir ki, ikitərəfli səmərəli əməkdaşlıqla yanaşı, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək və birgə fəaliyyətin koordinasiyası da müşahidə olunur.
E.Mirbəşiroğlu vurğulayıb ki, Rusiya Azərbaycanı potensiallı olmaqla yanaşı, həm də etibarlı və səmərəli tərəfdaş kimi qəbul edir. Ayrıca olaraq qeyd etmək lazımdır ki, Rusiya nümayəndəsinin AŞPA-ya qayıtması məsələsi ilə bağlı səsvermə keçirilən zaman Ermənistan tərəddüdlü mövqe nümayiş etdirdiyi halda, Azərbaycan nümayəndə heyəti tam tərkibdə qətiyyətli mövqeyi ilə dəstək nümayiş etdirdi.
“Rusiya tərəfi aydın nümayiş etdirir ki, Azərbaycanla yaxından əməkdaşlıq onun həm geosiyasi, həm də geoiqtisadi maraqlarına cavab verir. Cənubi Qafqaz ölkələri arasında Rusiyanın ən böyük sərmayə yatırdığı ölkə məhz Azərbaycandır. Rusiya həm də regionda siyasi, iqtisadi və təhlükəsizlik məsələlərində Azərbaycanın həlledici rolunu qəbul edir. Bütün bunların fonunda nəzərə almaq lazımdır ki, Azərbaycan-Rusiya əməkdaşlığı birgə strateji layihələr çərçivəsində xüsusi dinamiklik qazanır. Xüsusilə də “Şimal-Cənub” nəqliyyat dəhlizinin yaradılması əlavə uğurlu əməkdaşlıq platforması kimi nəzərdən keçirilməlidir”, - deyə E.Mirbəşiroğlu bildirib.
Politoloq qeyd edib ki, bütün parametrlər üzrə Azərbaycan-Rusiya əməkdaşlığı yüksələn xətt tendensiyasına malikdir. Bu gün Cənubi Qafqaz regionun geosiyasi və geoiqtisadi ab-havasını məhz Azərbaycan-Rusiya münasibətlərinin yüksək səviyyəsi və əməkdaşlığının səmərəliliyi müəyyən edir.
"Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev deyib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Soçi şəhərində "Valday" Diskussiya Klubunda çıxışı ölkəmiz üçün bir neçə istiqamətdə çox əhəmiyyətli nəticələr verib. Baş redaktorun sözlərinə görə, ölkəmizin həm siyasətinin vacib istiqamətlərinin bəyan edilməsi, həm ölkəmizin başqa dövlətlərlə münasibətlərdə malik olduğu imkanların nümayiş olunması, həm də Ermənistanın illərdir xüsusilə də son dövrlərdə ölkəmizə qarşı apardığı siyasətin əsas tezislərinin ifşa olunması nöqteyi-nəzərindən çox fundamental və təsirli çıxışlar idi: "Demək olar ki, sonrakı təhlillər göstərdi ki, Prezident orada verilən bəyanatların yerini və məqamını düzgün seçmişdi. İstər Qarabağ problemi ilə bağlı deyilənlər, istər Rusiya-Azərbaycan münasibətləri kontekstində deyilənlər, istərsə də regional layihələrin həyata keçirilməsində Azərbaycanın rolu və potensialı barədə deyilənlər məqamı və məkanı düzgün seçilmiş bəyanatlar idi.
Ermənistan baş nazirinin Qarabağ probleminin mahiyyətini dəyişmək istiqamətində verdiyi bəyanatın xüsusilə ifşa edilməsi "Valday" Diskussiya Klubunun tarixində inanıram ki, böyük hadisə kimi qalacaq. Paşinyanın "Qarabağ Ermənistandır" bəyanatına demək olar ki, dünya ictimai fikrinə çox asanlıqla və əbədi olaraq həkk olunmuş tonda deyilmiş Qarabağ Azərbaycandır fikri bu nöqteyi-nəzərdən "Valday" Diskussiya Klubunun, Dağlıq Qarabağ münaqişəsinin tarixində silinməz iz buraxacaq. Bu bəyanatın çox böyük nəticəsinin, təsirinin olacağına heç bir şübhəm yoxdur. Bu forumda Rusiya-Azərbaycan münasibətləri ilə bağlı ortaya qoyulan fikirlər bu münasibətlərin həm region, həm də dünya üçün nə qədər əhəmiyyətli olduğunu, eləcə də nə qədər genişlənmək, inkişaf etmək, dərinləşmək potensialına malik olduğunu nümayiş etdirdi. Qarabağ münaqişəsinin mahiyyətinin nümayiş olunması kontekstində də "Valday" Diskussiya Klubu çox əhəmiyyətli rol oynadı.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva deyib ki, son illər müstəqil Azərbaycanın strateji tərəfdaşlıq əlaqələri güclənir, dostlarının və tərəfdaşlarının sayı artır: “Ölkəmizin qarşılıqlı faydalı əlaqələrə malik olduğu tərəfdaş ölkələrdən biri də Rusiya Federasiyasıdır. Azərbaycan-Rusiya münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır, qarşılıqlı faydalı əməkdaşlığa əsaslanır və hər iki ölkənin milli maraqlarına cavab verir”.
S.Fətəliyeva bildirib ki, mütəmadi olaraq baş tutan qarşılıqlı səfərlər və görüşlər iki ölkə arasındakı münasibətlərin inkişafına əhəmiyyətli töhfələr verir: "Xüsusilə də, dövlət başçılarının görüşləri ikitərəfli münasibətlərin müzakirəsi və əməkdaşlığın dərinləşdirilməsi baxımından müstəsna önəm kəsb edir. Prezidentlərin qarşılıqlı səfərləri ənənə halını alıb. Oktyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Soçi şəhərində səfərdə olub. Soçidə Prezident İlham Əliyev ilə Prezident Vladimir Putin arasında keçirilmiş görüşdə iki ölkə arasında əməkdaşlıq və münasibətlərin inkişafı diqqət mərkəzində olub. Kifayət qədər məhsuldar keçən səfər çərçivəsində dövlət başçımız “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında iştirak edib, iclasın iştirakçıları ilə qeyri-formal görüşə qatılıb. Prezident İlham Əliyev Soçi şəhərinə səfəri zamanı “Valday” Beynəlxalq Diskussiya Klubunun iclası ərəfəsində, həmçinin, Rusiyanın “Rossiya” və “Birinci” televiziya kanallarına müsahibə verib. Azərbaycan Prezidentinin “Valday” Beynəlxalq Diskussiya Klubunun növbəti tədbirinə dəvət almasını dövlətimizin başçısının beynəlxalq səviyyədə yüksək nüfuz qazanması, eyni zamanda, iki qonşu dövlət - Azərbaycanla Rusiya arasında münasibətlərin yüksək dinamika ilə inkişaf etməsinin təsdiqi kimi dəyərləndirilməlidir”.
Milət vəkili əlavə edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Soçidə təşkil olunan “Valday” Beynəlxalq Diskussiya Klubunda çıxışı olduqca yüksək maraq və diqqətlə qarşılanıb, öz növbəsində bir sıra mühüm ismarıclarla yadda qalıb:
“Valday” Beynəlxalq Diskussiya Klubunun növbəti tədbirinə dəvətə görə Rusiya Prezidentinə minnətdarlığını bildirən dövlətimizin başçısı Rusiya-Azərbaycan münasibətlərinin inkişafına nəzər salıb. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən danışan Prezident İlham Əliyev Ermənistanın işğalçılıq siyasətinin nəticələrinə diqqət yetirib, BMT Təhlükəsizlik Şurasının münaqişənin nizamlanmasına dair qəbul etdiyi 4 qətnamənin 25 ildən çoxdur, yerinə yetirilmədiyini vurğulayıb. Prezident İlham Əliyev Ermənistanın baş nazirinin “Qarabağ Ermənistanın bir hissəsidir və nöqtə” bəyanatının yalan olduğunu vurğulayaraq deyib: “Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi”. Məlumdur ki, Azərbaycanın xarici siyasət kursunun ən mühüm strateji prioriteti Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında, yəni ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllidir. Ölkəmiz bu istiqamətdə qətiyyətli mövqe nümayiş etdirir, prinsipial siyasətini davam etdirir. Bu mövqe ondan ibarətdir ki, Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında öz həllini tapmalıdır. Dövlətimizin başçısının mövqeyi bir daha təsdiqləyir ki, Azərbaycan prinsipial siyasətini davam etdirir, ölkəmizin mövqeyi qəti və birmənalıdır. Bu gün Ermənistan da yaxşı bilir ki, Azərbaycan işğalçı ölkənin status-kvonu legitimləşdirmək cəhdlərinə heç vaxt imkan verməyəcək. Azərbaycan öz ərazi bütövlüyünü təmin etmək qüdrətindədir. Ermənistanın isə yeganə çıxış yolu işğalçı siyasətdən əl çəkməkdir”.

Əli