“Torpaqlarımızı işğaldan azad edəcəyik” Layihə

“Torpaqlarımızı işğaldan azad edəcəyik”

Millət vəkili: “Hərə öz sahəsində bu qələbəyə, bu işə öz töhfəsini verməlidir”

“Prezidentin “Valday” Beynəlxalq Diskussiya Klubunun 16-cı illik sessiyasında çıxışı yeni bir hərəkatın başlanğıcını qoydu. Rusiya Federasiyasının Soçi şəhərində “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qətiyyətli çıxışı ilə Ermənistanın Baş nazirinin “Qarabağ Ermənistandır və nöqtə” yalan bəyanatını alt-üst edərək, “Qarabağ tarixi əzəli Azərbaycan torpağıdır. “Qarabağ Azərbaycandır və nida işarəsi” deməsi və bunu inamlı şəkildə dünya birliyinə çatdırması Azərbaycan ictimaiyyəti arasında geniş rezonans doğurub. Baş nazirin müavini, hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini-icra katibi Əli Əhmədovun “Qarabağ Azərbaycandır” hərəkatının yaradılması ilə bağlı beynəlxalq ictimai dəstək kampaniyasının yaradılmasına çağırması əhalidə böyük ruh yüksəkliyi yaradacağı heç bir şübhə doğurmur”. Bu fikirləri “Xalq Cəbhəsi”nə açıqlamasında politoloq İlyas Hüseynov səsləndirib. O bildirib ki, dövlət başçısı tərəfindən “Qarabağ Azərbaycandır” sözlərinin tanınmış siyasi ekspertlərin, iqtisadçıların, hərbçilərin və dünyanın nüfuzlu media orqanlarını təmsil edən şəxslərin qarşısında səslənməsi cəmiyyətdə vətənpərvərlik əhval-ruhiyyəsini ən yüksək pilləyə yüksəldib. Bu hissləri 2016-cı il aprelin əvvəlindəki döyüşlərdə qazanılan uğurlara bənzətmək olar: “Valday” Beynəlxalq Diskussiya Klubunun plenar sessiyasında qətiyyətli çıxışı Ali Baş Komandanın rəhbərliyi altında ərazilərimizin geri qaytarılması əzmini, eyni zamanda, torpaqlarımızdan didərgin düşmüş qaçqın və məcburi köçkünlərin öz doğma yurd-yuvalarına qayıtmaq inamını xalqımızda daha da artdı. Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, torpaqlarımızın işğaldan azad edilməsi ölkə əhalisinin bütün təbəqələrini birləşdirən başlıca amillərdən biri hesab olunur.
Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın Baş nazirinin cari ilin avqustun 5-də Azərbaycanın işğal altında olan qədim torpağı Xankəndidə səsləndirdiyi “Qarabağ Ermənistandır və nöqtə” bəyanatına cavab olaraq “Valday” Beynəlxalq Müzakirə Klubunun 16-cı illik toplantısının plenar sessiyasında çıxışı zamanı qətiyyətli şəkildə “Qarabağ tarixi əzəli Azərbaycan torpağıdır. “Qarabağ Azərbaycandır və nida işarəsi” deməsi Ermənistanın populist rəhbərliyinə çox tutarlı bir cavab oldu”.
Ekspert əlavə edib ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın öz hakimiyyətini qorumaq üçün yalan və hiylə üzərində qurduğu populist çıxışı daxili auditoriya üçün nəzərdə tutulmuşdu: “Amma Azərbaycan Prezidenti İlham Əliyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırdı. Nüfuzlu diplomatların, peşəkar hərbçilərin, tanınmış ekspertlərin, media nümayəndələrinin və Rusiyanın rəhbərliyində təmsil olunan bir sıra mühüm şəxslərin qarşısında çıxışı zamanı Prezident İlham Əliyev Ermənistanın Azərbaycana qarşı təcavüzü haqqında danışarkən bütün dünyada sülhün və təhlükəsizliyin əsas qarantı kimi çıxış edən Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin yerinə yetirilməsi/implementasiyası prosesində problemlərin olduğunu auditoriyanın diqqətinə çatdırdı. Bir sıra ölkələrə münasibətdə BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin qısa zaman kəsiyində icra olunduğunun şahidi olsaq da, digər ölkələrin ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı ilə bağlı qəbul edilən qətnamələr yalnız kağız üzərində qalır.
Münaqişənin səbəblərinə tarixi ekskursiya edən Azərbaycan Prezidenti Dağlıq Qarabağ və ətraf rayonlardan deyil, həm də Ermənistandan qovulan azərbaycanlı qaçqınlar problemini bir daha gündəmə gətirdi. Azərbaycan Prezidentinin “Valday” tribunasındakı möhtəşəm çıxışı bizdə bir daha əminlik yaratdı ki, Dağlıq Qarabağ problemi dövlətimizin milli maraqları çərçivəsində öz həllini tapacağı gün uzaqda deyil. Təcrübə göstərir ki, Azərbaycan Prezidenti, Ermənistanın rəhbərindən fərqli olaraq öz verdiyi vədləri daim yerinə yetirir və hər zaman öz xalqını düşünür. Bu sözlərin arxasında ölkəmizin bütün düşmənlərini ifşa etmək üçün hər fürsətdən istifadə edən, güclü siyasi iradəyə malik böyük bir vətənpərvər durur. Prezident İlham Əliyevin çıxışı bir daha göstərdi ki, Azərbaycan öz prinsipial mövqeyini daim inamlı şəkildə müdafiə edəcək. Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü həm daxili, həm də xarici siyasət çox müsbət bir istiqamətdə inkişaf edir və bu, dünya liderləri tərəfindən qəbul olunur”.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin “Qarabağ Azərbaycandır!” çağırışını milli birlik, milli ideya və vahid məqsəd ətrafından birləşmək üçün hərəkətverici qüvvə kimi istifadə etmək mümkündür: “Dövlət başçısının çıxışında “Qarabağ Azərbaycandır və nida işarəsi” sözləri ermənilərin kompakt yaşadığı Soçi şəhərində səsləndirilməsi həm ermənilərə, həm ikili standartlar mövqeyindən çıxış edən beynəlxalq təşkilatlara, həm də bütün dünyaya çatdırmaq istədiyi mesajdır. Prezident İlham Əliyevin bu mesajı informasiya savaşında bir addım irəliyə çıxmağımızla nəticələndi. ATƏT-in Minsk qrupunun həmsədri olan Rusiyanın əhalisinə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həqiqətləri haqqında məlumatların Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən çatdırıldı, bununla da informasiya blokadası yarıldı, Rusiyanın ictimaiyyətini çaşdırmağa yönəlmiş məkrli planlar ifşa olundu.
Bu gün müharibə səngərdə, iqtisadiyyatda, mədəniyyətdə, idmanda və eyni zamanda informasiya texnologiyaları sahəsində gedir. Buna görə də #Karabakh, #AllForKarabakh və #KarabakhIsAzerbaijan haştaqlarının yaradılması ilə bağlı təşəbbüs əhali tərəfindən dəstəklənməlidir. Sosial şəbəkə istifadəçiləri bu haştaqları Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlumatlarla birlikdə paylaşması arzuolunandır və nəzərdə tutulan böyük hədəflərə çatmağımızda bir yardımçı alət rolunu oynaya bilər.
Millət vəkili Elman Məmmədov isə bildirib ki, Qarabağın Azərbaycan ərazilərinin bir hissəsi kimi tanıdılması işi hər zaman aparılmalıdır: “Dağlıq Qarabağın, eləcə də işğal olunmuş ərazilərimizin Azərbaycanın əzəli-əbədi torpaqları olması bir tarixdir. Ermənilərin tarixi saxtalaşdırmağı ilə iş bitmir. Əsl tarix heç vaxt dəyişdirilmir. Ortada tarix var. Bu istiqamətdə tanıdılma, dünyaya çatdırılma, erməni yalanlarını ifşa etmə ulu öndərimizin hakimiyyətə gəlişindən sonra başlayıb. Ulu öndərimiz ikinci dəfə hakimiyyətə gəldikdən sonra Birləşmiş Millətlər Təşkilatının tribunasından, eləcə də xarici ölkələrə səfərləri zamanı, xarici dövlətlərin rəhbərlərinin ölkəmizə səfəri sırasında Qarabağın kimə məxsusluğunu, Azərbaycan ərazisinin bir parçası olduğunu xəritə ilə, faktlarla sübuta yetirirdi. Ölkə başçımız öz prezidentlik dövrünə başlayandan sonra bu iş ən yüksək səviyyədə aparılır. Soçidə, “Valday” diskussiya klubunun toplantısında cənab Prezidentimizin “Qarabağ Azərbaycandır və nida işarəsi” bəyanatı bütün dünyaya ismarış idi. Eyni zamanda, işğalçı ölkəyə mesaj olmaqla bərabər, xəbərdarlıq idi. Yəqin ki, erməni mediasını da izləyirsiniz, bu bəyanatdan sonra onların cəmiyyətində də müəyyən qeyri müəyyənlik, çaxnaşmalar mövcuddur. Baş nazir Nikol Paşinyana qarşı hiddət artıb. Hətta Nikol Paşinyanın tərəfdarları, rəsmilər bu barədə yazan jurnalistlərə təzyiq göstərirlər. Düşünürəm ki, Dağlıq Qarabağ müharibəsi, həqətlərlə, faktlarla bağlı silsilə kitablar, elmi araşdırmalar, jurnalist tədqiqat işləri çap edilir. Bütün bunlar dünyanın aparıcı dillərinə tərcümə edilir. Bununla belə, biz dayanmamalıyıq. Bundan da çoxlu işlər görməliyik. Uzun illər – yüz ildən artıq bir müddət ərzində bu istiqamətdəki erməni yalanlarını, erməni saxtakarlığını darmadağın etmək, tamamilə ifşasına nail olmaq üçün biz daha güclü işləməliyik”.
O əlavə edib ki, torpaqlar işğaldan azad olunmalıdır: “Bunu hər bir azərbaycanlı deyir. Cənab Prezidentimiz bunu bizdən də daha yüksək tribunalardan bəyan edir. Ölkəmizin başçısı dəfələrlə qeyd edib ki, biz nə torpaqlarımızı güzəştə gedəcəyik, nə də bir qarış torpağımızı belə kiməsə verəcəyik. Torpaqlarımızı işğaldan azad edəcəyik...Hərə öz sahəsində bu qələbəyə, bu işə öz töhfəsini verməlidir. Tələbə tələbə kimi, qazi qazi kimi, döyüşçü döyüşçü kimi, müəllim müəllim kimi... Yəni, hərə öz vəzifəsində, öz yerində üzərinə düşən vəzifəni, məsuliyyəti layiqincə yerinə yetirsə, torpaqlarımızın işğaldan azad olunmasına, qələbə günümüzün yaxınlaşmasına öz töhvəsini vermiş olur. Bu, tək əldən səs çıxmaz məsələsidir. Bu, xalqın taleyidir, millətin torpağıdır, bu ulusun tarixidir”.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev Soçidəki “Valday” forumunda çıxışı zamanı Dağlıq Qarabağ münaqişəsinə toxunub. “Mən Ermənistan baş nazirinin, təəccüb doğuran “Qarabağ-Ermənistanın bir hissəsidir və nöqtə” bəyanatına toxunmaq istərdim. Birincisi, bu, yumşaq desək, yalandır. Qarabağ aranlı-dağlı bütün dünyada Azərbaycanın ayrılmaz hissəsi kimi tanınmışdır. Ermənistanın özü bu qanunsuz qurumu tanımır. Qarabağ əsl Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ-bu Azərbaycandır və nida işarəsi”.
Baş Nazirin müavini, hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini-icra katibi Əli Əhmədov isə “Qarabağ Azərbaycandır!” Hərəkatının yaradılmasını təklif edib.

Əli