“Erməni ideoloqları və Paşinyan özünə gəlməmiş....” Layihə

“Erməni ideoloqları və Paşinyan özünə gəlməmiş....”

Aydın Quliyev: “Onlara yeni siyasi-diplomatik zərbələr endirilsə, bunun effekti çox böyük olacaq”

Türkmənistanın paytaxtı Aşqabad şəhərində keçirilən MDB Dövlət Başçıları Şurasının iclasında Prezidenti İlham Əliyevin Ermənistanda faşizmin qəhrəmanlaşdırılması ilə bağlı fikirləri mediada geniş müzakirə olunur. Prezident faşistlərin qəhrəmanlaşdırılmasına kəskin etirazını bildirərək, Ermənistan hakimiyyətini ittiham etdi. Gözlənilməz duruma düşən Paşinyanın cavab verə bilməməsi Ermənistanda da narahatlıqla qarşılanıb. Erməni mətbuatı yazır ki, bu, Paşinyanın reytinqinin aşağı düşməsinə çox ciddi formada təsir edəcək.
"Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev deyib ki, MDB-nin Aşqabad sammitində İlham Əliyevin Paşinyanı polemik aşağılanmaya məruz qoyması siyasətdə nəyi, harada, kimə və nə üçün deməyin həqiqətən fərqli nəticələr doğurduğunu bir daha sübut etdi. Onun sözlərinə görə, Paşinyan Azərbaycanın Qarabağ torpaqlarında 5 avqust mitinqində lovğa-lovğa dediyi" Miatsum " və "Qarabağ Ermənistandır "şüarları ilə ölkəsinin ultra-millətçi, daşnak təfəkkürlü və kütlə isteriyasına qapılmış kəsiminin gözündə öz populyarlığını azacıq bərpa edə bilmişdi: "Lakin Azərbaycan Prezidentinin əvvəlcə "Valday" klubunda, sonra isə Aşqabadda çıxışlarının təsiri ilə erməni baş nazirin öz cəmiyyətində populyarlığı əvvəlkindən də aşağı səviyyələrə düşdü. Bütün Ermənistan fərqindədir ki, onun baş naziri yalan və saxtakarlıq üstdə qurulsa da, ölkəsinin dövlət və ictimai maraqlarını diplomatik polemika müstəvisində qətiyyən qoruya bilməyən arqumentsizin və məntiqsizin biridir, etibarlı polemist deyil.
Erməni təbliğatı indi əsas gücünü baş nazirin məruz qaldığı təhqiramiz aşağılanmaların törətdiyi reytinq fəsadlarını yamamağa, kompensasiya etməyə yönəldib. Erməni ideoloqları və Paşinyan şəxsən özünə gəlməmiş onlara yeni siyasi-diplomatik zərbələr endirilsə, bunun effekti çox böyük olacaq. Məsələn, faşist Nijdenin mənfur heykəlinin sökülməsinə nail olana qədər getmək, bunun üçün mümkün olan hər şeydən istifadə etmək lazımdır. MDB dövlətlərinin Bakıdakı missiyaları ilə ən müxtəlif səviyyələrdə-diplomatik, siyasi, vətəndaş cəmiyyətləri və diasporlar səviyyəsində sistemli iş qurmaq,erməni hökumətinə təzyiqlər etdirmək, ona göz açmasına imkan verməmək və sonda heykəlin şökülməsinə nail olmaq lazımdır. Böyük ehtimalla nəticə olacaq.
Əgər bunlar nəticə verməsə faşizm üzərində qələbənin 75 illik tədbirlərinə qədər İlham Əliyevin plan və təxəyülündə ən axırıncı həlledici zərbə gedişinin olduğuna fəhmimlə inanıram. Prezidentin dərin analitik, qlobal və polifonik düşüncə tərzinə malik olduğunu bildiyimiz üçün əminəm ki, o bunu mütləq edəcək.
Çox realdır ki, Paşinyanın hakimiyyəti bir heykəl qalmaqalı ilə səhnəni tərk etsin. Əgər heykəlin sökülmə qərarı verilsə Ermənistanın Paşinyançı, sarkisyançı, millətçi, daşnakçı, ümumən bütün təbəqələri -hər kəs öz arqumentləri ilə dərhal fəallaşacaqlar. Bunun Ermənistanda nə demək olduğu anlaşılırmı?
Paşinyan Ermənistanın tarixinə Azərbaycan prezidentinin diplomatik-siyasi kombinasiyalarının təsiri ilə öz xalqı tərəfindən devrilmiş ikinci dövlət rəhbəri kimi düşə bilər. Sarkisyandan sonra ikinci...".
Atatürk Mərkəzinin şöbə müdiri Əkbər Qoşalı bildirib ki, Türkmənistanın paytaxtı Aşqabad şəhərində keçirilən MDB Dövlət Başçıları Şurasının iclasında Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanda faşizmin qəhrəmanlaşdırılması ilə bağlı fikirləri kütləvi-informasiya vasitələrində, o cümlədən sosial şəbəkələrdə geniş şəkildə işıq¬landırılmaqdadır; dövlət başçısının təsirli çıxışına yorumlar yazılır, təhlillər aparılır. O, bildirib ki, Ermənistan hesablamadıqları vaxtda yeni və haqlı ittihamla üz-üzə qoyulmuş oldu: “Azərbaycan Prezidentinin konkret, sərrast cümlələrlə faşistlərin qəhrəmanlaşdırılmasına kəskin etirazını bildirərək, Ermənistan hakimiyyətini ittiham etməsinin, Paşinyan üçün gözlənilməz olduğu, onun hər halından bəlli olurdu. Öz ekspertlərinin sözü ilə desək, "Saqqallı kloun", Azərbaycan Prezidentinin dəqiq, faktoloji çıxışı qarşısında nə edəcəyini bilməzkən, gah sağına qanrılıb, nəsə demək istəyir, gah sola burxulur, gah da pərt-pərt burnunu qaşıyır, gözünü döyürdü. Bizim eldə belə hala maçımaq deyirlər, adam rəsmən maçıyıb - karıxıb qalmışdı, nə edəcəyini, nə deyəcəyini bilmirdi.
Birincisi, Ermənistana yönəlik ittihamlar tarixi, siyasi-hüquqi faktlara əsaslanırdı, ikincisi, çıxışın müəllifi olan Azərbaycan Prezidenti öz təsirli nitqi ilə dövlət başçılarının diqqətini yenidən Ermənsitanın iç üzünə cəlb etmişdi”. Ə.Qoşalının sözlərinə görə, Soçi nidasından az keçmiş Aşqabat ittihamı, bitərəf, çəkingən, bəlkə Ermənistanla müəyyən bağlara sahib olanları belə, düşünməyə vadar etdi: “Necə deyərlər, faktdan başqa fakt yoxdur! Durub, nə deyəcəksən? Deyəcəksən ki, Qareginin heykəli ucaldılmalıydı, ermənilər doğru edib? Necə ki, təcrübəsiz Paşinyan cavaba cəhd elədi, cavab əvəzində özünü biabır eləmiş oldu. Guya Qaregin deyildiyi kimi birisi olmayıb, türklərə qarşı vuruşubmuş, nə qələt edibmiş... Gəlin dövlət başımızın çıxışına bir daha diqqət edək: "...Biz dövlət başçıları faşistlərin qəhrəman kimi qələmə verilməsinin əleyhinə dəfələrlə çıxış etmişik. Təəssüf ki, MDB məkanında, xüsusən Ermənistanda belə hallar baş verir. Orada öncəki hakimiyyət Yerevanın mərkəzində faşist cəlladı və satqın, Qaregin Njde ləqəbi ilə alman faşistlərinə xidmət etmiş Qaregin Ter-Arutyunyana heykəl qoyub. MDB ölkələrindən olan müharibə veteranlarının böyük bir qrupu Ermənistanın öncəki rəhbərliyinin bu həyasız addımına qarşı dəfələrlə etirazını bildirib. 2019-cu ilin mayında Rusiya Xarici İşlər Nazirliyi "Nasizmin qəhrəmanlıq kimi qələmə verilməsi, neonasizmin yayılması və irqçiliyin, irqi ayrı-seçkiliyin, ksenofobiyanın və onlarla bağlı dözümsüzlüyün müasir formalarının yayılmasına şərait yaradan praktikanın digər növləri ilə bağlı vəziyyət haqqında" məruzə təqdim edib. Həmin məruzədə deyilir: "Ermənistanın keçmiş hakim respublikaçılar partiyası millətçi təmayüllü, Üçüncü Reyx ilə əməkdaşlıq etməsi haqqında məlumat olan, birmənalı siyasi mövqeyi olmayan Qaregin Njdenin xatirəsinin əbədiləşdirilməsi üçün addımlar atıb". - Bu, Rusiya Xarici İşlər Nazirliyinin möv¬qe¬yi¬dir.
Rusiya Federasiyasının Müdafiə naziri Sergey Şoyqunun sədrliyi ilə Müdafiə Nazirliyinin baş redaksiya heyəti tərəfindən nəşr edilmiş 12 cildlik "1941-1945-ci illərin Böyük Vətən müharibəsi" ensiklopediyasının "Böyük Vətən müharibəsi illərində gizli müharibə, kəşfiyyat və əks-kəşfiyyat" adlı altıncı cildində dərc edilmiş "Müharibənin son dövründə hərbi əks-kəşfiyyatın fəaliyyəti" adlı məqalədə deyilir: "Əks-kəşfiyyatçılar 114-cü Dromedar oberqrupu barəsində agentura işi çər¬çivəsində daşnak ordusunun keçmiş generalı, almanların yanında Njde ləqəbi ilə xidmət etmiş mühacir Ter-Arutyunyanı aşkar edib və həbsə alıblar. Böyük Vətən müharibəsi illərində o, Bolqarıstan ərazisində milliyyətcə erməni olan 30-dan çox agent cəlb edib, onların təxribat hazırlığında və pozucu fəaliyyət üçün Qızıl Ordunun arxa cəbhəsinə atılmasında iştirak edib. SMERŞ qrupunun əməkdaşları olan 17 təxribatçı saxlanılıb, qalanları barədə axtarış elan edilib. Njde həm də Avropanın yəhudi əhalisinə qarşı Holokostda iştirak edib. 1942-ci ildə o, Sovet İttifaqına qarşı döyüşən erməni legionu təşkil edib. Yeri gəlmişkən, Njdenin əsas şüarı belə idi: "Almaniya uğrunda həlak olan Ermənistan uğrunda həlak olur". Burada şərhə ehtiyac yoxdur. Njde həbs olundu və Vladimir həbsxanasında ömrünü başa vurdu.
2016-cı ildə Ermənistan paytaxtının mərkəzində bu satqın cəllada hündürlüyü 6 metrə yaxın olan heykəl qoyulub. Təəssüf ki, Ermənistanın yeni hakimiyyəti bu heykəli götürməyib. Hesab edirəm ki, MDB məkanında faşizmin qəhrəmanlıq kimi qələmə verilməsinə yer yoxdur".
Azərbaycan Prezidentinin alovlu vətənpərvərliyi ilə intellekti, diplomatiyası bu çıxışda bütün parlaqlığı ilə özünü göstərir. İndi Ermənistan hakimiyəti odla su arasındadır”. O, əlavə edib ki, tarixi Aşqabat ittihamından sonra, o heykəli götürmək də, götürməmək də, Paşinyana problem yaradacaq: “Onsuz da, şüarçılıqla, boş vədlərlə, (arxalanması uğur vəd etməyən Ermənistan geçəkliyi ilə) uzağa getmək mümkün deyil! Demoqrafik durum, maliyyə gərginliyi, işğalçılıqda israr edə-edə özünü dünyavi, nə bilim, demokrat lider imicində təqdim etmək...Bunlar bir yerə qədər işlər, yalnız bir yerə qədər. Divar qurtarınca ya yıxılacaq ya (ən yaxşı halda) səndələyəcəksən!
İşğalçı dövlətin başbilənləri tərsinə nallanmış qatır gününə düşmək istəmirsə, Qafqazda barışa, ümumən dünya sülhünə zərbə vura biləcək addımlardan geri çəkilməlidir! Qarabağ iştahası, "ikinci erməni dövləti" xəyalı, "miatsum" qışqırığı tarixi Azərbaycan torpaqlarında qurulmuş Ermənistanın özünü böyük sual altına itələyir!
Ali Baş Komandanımız, fədakar ordumuz, Qarabağ uğrunda öldürməyə, ölməyə hazır Vətən övladları, bütövlükdə əmzkar xalqımız faşist ideologiyasından qurtula bilməyən, onu abidə¬ləş¬dirən işğalçıları, əlbəttə, sarsıdıcı tarixi zərbəyə mərzu qoyacaq.
Neynək, onlar sökə bilmirsə, bilməsin, biz ərazi bütövlüyümüzü bərpa etmə sürəcində o, 6 metrlik qaramatın da çarəsinə baxarıq...”.

Əli