Dağlıq Qarabağ münaqişəsi İran mətbuatı və elmi ədəbiyyatında Layihə

Dağlıq Qarabağ münaqişəsi İran mətbuatı və elmi ədəbiyyatında

Sübhan Ə.Talıblının araşdırması

I yazı

Dağlıq Qarabağ münaqişəsi başlayan gündən İran bu məsələyə fərqli aspektlərdən yanaşıb. İran və erməni mətbuatında Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan-Ermənistan münasibətləri bir çox hallarda ermənilərin maraqlarını müdafiə edən məqamlara toxunulub. Bu da faktdır ki, İran-Ermənistan münasibətləri ermənilərin işğalçılıq siyasətinə bir növ haqq qazandırmış hesab edilir. İranın Ermənistanla bütün sahələrdə münasibətləri, xüsusən də iqtisadi sahədə əməkdaşlığı işğalçı ölkənin ayaqda durmasına təkan verib. İranda güclü erməni lobbisi də formalaşıb ki, bu da İran mətbuatında onların işğalçılıq siyasətinə haqq qazandıran məqalələrin ictimaiyyətə çatdırılmasına dəstəkdir.
Bu yazımızda Sübhan Ə.Talıblının araşdırmasını təqdim edəcəyik. Həmin araşdırmada işğalçı ermənilərin "iarnlaş"malarından və Dağlıq Qarabağda törətdiyi qətliamları İran mətbuatı, ictimaiyyəti tərəfindən pərdələmək niyyətlərindən söz açılır. İran mətbuatında və elmi ədəbiyyatında Dağlıq Qarabağda cərəyan edən hadisələr barəsində müxtəlif məzmunlu yazılar dərc edilir. Bu yazılarda faktiki materiallarla yanaşı, subyektiv fikirlər də özünə yer alıb. Ermənilər Qarabağ münaqişəsində İran İslam Respublikası (İİR) rəhbərliyindən mənəvi dəstək almaq məqsədilə farslarla bir kökdən, yəni ari soyundan gəldiklərini geniş təbliğ edir, yer adlarını özlərinin adları ilə bağlayırdılar. İranda, xüsusən Güney Azərbaycanda bir sıra qədim yaşayış məntəqələrini və oradaki tarixi abidələri, qalaları, körpüləri, dağları, ibadətgahları erməniləşdirməyə cəhd edən "tədqiqatçilar" indi də farslarla bir kökdən - ariya kökündən olduqlarını, əsrlərcə milli kimliklərinin vahid olduğunu meydana atıblar.
Əsası olmayan bu uydurmanın bünövrəsi Rza xan şahlıq taxtına çıxan vaxtdan (1925) qoyulsa da, indiki vaxtda da İrandaki siyasi mühitdən və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı İran-Ermənistan münasibətlərindəki durumdan istifadə edən İran və erməni tarixçiləri, onları xaricdə həvəsləndirənlər, ermənilərin "qədimdən farslarla eyni köklü qardaş, ən uzağa əmi oğlu" olduqlarını sübut etmək üçün yeni-yeni uydurma "mənbələrə" istinad edib kitablar yazıb çap etdirirlər. Belə kitablardan biri Tehrandakı "Diba" nəşriyyatında, nəfis şəkildə 2000 nüsxədə çap edilmiş, 242 səhifəlik "İranlılarla ermənilərin mədəni əlaqəsi" kitabıdır. 2005-ci il noyabrın 10-da Tehranda özünü qeyri-dövlət "elmi" qrupu adlandıran "Çağdaş İran Tarixi Araşdırmalar Mərkəzi"ndə keçirilmiş toplantıda Əlirza Bekdilinin çıxışı SSRİ dağıldıqdan sonra İran-Azəbaycan münasibətlərinə həsr edilmişdi. O, Qarabağ münaqişəsini üç başlıca dövrə bölərək, hər bir dövrdə İranın Qarabağ münaqişəsinin sülh yolu ilə və ədalətli həll olunmasına tərəfdar olduğunu deyib. Ə.Bekdili Azərbaycanı İranın mövqeyinə həmişə tənqidlə yanaşmaqda suçlayıb, İran dövlətini fars şovinizmində günahkar bilən azərbaycanlı milli qüvvələri qınayıb.
"Keyhan həvayi" qəzeti "Ermənistana inanmaq olmaz" başlıqlı məqaləsində yazır: "Ermənistan Respublikasının başçısı İİR səfirliyinin məsul işçisi ilə görüşərkən İİR-in regionda mühüm rolunu xatırladaraq Qarabağ münaqişəsinin həll edilməsi üçün ölkəmizin (İranın) vasitəçilik səylərinin davam etdirilməsini istədi. Ermənistan prezidentinin Qarabağda gedən qanlı çarpışmaların dayandırılması barədə Tehranda dediyi sözlər çox ümidverici idi. Elə buna görə də İİR-nın vasitəçilik çalışmalarının yenidən başlaması artıq məntiqə uyğun görünmür". İran, Azərbaycana təcavüz etmiş Ermənistanı beynəlxalq miqyasda təcrid etməyə nəinki təşəbbüs göstərmiş, əksinə İran-Ermənistan münasibətlərindəki canlanma müşahidəçilərin nəzər-diqqətini cəlb edib. İranda Dağlıq Qarabağ probleminin köklərilə bağlı ictimai rəyin formalaşmasında mənfi rol oynayan fars və erməni tarixçilərinin əksinə olaraq bir sıra müəlliflər hadisələrə obyektiv, ədalətli yanaşma metodunu seçiblər. Erməni daşnaklarının 1918-ci ildə Güney Azərbaycanın Urmiya, Xoy, Səlmas, Maku, Şərəfxan və digər ərazilərində Türklərə qarşı törətdikləri kütləvi soyqırım haqda çox az yazılıb. Təbrizli tarixçi alim, doktor Səməd Sərdariniyanın 2005-ci ilin sonunda çapdan çıxmış "Arazın hər iki sahilində müsəlman qətliamı" kitabı bu boşluğu doldurmaq üçün sanballı bir əsərdir. S.Sərdariniyanın farsca yazdığı kitabında ermənilərin Arazın hər iki tayında, əsasən Güney Azərbaycanda törətdikləri kütləvi soyqırımından, talan və özbaşınalıqlardan bəhs edir.
Bu kitab Bakıdakı 1918-ci il məlum mart soyqırımı və ermənilərin uydurduğu "soyqırımı"n 90 illiyinə cənublu qardaşlarımızın verdiyi tutarlı elmi-məntiqi cavabıdır. Müəllif kitabının əvvəlində ermənilərin Türklərə qarşı soyqırımına başladığı gündən indiyə qədər bu xəstə millətin zəhərlənmiş məfkurəsində "Böyük Ermənistan" xülyasının yaranması tarixini işğalçı I Pyotrun zamanından başandığını qeyd edir. "Çar Pyotr Ori adlı erməninin başçılığı altında ilk dəfə Peterburqa gələn erməni elçilərini qəbul edərkən İrana və Osmanlıya qarşı müharibəyə başlayacağı təqdirdə ermənilərin xəyanətlə dolu "tarixi vəzifələri"nin nədən ibarət olacağını onlara başa salıb. "Avropaya pəncərə" açmaq fikrində olan rus imperatoru ilk əvvəl Qafqazı, İran və Osmanlını tutmağı və Fars körfəzindəki isti dəniz sularına çatmağı özünün işğalçılıq planında ön cərgədə qoymuşdu və bu işdə ermənilərin satqınlığı, çörəyini yediyi yerli xalqlara xəyanəti Rusiya üçün çox önəmli olmuşdur". Müəllif yazır ki, "I Pyotrun ölümündən sonra hakimiyyətdə olmuş rus hökmdarları Orta Şərqi ələ keçirmək, "isti sulara" çıxmaq haqda öz sələflərinin işğalçılıq fikirlərindən uzaqlaşmamışlar və bu işdə ermənilər həmişə rusların əlaltısı, nökəri olmuşdur".
Müəllif Qafqaz, İran, Türkiyəyə qarşı rusların işğalçılıq siyasətində ermənilərin "katalizator" rolu oynamasını, xəyanət və arxadan bıçaq vurmaq kimi alçaq əməllərini onların "Böyük Ermənistan" xülyasında yaşamaqları ilə izah edir. İran daxilində bir çox mühüm vəzifələrdə, ordu və məclisdə yer tutan ermənilər vasitəsilə İran üzərində az-çox nüfuzu olan bir çox Qərbi və Şərqi Avropa dövlətlərinin təşəbbüsü ilə mühacir ermənilərin İranda mühüm təşkilatları, milli-mədəni müəssisələri, iqtisadi, ictimai təşkilatları, məktəb, teatr, qəzetləri də İranın Qarabağ məsələsinə münasibətinə təsir göstərmək üçün səy göstərmişlər və son zamanlar bu istiqamətdə məqsədyönlü fəaliyyətlərini daha da gücləndiriblər.
Məsələn, Daşnaksütyun Partiyasının Təbrizdə hər il müntəzəm konqresləri keçirilir və bu zaman Avropa və Qafqazda çalışan erməni millətçiləri yaxından iştirak edirlər. İranın bir çox hərbi və mülkü müəssisələrini əllərinə almış, şah zamanında Pəhləviyə müraciətlə müxtəlif yerlərdə, xüsusilə İran Azərbaycanında iqtisadiyyat və ticarətdə imtiyazlı mövqe tutmağa çalışan erməni millətçiləri İrandakı xarici, xüsusən sovet və sonralar Rusiya diplomatik idarələrində məqsədyönlü fəaliyyət göstərirlər. Təbrizdəki daşnakların bir qismi Avropada olduğu kimi Daşnak Partiyasından ayrılaraq erməni "Arur" təşkilatını qurublar. Mühacir ermənilərdən ibarət bu təşkilat vaxtilə İran Azərbaycanında bütün sovet idarələrini əlinə alıb; Təbriz, Urmiya, Marağa, Xoy və sairə kimi yerlərdə isə ticarət, nəqliyyat və iqtisadi müəssisələr qurub. Ermənilərin bütün fəaliyyəti İranın hər cəhətdən Ermənistana dəstək verməsinə yönəldilib. Fəqət məsələ yalnız bununla bitmir. İran ermənilərinin fəaliyyəti getdikcə daha məkirli və hücumçu xarakter kəsb edir. Və İran mətbuatından bəziləri ("Təbriz", "Pərvəriş" və sairə kimi) ermənilərin bu təcavüzkar fəaliyyətlərinə vasitə olurlar. Bütün bunlar erməni millətçilərinin İran mətbuatını öz əllərində bir vasitə etdiklərini göstərir. Tarixən ermənilərin Türklərə qarşı xəyanətlə dolu xidmətləri rus çarizmindən tutmuş bugünkü Rusiya rəhbərliyinədək həmişə dəstəklənib və layiqincə qiymətləndirilib. Bunun nəticəsidir ki, ermənilər bu gün Qərbi Azərbaycan topaqları hesabına özlərinə qondarma bir respublika yaradıb indi dünyaya meydan oxuyurlar.
İranda çap olunmuş "İrəvan müsəlman sakinli şəhər olmuşdur" kitabında tarixi sənədlər əsasında İranın ermənipərəst tarixçilərinə tutarlı cavab verilib. Kitabda deyilir: "Ermənilərin arzusu ilə ruslar İrəvan və onun ətrafındakı 4 xanlığı, 41 bəyliyi və sultanlığı ləğv etdilər. Buradakı müsəlmanların çoxu təzyiq və məcburiyyət qarşısında ərazidən köçməyə məcbur edildi. Torpaq və əmlakları gəlmə ermənilər arasında bölüşdürüldü. İrəvanda yaşayan əhalinin 143 min nəfərindən 117849 nəfəri müsəlman Türk, cəmi 25151 nəfəri (gəlmələrlə birlikdə) erməni olub. Qahirədə çıxan "Hikmət" qəzeti "Tərcüman" qəzetində verilmiş məlumata əsaslanaraq XX əsrin əvvəllərində (1904) Qafqazda 3 milyon 208 min 875 nəfər müsəlmanın yaşadığını yazırdı ki, bunların da 352351 nəfərinin İrəvan vilayətində olduğunu qeyd edib. Rus məmurunun statistik məlumatına inansaq belə XIX əsrin 30-cu illərində İrəvanda yaşayanların 80 faizdən çoxunu müsəlman Türklər təşkil edib. Halbuki, sonrakı illərdə müsəlmanlara qarşı rus-erməni zorakılığı onların sayca ilbəil azalmasına səbəb olub, onları Azərbaycanın başqa əyalətlərinə köçməyə məcbur edib.

Cavid