“1905-1906-cı illərdə erməni-müsəlman davası” Layihə

“1905-1906-cı illərdə erməni-müsəlman  davası”

Mir Möhsün Nəvvab: "Qafqaz vilayətlərində nə qədər iğtişaş və münaqişələr baş verirdisə, onların birinci səbəbkarı ermənilər olurdu"

II yazı

Ermənilərin 20-ci yüzildə xalqımıza qarşı törətdiyi soyqırımlarla bağlı Mir Möhsün Nəvvabın tarixi əsərində - "1905-1906-cı illərdə erməni-müsəlman davası" kitabında kifayət qədər ətraflı təhlillər, təsvirlər var. Müəllif yazır: "Bu halda bir neçə kəlmə erməni tayfasının törətdiyi əhvalatlardan yazmaq lazımdır. Əvvəla mərhum İbrahim xanın hökmranlığı zamanında Pənahabad, yəni Şuşa qalasının şərq tərəfində Bağırqan dağı deyilən yerdə bir uca qaya vardı. Həmin dağda öz təbəələri ilə Avan Koxa adlı bir erməni yaşayırdı. Avan Koxa öz təbəələrinə buyurmuşdu ki, harada əllərinə müsəlman (yəni Azərbaycan türkü-red.) düşsə, tutub onun hüzuruna gətirsinlər. Avan Koxanın əmrilə tutulmuş müsəlmanı çılpaqlayıb üzü üstə yerə yıxardılar. Sonra onun arxasının dərisindən dörd barmaq enində bıçaqla boynundan qom ətinəcən iki tərəfdən xətt çəkər və dərinin ucunu aşağı əydirilmiş ağacın qüvvətli bir budağına bənd edib budağı buraxardılar. Ağacın budağı qüvvətlə yuxarı qalxanda o yazıq müsəlmanın dərisi boynuna qədər soyulardı və onun bağırtısı o dağa düşərdi. Bu əhvalatı görənin və eşidənin də bağrı qan olardı. Buna görə də həmin qayaya "Bağırqan dağı" adı vermişdilər".
"1905-1906-cı illərdə erməni-müsəlman davası" kitabının ardına diqqət edək: "Hicri 1260-cı (miladi 1844)-cü il tarixində qundaqsaz İsaballı adlı bir erməni başqa ermənilərlə birlikdə müsəlmanların şəbeh gətirməyini təqlid edərək istehza edərlərmiş. Müsəlmanlar hadisədən xəbərdar olan saat dükan-bazarı bağlayıb Xan bağına getdilər və şəhərin hakimi Cəfərqulu xanı Qalaya gətirdilər. Şəhərdə böyük bir qovğa üz verdi. Böyük-kiçik hamı həmin hakim tərəfə üz qoydular. Bu halda çox qorxuya düşən hakim nə qədər istədi ki, müsəlmanları sakitləşdirsin, mümkün olmadı. Axırda bir bəhanə ilə aradan çıxıb evinə gəldi. İğtişaş get-gedə şiddətlənirdi. Onun qarşısını almaq üçün Şuşakənddə olan digər şəhər hakimi Ala bəyi gətirdilər. Ala bəy atlı meydana daxil olan kimi xalq onu araya aldı. Mirhadı adlı bir seyid irəli gəlib Ala bəyi çəkib atdan yerə saldı və vurub baş-gözünü yardı. Xalq üz qoydu ermənilərin üstünə. Ermənilər tamam dükandan çıxıb qaçdılar. Kimisi dükanı bağladı, kimisi bir qapısını örtdü, kimisi də buna fürsət tapmayıb ayaqyalın üz qoydu qaçmağa. Bir para uzaqgörən müsəlmanlar qaçan ermənilərin bir parasını evlərinə gətirib mühafizə edib sakitləşdirdilər. Cahil müsəlmanlar isə ermənilərin vurub baş-gözlərini yardılar. Xülasə, şəhərin hakimi birtəhər müsəlmanları sakit edib erməniləri böyük fəlakətdən qutardı.
Hicri 1294-cü (miladi 1877) ildə rus-osmanlı müharibəsində rus dövlətinin ordu başçılarından bir neçəsi erməni tayfasından idi. Həmin ermənilər Qars şəhərini tutarkən düşmənçiliklə nə qədər müsəlman kitabları və Quranı-Şərif əllərinə keçirdisə, yandırırdılar. Həmin tarixdə ermənilərin sənətkarları İrəvan şəhərində Üçkilsədə (Eçmiədzin) maşın tərtib edib, 9 milyon qəlp əskinas pul kəsdilər. Dövlət xəbərdar olub, qəflətən tökülüb həmin pulu və maşını müsadirə edib, pulkəsənləri və kəsdirənləri tutub cəzalandırdı.
Hicri 1321-ci (miladi 1903) il tarixində müsəlman kəndindən olan Məhəmməd və Salman adlı iki qardaş öz yüzbaşılarına etiraz əlaməti olaraq qaçıb meşənin içində kömür yandıran Aleksan adlı dağlı bir erməninin yanına gəldilər. Həmin iki qardaş erməni ilə hal-əhval etdikdən sonra əyləşdilər. Hava soyuq olduğuna görə bir az quyunun kənarında oturub qızındıqdan sonra, xurcunlarında olan yeməyin hamısını çıxarıb, yarısını erməniyə verdilər, qalanını isə özləri yedilər. Əhvalatdan xəbər tutan bu iki cavanın ata-anası hər gün yemək və çörək gətirib həmin kömürxanada onlara verirdilər. Bu əhvalat bir neçə gün belə davam etdi. Yenə bir gün onlara dadlı yeməklər gətirdilər. Cavanlar yeməyi yarıya bölüb, yarısını erməniyə verib, yarısını özləri yeyib, isti vura-vura yuxuya getdilər. O məlun erməni özündən savayı, qabaqcadan daha iki erməni gətirib orada gizlətmişdi. Elə ki, cavanlar yatdı, ermənilərin hər üçü durub əllərində balta yavaş-yavaş gəlib, o biçarələrin başlarını iki para etdilər. Cavanlar bircə dəfə çığırıb canlarını tapşırdılar. Sonra o məlun ermənilər o biçarələri üryan edib, paltarlarını və ciblərini soyub, bədənlərini kömür quyusuna atıb yandırdılar. Yenə bu günlərdə Əfətli kəndinin müsəlmanlarından iki nəfər şəxsi Ballıca kəndinin erməniləri hiylə ilə tutub öldürmüş və meyidlərini yandırmışlar".
Erməni vəhşilikləri bir-birinin ardınca sıralanır: "Hicri 1321-ci il (miladi 1903) tarixində rus-yapon müharibəsi zamanı bir qarabağlı erməni yapon dövlətinə dəyəri bir milyon yarım manat olan bir gəmi pişkəş elədi. Bu zaman rus dövlətinin başı müharibəyə qarışdığına görə ermənilərdən çağırılmış əsgərlər dövlətə xəyanət edərək dəstə-dəstə silahları ilə bərabər Osmanlı və İran dövlətlərinə qaçdılar. Qərəz, öz məzhəblərinin qaydası ilə andlarına yalan çıxıb müxtəlif xəyanətlər edirdilər…
Bunlar hər şəhərdə qımdatxana təşkil edirdilər. İlk dəfə Osmanlı şəhərində, sonra isə Rusiyanın ayrı-ayrı şəhərlərində belə qımdatxanalar yaratmağa başladılar. Bu qımdatxanalara bütün siniflərdən şəxs cəlb olunurdu: oxumuş cavanlar, sövdəgərlər, sənətkar və başqaları.
Bu qımdatların icmasının müşavirəsində bir qərar qəbul olundu ki, hər bir iş sahibi qımdatxanalara pul verməlidir. Qımdatxanadan həmin qərara əsasən erməni iş sahiblərinə məktublar göndərib onların qımdatxanaya göstərilən məbləğdə pul göndərmələrini tələb edirdilər. Erməni iş sahibi məktubun tələbinə əməl etmədikdə ona qımdatxanadan ikinci dəfə elannamə yazılırdı. Əgər yenə həmin şəxs pul verməkdən imtina edərdisə, üçüncü dəfə onu hədələyirdilər. Bu dəfə də tələbə əməl etmədikdə qımdatlar həmin şəxsin öldürülməsi üçün bir və ya iki nəfər təyin edirdilər. Həmin şəxslər isə nəzərdə tutulmuş adamı öldürüb gizlənirdilər. Heç kəs bilmirdi ki, bu cinayəti kim etdi və hara getdi. Əgər caniləri bilən və tanıyan olsa da, cürət edib heç kəsə deyə bilməzdi. Çünki kimsə canını ifşa etməyə cəhd göstərsəydi, onun özü də qımdatxana quldurlarının sui-qəsdinə məruz qalardı.
Atası nalbənd olmuş Camqarov familiyalı bir erməni … tez bir zamanda milyonçu olur. Qımdatlar başqa varlı ermənilər kimi ona da kağızla müraciət edib qımdatxanaya 30 min manat verməsini tələb edirlər. O isə qımdatların tələbinə məhəl qoymayıb Moskvaya gedir. Bu zaman qımdatlar Moskvada yerləşən qımdatxanaya yazırlar ki, o bizim tələbimizə əməl etmədiyinə görə cəzasına çatdırılaraq qətlə yetirilsin. Moskva qımdatxanasının başçıları özlərinin muzdlu qatillərinin arasında püşk ataraq Camqarovun öldürülməsi tapşırığını onlardan birinə həvalət etdilər. Həmin qatil Camqarovu Moskvada kilsənin qalası yaxınlığında qətlə yetirildi. Beləliklə də, qımdatxanaların muzdlu qatilləri neçə-neçə günahsız ermənilərin və rusların ölümünə də bais olurdular".
Bu, o deməkdir ki, ermənilər öz millətlərindən olanları məqsədlərinə tabe etdirmək üçün hər cür yola əl atırdılar: "Hicri 1321-ci (miladi 1903) ildə rus dövləti Qafqaz vilayətindəki kilsələrin əmlakını zəbt etmək istəyirdi. O vaxt bütün Qafqaz şəhərlərində olan erməni icmalarının başçıları toplaşıb rus dövlətinin niyyətinə qarşı durmaq və onun həyata keçirilməsinə mane olmaq qərarına gəldilər. Bunun nəticəsində dövlət tərəfindən erməni millətindən olan xeyli adamlar qətlə yetirildi. Bununla bərabər bir çox erməni icmalarının tanınmış başçıları tutularaq Sibirə göndərildi. Kilsələrin əmlakı isə zəbt olnub dövlət sərəncamına verildi. Həmin göstərilən bu ildə şəhərlərdə çox nahaq qanlar töküldü, xalqlar bir-birinə çox zülmlər etdilər. Bunun xoşagəlməz təsiri hər tərəfi bürüdükcə insanları xoş və rahat həyatdan məhrum edirdi. Xüsusən, Mancuriya torpağında rus tayfasından nə qədər insanların nahaq qanları töküldü, gəmiləri dənizlərdə batırılıb məhv oldular. Neçə-neçə şəhərlər və kəndlər xarabalıqlara çevrildi.
Bu tarixdə İran vilayətinə xəstəlik düşüb, sayı həddi-hesaba gəlməyən insanlar tələf oldular. Bu günlərdə bəndeyi-aciz Nəvvab Mir Möhsün qardaşı Hacı Mirzə Abutalıb xanı Tehranda Amas adlı öz erməni nökəri yatdığı yerdə öldürüb, bacardığı qədər cavahiratdan və nəğd puldan götürüb qaçıb. Amma bu cinayətdən qaça bilməyib, rus divanxanasının əlinə keçib".
M.M.Nəvvab bu yerdə 1904-cü ildə Bakıda ermənilərlə Azərbaycan türkləri arasında baş vermiş münaqişələrdən danışır: "Əvvəla, bunu bilmək lazımdır ki, İrəvan şəhərinin erməniləri çox kinli, ədavətli, təkəbbürlü, xüdpəsənd və xəmirləri fitnə-fəsad ilə yoğrulmuş adamlardır. Hansı vilayətdə ki bunlar tapılır, mütləq orada bir ədavət və iğtişaş olacaq. Qafqaz vilayətlərində nə qədər iğtişaş və münaqişələr baş verirdisə, onların birinci səbəbkarı İrəvan erməniləri olurdu.
Bir gün Bakıda olan İrəvan erməniləri şəhərdə iğtişaş salmağa cəhd göstərirlər. Belə ki, özünü hamıdan qoçaq və igid hesab edən həmin ermənilərdən biri bir müsəlmanı öldürür. Ondan sonra lovğalanaraq hər yerdə özünü tərifləyir və gördüyü cinayətə fəxr edirdi. Bir gün o, küçədə getdiyi yerdə 18 yaşlı Bakı camaatından gənc bir oğlan onun qaşısına çıxıb deyir:
- O erməni qoçağı sənsən?
Erməni cavab verir:
- Qoduq, mənəm!
Oğlan bu cavabı eşidən kimi tapançanı çıxarıb erməninin bədəninə üç güllə yeridərək öldürür. Ermənilər həmin müsəlman oğlanı tutub, döyə-döyə gətirib divanxanaya verirlər... Orada məmur əmr etdi ki, onu həbsxanaya aparsınlar. Oğlan məmura yalvarıb xahiş etdi ki, onu erməni əsgərləri ilə göndərməsin, çünki onlar yolda onu öldürəcəklər. Məmur ona qulaq asmayıb, zindana aparmağı əmr etdi. Həmi İrəvandan olan erməni əsgərlər isə oğlanı çəkə-çəkə aparıb, bir dar küçədə yerə yıxdılar və süngü ilə dəlik-deşik edib öldürdülər. Sonra isə məmura bildirdilər ki, qaçmaq istəyirdi, biz də öldürdük".