Pişəvərinin Azərbaycan Milli Hökumətinin yaranmasında rolu Güney Azərbaycan

Pişəvərinin Azərbaycan Milli Hökumətinin yaranmasında rolu

5-ci yazı

Milli heyət 1945-ci il noyabrın 25-də Təbrizdə bir neçə nəfər iri tacir, mülkədar, ruhani və yüksək rütbəli dövlət qulluqçusunun iştirakı ilə müzakirələr və dekabrın 8-11-də isə şahın və İran hökumətinin nümayəndəsi Murtuza Bəyatla danışıqlar apardı. Bu danışıqlara İran hökuməti təşəbbüs etmişdi. O bu yolla Azərbaycan demokratları müqabilində siyasi qüvvə yaratmaq, vaxt qazanmaq və xalqı aldatmaq istəyirdi. Lakin xalqa bir daha məlum oldu ki, İran dövləti Azərbaycana muxtariyyət vermək istəmir və danışıq üçün göndərdiyi şəxsin heç bir qərar qəbul etmək səlahiyyəti yoxdur.
Azərbaycan Milli heyəti Azərbaycan Milli Məclisi seçkilərinə başlamaq haqqında 1945-ci il noyabrın 21-də fərman verdi. Bu iş öz-özlüyündə inqilabi əhəmiyyətə malik idi. İranda seçki fərmanını dövlət başçısı - şah verirdi. S.C.Pişəvəri seçki fərmanının şahsız verilməsini "böyük bir iş" adlandırmışdı. Azərbaycan Milli Məclisinin seçki qanunu əsasında 1945-ci il noyabrın 27-dən Azərbaycanın bütün vilayətlərində Azərbaycan Milli Məclisinə seçkilər başlandı. Bu zaman Təbriz, Ərdəbil, Urmu, Marağa, Miyandab, Əhər, Meşkin, Xalxal, Xoy, Makı, Mərənd və Salmas kimi şəhərlər İran hökumətinin silahlı qüvvələrinin hökmranlığı altında idi. Onlar Azərbaycan Milli Məclisinə seçkiləri pozmağa çalışırdılar. Buna baxmayaraq seçkilər dekabrın 1-də hər yerdə böyük müvəffəqiyyətlə qurtardı. 32 seçki dairəsindən 100 nəfər deputat seçildi. Bunların çox böyük əksəriyyətini Azərbaycan əhalisinin ən görkəmli inqilabçı, vətənpərəst və maarifpərvər şəxsləri təşkil edirdilər. S.C.Pişəvəri Azərbaycanda xalq hakimiyyəti yaranması uğrunda siyasi-ictimai mübarizədə ADF MK-nın sədr müavinləri M.Ə.Şəbüstəri və S.Badəqan başda olmaqla X.Azərbadəqan, M.Birya, M.Vilayi, Z.Qiyami, H. Zəfiri, K.Haşimniya, H.Cövdət, T.Şahin və başqalarının təşkilatçılıq fəaliyyətinə yüksək qiymət vermişdi.
ADF xalq hakimiyyəti uğrunda dinc siyasi mübarizə ilə yanaşı silahlı mübarizə istiqamətində də hazırlıq işləri aparırdı. ADF-nin Mərkəzi Komitəsinin 1945-ci il noyabr plenumunun qərarında kəndlilərə hücum edən jandarmların qabağının alınmasına göstəriş verilmişdi. Aydın idi ki, xalq jandarmların qarşısını almaq istədikdə jandarmlarla, irticaçı mülkədarlarla və dövlət qoşunları ilə vuruşmalı olacaqdı və hadisələrin gedişi xalqı silahlı mübarizəyə gətirib çıxaracaqdı. Buna görə də qabaqcadan hazırlıq görülmədən, düşünülmədən belə bir qərar həyati deyildi. S.C.Pişəvəri yazır ki, ADF yaranan gündən "istədiklərimizi təmin etmək üçün möhkəm bir hərbi təşkilat yaratmaq yolunda çalışırdı". Hərtərəfli hazırlıqdan sonra 1945-ci il oktyabrın ikinci yarısından xalq hakimiyyəti yaratmaq uğrunda silahlı mübarizə başlandı. O zaman ələ silah götürüb xalq hakimiyyəti uğrunda mütəşəkkil mübarizə aparan şəxslər Fədai adlanırdılar. S.C.Pişəvəri yazır: "O günlərdə Fədai dəstələri ilə müstəqimən özüm rabitə saxlayırdım". Xalq hakimiyyəti uğrunda silahlı mübarizəyə də ADF-nin Mərkəzi Komitəsinin hərbi rəhbərliyi başçılıq edirdi. ADF MK-nın sənədlərindən məlum olur ki, silahlı mübarizənin hərbi strategiya və taktikası barədə iki başlıca təklif olmuşdur. Birincisi, silahlı bir dəstəni gizlicə Təbriz şəhərinə toplamaq, İran hökumətinin bu şəhərdəki silahlı qüvvələrinə qəfildən hücum edərək onları tərksilah etmək, idarələri tutmaq, eyni zamanda bu əməliyyatı bir-iki böyük şəhərdə də tətbiq edərək hücumu genişləndirmək təklifi idi. ADF-nin hərbi rəhbərliyi bu təklifi rədd etmişdi, çünki bu təklif xalqın özünün inqilabda iştirak etməsini nəzərdə tutmurdu və silahlı dəstəni xalqın köməyindən məhrum edirdi. Qeyri-inqilabi mahiyyətdə olan bu plan mütləq məğlubiyyətlə nəticələnərdi. Silahlı mübarizə barədə ikinci təklif Azərbaycanın bir neçə mahalında, kənd yerlərində eyni vaxtda partizan vuruşlarına başlamaqdan ibarət idi. Ümumi hərbi taktika olaraq qərara alınmışdı:
İran hökumətinin Azərbaycanda böyük şəhərlərdəki silahlı qüvvələrinin bir-birilə əlaqələrini eyni vaxtda kəsmək, əvvəlcə kənd yerlərində silahlı irticaçıları və jandarm dəstələrini tərksilah etmək, qənimət alınan silahlarla əlavə fədai qüvvələri yaratmaq, kiçik şəhərləri və nəhayət mühasirə yolu ilə böyük şəhərləri azad etmək.
İran hökuməti Azərbaycandakı bütün silahlı qüvvələrini və irticaçı mülkədarların silahlı dəstələrini milli-azadlıq hərəkatı əleyhinə səfərbər etdi və böyük cinayətlərə başladı.
ADF inqilabi hərəkatın gedişinə gündəlik rəhbərlik edirdi. Silahlı mübarizəyə hazırlıqdan asılı olaraq ADF-nin orqanı olan "Azərbaycan" qəzetində konkret göstəriş verilirdi, S.C.Pişəvəri 1945-ci il oktyabrın 12-də "Azərbaycan" qəzetində yazırdı: "Biz bununla bütün xalqımızı təhəmülə, səbrə və mətanətə dəvət edirik". Oktyabrın 26-da isə yazırdı: "Biz açıq deyirik: əgər jandarm rəisləri başladıqları cinayətlərdən əl götürməzsə, əgər dövlət məmurları yerlərində oturmazsa, xalq özü qalxar, onları yerində oturdar". Azərbaycan xalqı milli-azadlıq uğrunda silahlı mübarizəyə hərtərəfli hazır olduğu gün - noyabrın 16-da ADF-nin göstərişi ilə əlaqədar S.C. Pişəvəri "Azərbaycan" qəzetində yazırdı: "Xalq öz başına çarə etməlidir".
Həmin gün, 1945-ci il noyabrın 16-da Tehrandan İran qoşunlarının Baş qərargahı tərəfindən Təbrizə, Azərbaycandakı diviziya komandanına verilən əmrdə deyilirdi: "Ərdəbil, Təbriz və Rizaiyyə (Urmu— M.Ç.) şəhərlərində və sair yerlərdə jandarmları və polisləri də öz əmriniz altına almaqla dövlət idarələrini, xüsusən valiliyi zabitlərin və əskərlərin son qətrə qanına qədər silahlı müdafiə edin.
Şəhərlərdə sakitlik yaradın və hər cür inqilabın qarşısını alın".
Azərbaycan fədailəri İranın irticaçı hökumətinin silahlı qüvvələrinə ilk zərbəni 1945-ci il noyabrın 16-dan 17-nə keçən gecə Marağa, Mərənd, Miyana, Sarab və Ərdəbil mahallarında eyni bir vaxtda vurdular. Nəticədə noyabrın 17-də Miyana, Sarab və Nir şəhərləri, Marağanın Əcəbşir, Binab və Şişəvan qəsəbələri, Qulukənd və Xacəmir kəndləri, Mərəndin Yam kəndi və Ərdəbilin bir neçə böyük kəndi hökumət qüvvələrindən azad edildilər. Beləliklə də Təbriz, Ərdəbil, Astara, Marağa, Miyandab, Urmu, Xoy və Makı şəhərlərindəki hökumət qüvvələri bir-birindən ayrı salınaraq təklənmiş oldular.
Azərbaycan fədailəri bir-birinin ardınca Azərbaycan kəndlərini, qəsəbələrini və şəhərlərini İran hökumətinin silahlı qüvvələrindən azad etdilər. Dekabrın 12-də Təbriz şəhəri fədailər tərəfindən mühasirəyə alınaraq İran qoşun hissələrindən təmizləndi. Ən sonuncu azad edilən Urmu şəhəri oldu (19.12.1945). Dekabr ayının 20-dən Azəbaycan İranın irticaçı hökumətinin zülmündən tamamilə xilas edildi. S.C.Pişəvəri Azərbaycanda xalq hakimiyyəti yaranması uğrunda silahlı mübarizədə (23.10 - 20.12.1945) fədai başçılarından Təbrizdən C.Kavyanın, Urmudan M.Ə.Azadvətənin, Ərdəbildən Ə.M.Məhəmmədvəndin, Marağadan M. R.Kəbirinin, Xoydan N.X.Yekaninin, Zəncandan Q. X.Osanlunun, Miyandabdan Q. Sübhinin və A. Sadiqyanın, Sarabdan Q.R.Cavidanın, Mərənddən S. K.Ələmin, Miyanadən Q.Daneşyanın, Astaradan F.Dehqanın, Ə.Haşiminin və başqa fədai başçılarının şücaət və fədakarlıq göstərdiklərini xüsusilə qeyd etmişdi. İran qoşununda olmuş inqilabçı zabitlərdən Azərbaycana gələnlər də xalq hakimiyyəti qurulması uğrunda qəhrəmanlıqla vuruşdular.
1945-ci il dekabrın 12-də Təbriz şəhərində Azərbaycan Milli Məclisi açıldı və həmin gün Azərbaycan Milli hökuməti təşkil oldu. 12-13 dekabr günləri görülən bütün mühüm inqilabi əhəmiyyətli işlərə S.C.Pişəvərinin bilavasitə iştirakı ilə ADF MK tərəfindən rəhbərlik edilmişdi. O cümlədən dekabrın 12-nə qədər Təbrizi mühasirə etmiş fədai qüvvələrinin Təbrizə daxil olması, Azərbaycan Milli Məclisinin açılışı, məclisin daxili nizamnaməsinin yazılması və qəbul edilməsi; Azərbaycan Milli hökumətinin tərkibi və iş proqramı hazırlanaraq Milli Məclisin müzakirəsinə və təsdiqinə təklif olunması; İran hökumətinin Təbriz şəhərindəki jandarm, polis və qoşun qüvvələrinin təslim olması (13.12.1945) haqqında onun komandanları ilə danışıq aparılması kimi çox mühüm inqilabi işləri göstərmək olar.
Azərbaycan Milli hökuməti, S.C.Pişəvəri Nazirlər Şurasının Sədri (Baş nazir) olmaqla daxili işlər, xalq qoşunları, kənd təsərrüfatı, maarif, səhiyyə, maliyyə, ədliyyə; yol, poçt, teleqraf və telefon; ticarət və iqtisad, iş və zəhmət nazirliklərindən ibarət olmuşdu (İran daxilində Azərbaycan muxtariyyəti prinsipinə və Azərbaycan Milli Məclisinin həmin prinsipi gözləyən daxili nizamnaməsinə uyğun olaraq Azərbaycan Milli hekuməti tərkibində hərbi və xarici işlər nazirlikləri yaradılmadı). Milli Məclis Z.Qiyamini Azərbaycan Ali məhkəməsinin rəisi və F. İbrahimini Azərbaycan prokuroru seçmişdi.
Azərbaycan Milli hökumətinin iş proqramında İran daxilində Azərbaycanın muxtariyyəti prinsipinə tamamilə riayət olunmuşdu. Bu proqramda Azərbaycanın siyasi, iqtisadi, sosial və mədəni həyatının bütün sahələrinin milli-azadlıq və demokratiya əsasları üzrə yenidən qurulması, inkişaf etdirilməsi və Azərbaycanın muxtariyyətinin həyata keçirilməsi və möhkəmləndirilməsi üçün yaxın müddətdə görüləcək əsas vəzifələr müəyyən olunmuşdu.
1946-cı il yanvarın 26-29-da ADF Mərkəzi Komitəsinin Təbriz şəhərində keçirilmiş üçüncü (Azərbaycanda xalq hakimiyyəti dövründə birinci) plenumu (plenumda partiyanın 36 təşkilatının və xalq hakimiyyəti orqanlarının 128 nəfər rəhbər və məsul işçiləri iştirak edirdi) ADF MK-nin sədri S.C.Pişəvərinin "Firqə və milli dövlətin əsas məsələləri haqqında" məruzəsi əsasında qəbul etdiyi qərarda MK icraiyyə hey`ətinin milli-azadlıq mübarizəsində gördüyü işləri təqdir və Milli hökumətin yaradılması yolunda götürdüyü hərəkət xətti təsdiq etdi. Bu qərarda deyilmişdi: "Milli dövlət və Milli Məclisin başladıqları böyük islahat gərək dəqiq bir surətdə davam etdirilsin və Mərkəzi Komitə bu islahatın demokratik və milli əsaslar üzərində həyata keçirilməsinə yaxından nəzarət etsin".
Plenum Milli hökumətin iş proqramının daha sür`ətlə və daha diqqətlə həyata keçirilməsi üçün MK-nın icraiyyə heyətinə tapşırıq verdi və bu sahədə bütün partiya üzvlərinin var qüvvəsi ilə çalışmasını lazım gördü. Mərkəzi Komitə plenumu Firqənın xalq hakimiyyətinə Firqə təşkilatları və idarələrdə işləyən Firqə üzvləri vasitəsilə rəhbərlik edəcəyini müəyyən etdi.
Beləliklə, S.C.Pişəvəri ADF və AMH-nin yaranması uğrunda mübarizədə son dərəcə mühüm rol oynamış, bununla yanaşı Firqənın MK-nın sədri və Milli hökumətin Baş naziri olaraq Firqə proqramının və Milli hekumətin iş proqramının həyata keçirilməsinə də bilavasitə rəhbərlik etmişdi.

Mirqasım Cəşmazər