Biz öz sözümüzün arxasındayıq” Güney Azərbaycan

Biz öz sözümüzün arxasındayıq”

Təbrizin millət vəkili Şəhabəddin Bimiqdar İran parlamentində "Türk" sözünə həssaslıq olduğunu bildirdikdən sonra Urmiyənin millət vəkili Hadi Bahaduri də oxşar açıqlama ilə çıxış edib.
Hadi Bahaduri bu barədə "Yol Press"ə verdiyi müsahibədə danışıb.
""Türk" sözünə müəyyən həssaslıqlar var. Ona görə də bəzi deputatlar Fraksiyanın adının dəyişdirilməsini istəyir. Lakin onun adı "Türk Bölgələri Fraksiyası"dır və bu fraksiya rəsmi prosedurdan keçdiyi üçün təmami ilə qanuna uyğundur.
Fraksiya sosial tələbata uyğun olaraq təsis edilib. Bunun təhlükəsizliyə və ölkəyə heç bir ziyanı yoxdur. Əksinə ölkədə olan birliyi gücləndirəcək. Ona görə də bu fraksiyanın olmaması üçün heç bir səbəb yoxdur. Əslində bizim bugünkü problemlərin kökü Pəhləvi dövrünə qayıdır, onların bir neçə gün ərzində həll olmasını gözləmək olmaz. Biz öz sözümüzün arxasındayıq, öz dilimizi unutmayacayıq və onun qorunması üçün əlimizdən gələni edəcəyik"- deyə millət vəkili vurğulayıb.
Ötən günlərdə Təbriz, Azərşəhr və Üskünün İran parlamentindəki millət vəkili Şəhabəddin Bimiqdar parlamentdə "Türk" sözünə həssaslıqlar olduğunu, bu səbəbdən "Türk Bölgələri Fraksiyası"nın adının dəyişdirməsi ilə bağlı müəyyən çağırışlar olduğunu bildirmişdir.
İran parlamentində ilk dəfə olaraq Türk Bölgələri Fraksiyası 2016-cı ilin Oktyabr ayında yaradılıb. 100 deputatdan çox üzvü olan fraksiyanın türk bölgələrinin iqtisadi, məişət və təhsil problemlərini ortadan qaldırmaq hədəfi ilə yaradıldığı elan olunun. Lakin fraksiyanın fəaliyyətinə gizli şəkildə maneçilik yaradılır. Müxtəlif şovinist qüvvələr "Türk" adı daşıyan fraksiyanın yaradılmasına ilk gündən öz etirazlarını bildirmişdir.