İranda ofislərə türk adı qoymamaq şərti ilə lisenziya verilir Güney Azərbaycan

İranda ofislərə türk adı qoymamaq şərti ilə lisenziya verilir

İran İslam Cümhuriyyətində Azərbaycan türk millətinə qarşı aparılan asimilasyon siyasəti bütün sahələrdə özünü göstərməkdədir.
İranda Ticarətçilərin işləri üzrə Mərkəz, ölkənin anti-türk siyasəti ənənəsinə uyğun olaraq lisenziya almaq üçün müraciət edən şəxslərə bir çox məhdudiyyətlər yaradır.
"İrqçilik və Böhtanla Mübarizə Təşkilatı"nın saytında yayılan məlumata görə, daşınmaz əmlak işləri üzrə məsləhətxana açmaq istəyən şəxslərə, yalnız ofislərinə türkcə, həmçinin xarici və məzhəbsəl adlardan istifadə etməmək şərti ilə lisenziya verilir.
Təşkilat hökumətin bu qərarını irqçilik adlandıraraq bildirib: "İran İslam Cümhuriyyətinin mərkəzçi hökuməti "Türk dili və ədəbiyyatı mədəniyyət evi"nin təsisi ilə bağlı şüar verməsinə baxmayaraq dövlət orqanları İran camiəsinin müxtəlif kəsimləri, xüsusi ilə də İranın türk millətinə qarşı irqçilik edir.
Bu, insanların iş yerinin adı ilə bağlı özündə irqçiliyi əks etdirən birinci qadağa deyil. Bu barədə İran hökumətinin qeyri-fars adlara özgə ad kimi baxdığına və onlara qarşı qadağa tətbiq etdiyinə dair çoxlu faktlar var"- deyə "İrqçilik və Böhtanla Mübarizə Təşkilatı" tərəfindən yayılan açıqlamada qeyd olunub.
Hər il Güney Azərbaycanın Təbriz, Ərdəbil, Urmiyə, Tikantəpə və s. kimi şəhərlərində iş yerlərinə türkcə ad verən çox sayda mağaza sahibi təhlükəsizlik qüvvələrinə çağırılır, onlara müxtəlif formalarda təzyiqlər edilir. 2008-ci ildə İslami İrşad və Mədəniyyət Nazirliyi rəsmi saytında şirkətlərin qeydiyyata alınması üçün müəyyən adların yer aldığı siyahı dərc edib. Bu siyahıda türk adları, qadağan edilmiş adlar arasında göstərilib.
Azərbaycanlılar uşaqlarına türk adı verməkdə də çətinlik çəkir. Bəzi ailələr uşaqlarına türk adı vermək üçün aylarca mübarizə aparır, bir çox orqanlara müraciət etməli olur. Onlardan çox az hissəsi övladlarına türk adı verib, Qeydiyyat İdarəsindən şəxsiyyət vəsiqəsi ala bilir.