Bizi yandırır yaman ayrılıq... Güney Azərbaycan

Bizi yandırır yaman ayrılıq...

"Xalq Cəbhəsi" qəzeti mərhum ak. Bəkir Nəbiyevin M.Şəhriyar haqqında yazısını təqdim edir.

2-ci yazı

Şəhriyarın ana dilli şeirləri arasında Bakıdakı qələm dostlarına yazdığı mənzum məktublar geniş yer tutur. Xalq şairləri Suleyman Rustəm və Məmməd Rahimə, şərqşunas alim, professor Rustəm Əliyevə unvanlanmış şeirlərində, habelə "El bülbülü", "Döyünmə söyünmə", "Qafqazlı qardaşlar ilə göruş" və "Gözüm aydın" əsərlərində Bakı həsrəti, Şimali Azərbaycandakı qardaşları ilə göruşüb onları bağrına basmaq arzusu özünün çox güclü ifadəsini tapıb. Şahlıq rejiminin İranda, sovet rejiminin Azərbaycanda tüğyan etdiyi bir vaxtda yazılmış bu misraları heç bir Azərbaycan övladı həyəcansız oxuya bilməyib:

Bizi yandırır yaman ayrılıq,
Bu darıxdıran duman ayrılıq,
Başa sovurur saman ayrılıq,
Aman ayrılıq, aman ayrılıq.
...Qan dəryasına cuman ayrılıq,
...Qəddimi edib kaman ayrılıq.

Şəhriyar uzun illər boyu Şimali Azərbaycan və Bakı həsrəti ilə qovrulsa da, keçmiş Sovetlər İttifaqı ilə kecmiş şahlıq İranı arasındakı sərhədlər, tanınmış xalq xadimləri üçün qoyulmuş qadağanların sərtliyi, maddi cətinliklər, nəhayət, hər iki tərəfdə tədriclə qarşılıqlı munasibətlərin buzu əridikdən sonra isə xəstəlik, qocalıq ona bu arzusunu gercəkləşdirməyə imkan verməyib. Hətta bir dəfə Bakı səfəri haqqında Şəhriyara konkret vəd verilib, vaxtında ünvanına gedib catmayan bir dəvətnamə də göndərilib, şair oz şimal qardaşları qarşısında oxumaq uçun irəlicədən iki şeir də yazıb. Lakin dərin təəssuflər olsun ki, səfər baş tutmayıb, böyük şairin arzusu gözündə qalıb. Aşağıda bir parcası verilən "Qafqazlı qardaşlar ilə görüş" şeiri məhz bu munasibətlə yazılıb.

Saçımın qəmli simlərində mənim,
Bakının başqa bir təranəsi var.
Sinəmin dar xərabəsində dərin
Bu cəvahirlərin xəzanəsi var.
Mən sizin şanlı qəhrəmanlarızı
Sözlərimdə həmişə yad edərəm.
Zulmə qarşı qılınc sözüm kəskin,
Qəhrəmanlar kimi cahad edərəm.
Sən kimi qardaş öz qarındaşını
Atmayıb, özgə kimsə tutmayacaq.
Qoca Təbriz də yüz min il kecsə
Bakı qardaşların unutmayacaq!
Gəlmişik doğma yurdumuz Bakıya,
Qoy bu, tarixdə iftixar olsun.
Şəhriyardan da bu ufuqlərə
Bir sınıq nəğmə yadigar qalsın...

Şəhriyar klassik şərq bədii təfəkkuru ilə ayrılmaz vəhdət təşkil edən həqiqətən də qüdrətli bir şairdir. Onun sənətinin bu məqama yuksəlib, qısa bir muddətdə nəinki təkcə fars dilli poeziyanın, nəinki təkcə umumturk bədii fikrinin, bütünlükdə umumşərq mədəniyyətinin hadisəsinə çevrilməsi bir sıra digər keyfiyyətləri ilə yanaşı, bir də bununla şərtlənir ki, şair şeirə, söz möcüzəsinə tapınıb özünü bir sənətkar kimi dərk etdikdən etibarən poeziyanın yalnız ayrı-ayrı fərdlərin, görkəmli söz ustalarının deyil, bütün xalqın, insanlığın mənəvi dunyasının ən qiymətli tərkib hissələrindən biri kimi qavramış, bu meyarla da istər oz əsərlərinin, istərsə də başqa istedadların özündən əvvəl yaratmış olduğu əsərləri dəyərləndirib:

Şeirsiz insanlar yaşaya bilməz,
Şeirə kəm baxana insan deyilməz.
Ey şeir, həyatım, ömrüm sənindir,
Gözümün işığı sətirlərindir.
Sənsən başım üstə açılan səhər,
Sənsiz gözümüz də gecəyə bənzər,
Şeirsiz bu dunya kədər, qəm kimi,
Şeirsiz cənnət də cəhənnəm kimi...

El arasında deyildiyi kimi "Niyyətin hara, mənzilin də ora". Şəhriyarın əsərləri hər şeydən əvvəl, kədəri, dərdi, fəlakətləri, yer üzündə insanların öz əli ilə süni surətdə bərqərar edilən cəhənnəmin dunyadan uzaqlaşdırmaq, hər kəsə özü haqqında, varlığı, qayəsi, insanlıq vəzifəsi barəsində duşundurmək, aşıladığı nəcib, xeyirxah, zərif duyğularla, öz adına, şərəfinə layiq ömür surməyə dəvət etmək, dunyanı gülzara, bolluq, gözəllik, firavanlıq mənbəyinə çevirmək, bir sözlə, cənnəti yer üzündə bərqərar etmək kimi böyük məqsəd izləyib. Bu gün biz inamla deyirik: Şəhriyarın idrak və zovq mənbəyi olan əsərləri, eləcə də onun dönə-dönə yüksək qiymətləndirdiyi sənət bahadırlarının təkrarsız irsi olmasaydı, dünya nə qədər solğun, insanlar mənən nə qədər yoxsul və miskin görünərdi!
Bu ümumbəşəri dəyərlər cərgəsində öz layiqli yerini tutan Şəhriyar irsinin Azərbaycan ədəbiyyatı ucun məna və əhəmiyyəti xüsusilə büyükdür. Şəhriyarın irsi, o cümlədən də xüsusən ana dilində yazılmış əsərləri, Azərbaycan poeziyasının xalq həyatı ilə qaynayıb qarışmasında, şeir dilimizin mənəvi sərvətlərimizdən, ədəbi dilimizin şəhdindən-şəkərindən gözu dolusu barınıb-bəhrələnməsində müqayisəyəgəlməz dərəcədə böyük xidmətlər göstərib. Bircə bəndini nümunə kimi verdiyimiz "Səhəndiyyə" şeiri dərin xəlqi məzmunu zəngin, obrazlı ifadə vasitələrilə və bu dərəcədə ahəngdar əks etdirməyin bariz numunəsi kimi S.Vurğunun, R.Rzanın və B.Vahabzadənin ən yaxşı əsərlərilə, Şəhriyarın özünün "Heydərbabaya salam" poeması ilə yanaşı durur. Ədəbiyyatımızın ənənəvi janrı olan qəzəli də ana dilimizdə sadə, aydın və yenə də ahəngdar səsləndirmək baxımından bu beytlər nadir numunələrdir:

Coxlar incikdi ki, sən onlara naz eyləmisən;
Mən də incik ki, mənim nazımı az eyləmisən.
...Hər baxışda calısan kirpiyi mizrab kimi,
Bir qulaq ver bu sınıq könlü nə saz eyləmisən!

Bir halda ki, sohbət obrazlılıqdan və ahəngdarlıqdan duşdu, Şəhriyarın "Aman ayrılıq" şeirinin bu bəndinin üstündən qətiyyən sükutla kecmək olmaz:

Ayrılıq gələ bir kərəm qıla:
Bir neçə gun də bizdən ayrıla.
Qəm də bir biz tək saralıb-sola;
Hanı bir belə guman, ayrılıq?
Aman ayrılıq, aman ayrılıq!

Yuz illər boyu Şərq, o cümlədən də Azərbaycan şeirində ayrılıqdan (hicrandan) dönə-dönə, acı-acı şikayətlər edilib, Vətən həsrətindən də az yazılmayıb. Lakin bu şeirdə ayrılıq ilk dəfə olaraq geniş miqyaslı ictimai anlam səviyyəsinə qaldırılıb. Şair ayrılığı muşəxxəsləşdirib ondan xalqa kərəm qılmağı diləyir, həmişəlik olmasa da, barı bir neçə gunluyə ayrılığın bizdən uzaqlaşması təmənnası ilə az qala ona yalvarır ki, xalqın bir çayın iki sahilində yaşayan, dəmir pərdə ilə ayrı salınmış iki parcası qısa bir muddətdə, bir neçə günlüyə də olsa bir-biri ilə görüşə, qovuşa bilsin, qohum-qardaş bir-birinin olub-qalanından xəbər tutsun... Şəhriyar ayrılığı bir nov qarğış obyektinə cevirib; həm də misraların birində bənzəyənlə bənzədilən arasındakı munasibətlər cox ustalıqla səciyyələndirilib: "qəm də bir biz tək saralıb sola".
1990-cı ildə hər iki tərəfdən qohum-qardaşın dəstə-dəstə sərhəd xəttini yarıb bir-birilə görüşməsi epizodları yəqin ki, çoxlarının yadındadır. Sərhədcilər o zaman adamlara niyə atəş aca bilmədilər? Çunki onları Şəhriyarın, onun xalqının ahı tutmuşdu; qəm də ahın təsirindən saralıb-solmuş, aylıq qısa bir muddətə də olsa bizdən üz döndərmişdi...
Mənim qənaətimə görə, indi sərhədlərimizdə gediş-gəlişin səhmana duşub vüsətlənməsində "Heydərbabaya salam" və "Aman ayrılıq!" müəllifi Şəhriyarın tarixi xidmətləri heç bir diplomatın, əlbəttə, heç bir silahlı quvvənin xidmətləri ilə müqayisədə ölçuyəgəlməz dərəcədə böyükdür.
Tamamilə təbiidir ki, bu gün Şəhriyarın həyat və yaradıcılığı onun sənətinin qaynaqları, poeziyada sələfləri, şeirinin məna və mətləb dərinliyi, kəlamının vüsəti, incəliyi, poetikasının sirləri, əsərlərinin bütün hüceyrələrinə hopub onların mahiyyətinə çevrilmiş xəlqiliyin üfüqləri Təbrizdə də, Bakıda da, Ankarada da, İstanbulda da, Berlində də bir sıra digər Asiya və Avropa elmi dairələrində də alimlərin diqqət mərkəzindədir. Mən isə gələcəkdə hərtərəfli işlənməsini vacib hesab etdiyim bir-iki məsələyə dair mülahizələrimi oxuculara çatdırmaq istərdim. Bu vacib məsələlərdən biri Şəhriyar yaradıcılığının və Azərbaycan poeziyasının irs-varis münasibətlərinin araşdırılması ilə bağlıdır.
Şəhriyarın yaradıcılığını alimlər haqlı olaraq Şərqin Xaqani, Nizami, Sədi, Hafiz kimi dahi söz və fikir bahadırlarının irsi ilə uzvi əlaqədə tədqiq edirlər. Lakin onun ana dilində yazmış sənətkarlarla əlaqələrindən nadir halları çıxmaq şərtilə demək olar ki, bəhs edilmir. Halbuki, Şəhriyarın əsərlərində bilavasitə Fuzulidən də, XVIII-XX əsrlərdə inkişaf etmiş "bu taylı" poeziyadan da nə isə bir duz var. Başqa cür desək, Şəhriyarın mövzu və mənaca zəngin, şəkilcə, təsvir və ifadə vasitələri etibarilə əlvan sənət bağcasında klassik Azərbaycan dilli şerin ətrini verən cicəklər də az deyil.
Tipoloji baxımdan bu keyfiyyətlərin araşdırılması Şəhriyar irsinin məktəblərimizdə öyrədilməsi baxımından da çox maraqlıdır. Elə Molla Pənah Vaqifdən başlayaq. Onun ən geniş yayılmış şeirlərindən birini - "Bayram oldu..." qoşmasını yadımıza salaq:

Bayram oldu, heç bilmirəm neyləyim,
Bizim evdə dolu cuval da yoxdu.
Duyilə yağ hamı çoxdan tükənmiş,
Ət heç ələ düşməz, motal da yoxdur.
Allaha bizmişik naşükür bəndə,
Bir söz desəm dəxi qoymazlar kəndə.
Xalq batıb noğula, şəkərə, qəndə,
Bizim evdə axta zoğal da yoxdur.
Bizim bu dünyada nə malımız var,
Nə də evdə sahibcamalımız var.
Vaqif, öyünmə ki, kamalımız var.
Allaha şükür ki, kamal da yoxdur.

İndi də tanınmış şairəmiz Hökumə xanım Billurinin tərcuməsində Şəhriyarın "Yoxdur" rədifli qəzəlindəki bəzi beytlərə fikir verək:

Bizim ki, sufrəmizdə yavan cörək də yoxdur,
Toxa nə var, yoxsula isti xörək də yoxdur,
Qış gunu pambıqdan ağ, üzüm kömürdən qara
Ocaqda yandırmağa quru təzək də yoxdu.
... Nə camaldan, nə də ki, kamaldan pay almışam,
Həsrətinə yanmağa bir şux mələk də yoxdur!

Biri Azərbaycan dilində, aşıq şeiri ahəngində, qoşma janrında, digəri isə fars dilində, klassik Şərq şeiri ruhunda, qəzəl janrında təqribən 150 illik zaman fərqində yazılmış bu iki orijinal əsərdə biri-biri ilə səsləşən ümumi cəhətlər var. Şeirlərin ikisi də üzü qara yoxsulluqdan acı-acı şikayət notları ilə aşılanıb. Bu əsərlərin ikisində də yoxsulluq istedad, hunər sahibi olan sənətkarların dərdi kimi ümumiləşdirilib. Lakin bir vacib poetik detal "Bayram oldu..." qoşması ilə "Yoxdur" rədifli qəzəli xususi bir ortaq məxrəcə gətirir ki, onu ayrıca qeyd etmək vacibdir. Həmin ortaq məxrəc hər iki muəllifin təbiətindəki səmimiyyətin, şuxluğun lirik təzahurundən ibarətdir.
Diqqət edilərsə, Vaqifin də, Şəhriyarın da qəhrəmanlar evində başına dolanmalı sahib camalın (mələyin) yoxluğundan şikayət edirlər. Hər iki şeirdə sahibcamalın yoxluğu ilə bu lirik qəhrəmanlar kamal payından da "məğmun" qaldıqları barədə yalnız şairlərə məxsus bir səmimiyyətlə gileylənirlər…