XX əsr Güney Azərbaycan ədəbiyyatında poema yaradıcılığında novatorluq və sənətkarlıq məsələləri Güney Azərbaycan

XX əsr Güney Azərbaycan ədəbiyyatında poema yaradıcılığında novatorluq və sənətkarlıq məsələləri

4-cü yazı

Həmid Nitqinin “Dastan ölməz” poeması və digər şeirləri məhrumiyyətlərlə dolu cəmiyyətlərin iç üzünü açır, möhkəm əqidə sahiblərinin sınmayacağına inam nümayiş etdirməklə yanaşı, belə cəmiyyətlərdə insan dərk etməyin çətin olmadığını da göstərir. “Dastan ölməz“ poeması şairin həm dünyanı, həm də insanın özü- nüdərkinin poetik mənzərəsidir. Afrikanın və bu məkanda yaşayan əhalinin 80%-ini təşkil edən qaradərili insanların faciəli qədərini qələmə alan şair tarixə qısa bir ekskurs edir. Müəllif Haitidə - “Vest İndia - Yeni dünya”da, Güney Amerikanın ölüm adasında 1791-ci ildə baş vermiş hadisələri, əsarətdə olan xalqların milli azadlıq hərəkatı zəncirinin bir halqası olan ilk qul üsyanının təfərrüatlarını bədii predmetə çevirir. Onun “qorsan” adlandırdığı dəniz quldurları Afrika zəncilərinə böyük faciələr - əsarət və köləlik bəxş edir. Onlar hər il 30 minədək qaradərilinin qoluna qandal taxaraq gəmilərə doldurub Yeni dünyaya - Güney Amerikanın Haiti adasına gətirir və qul bazarında satırlar. Müəllif göstərir ki, insanları kölə halına salıb dəyərsiz əşya kimi bazarda satan şeytan xislətli məxluqlar, sözün əsl mənasında, yırtıcı heyvanlardan daha qorxuludurlar. Şair oxucusuna çatdırır ki, insanlıq adına yaraşmayan bu ağlasığmaz vəhşiliklərin, faciələrin səbəbkarları və qurbanları, təəssüflər olsun ki, bu gün də var, ola bilsin ki, sabah da olacaq. Poemadan bir neçə misraya diqqət edək:

Yeni dünya, ən iyrənc bir ticarətin "Baş bazarı ” olacaqdı.

Afrikadan çəkə-çəkə gətirilən zənciləri

Əşya kimi satacaqdı, alacaqdı,

Qara günə salacaqdı...

Ədib bu faciələri qələmə aldıqca dastanlaşan, əfsanələşən bir mifin zühuruna ehtiyac duyur və inanır ki, nəhayət, belə iyrənc əməllin sahiblərini cəzalandıracaq bir qüvvə tapılacaq. İyrənc oyun qurbanlarının başlarına gətirilən müsibətləri lənətləyən, kölələrin halına acıyan Həmid Nitqi ürəyi yana-yana yazır:

Arada bir deyirdilər: -Zənci nədir?

Deyirdilər: - Onun qismətidir təhqir,

Bəxti üzündədir-qara,

O, qədərin əsiridir,

Bu yazıya olmaz çara...

Ancaq şair bu qədərlə barışmır. O, haqqı tapdalanmış insanların da öz haqlarına sahib çıxacaqları günün gələcəyinə, bu haqqı tanımayan insanlarınsa öz layiqli cəzalarını alacağına inanır. Ona görə də poemada əfsanələşən qəhrəman obrazının - qulların ilk və uğurlu üsyanının başçısı olmuş Maqandal surətinin yaradılması məhz müəllif idealının daşıyıcısı kimi diqqəti cəlb edir. Maqandalın yeni ruhda dönüşünü xatırladan hissə təkcə şair təxəyyülünün bəhrəsi deyil, həm də xalqın təsəvvüründə mifləşən həqiqətdir. H.Nitqi qəlbindəki dəruni, ülvi hissləri bu oyanışın və qayıdışın fonunda belə ifadə etmişdir:

Bir yanğın tək bayrağının

Şöləsindən kül olurdu müşküllər.

Onun adı bir ovsundu,

Dizlərə qüvvət gətirən, ürəklərə işıq verən,

Onun artan şan-şöhrəti dillərdə olmuşdu dastan.

Uzun qara qış gecəsi danışırdı zənci eli- Maqandaldan...

Çətin döyüşlərdən sonra oldu,

O, eşsiz bir qəhrəman...

“Dastan ölməz” poemasında vətəni, milləti uğrunda sonadək vuruşan və cismən məğlub edilərək diri-diri tonqalda yandırılan igid Maqandalın əbədiyyətə qovuşmasını özündə ehtiva edən “Maqandal əfsanəsi”ni oxucunun diqqətinə çatdırmaqla müəllif göstərir ki, bu qəhrəmanların əməlləri, əzabları əbəs deyil. İllər keçəcək, bu qəhrəmanların adı xalqın inqilabi mücadiləsində yeni igidlər üçün görk olacaq:

Ertəsi gün sabah tezdən bir bayramdı bəylər üçün.

Bir meydanda Maqandalı yandırdılar diri-diri.

Zəncilərdən bir çoxları inanmadı Maqandalın ölümünə...

Bu gerçəkdir: - El könlündə yatan ölməz.

Həmid Nitqi bu həqiqəti vurğulamaqla bildirir ki, bir xalqın qan yaddaşını o xalqı sürgünlərə göndərməklə, yer üzündən birdəfəlik silməklə məhv etmək mümkün deyil. İllər keçəcək, o xalqın təfəkkürü yenidən doğulacaq, milli özünəqayıdış baş verəcəkdir. Şair xalq deyimlərini, müqəddəs ayinləri yada salmaqla, bu həqiqəti bir daha xatırlamaqla üzünü haqqa çevirən insan ruhunun müqəddəsliyini önə çəir:

Nağılda qəhrəman ölməz,- Dastan ölməz.

Gəldi zaman, keçdi zaman El izindən ayrılmadı,

Sözün qürbətə salmadı.

Fırtınalı bir gecədə

Şanlı "Vuda ” ayini ilə

And içdilər, birləşdilər...

Gələcək nəsillər üçün tərbiyəvi əhəmiyyət daşıyan bu poema bütün dünya xalqlarına ünvanlanıb. Şairin böyüklüyü ondadır ki, o, məhdud çərçivədə qapanıb qalmır, bütün xalqların, millətlərin həyatını, qayğılarını, problemlərini düşünür, ümumbəşəri ideyaların bədii həllinə çalışır. İdeya-məzmun, həmçinin siyasi məfkurə baxımından Şəhriyarın “Haqqın səsi” poemasında da insan övladının müqəddəs bir varlıq olduğu, əbədiyyətə yetməyin yalnız Tanrı dərgahında mümkünlüyü vurğulanır. Ona görə də “Haqqın səsi” ilə “Dastan ölməz” poemaları arasında, ilk növbədə ideya yaxınlığı diqqəti çəkir.

Şəhriyar yaradıcılığında ictimai-dünyəvi məsələlər səciyyəvi xarakter daşıyır, sosial-əxlaqi predmetlər, fəlsəfi-etik kateqoriyalar əsas cəhətlər kimi ehtiva olunur. Şairin poemalarında təsvir etdiyi psixoloji aləmin inikası ümumədəbiyyatımızın qarşısına qoyduğu tələblərə cavab verir, fikir və məzmun temperamentləri vahid bir bədii-məntiqi sonluqla tamlıq yaradır. O, təxəyyülündə canlandırdığı müşahidələri konkret bədii meyarlarla əsaslandırmaqda heç bir çətinlik çəkmir. Həmçinin, onun fikir qaynağı əsas etibarilə milli ideologiya, tarixi və ictimai kontekstdə cilalanır.

Fikrin çılğın hisslərlə yüksək səviyyədə bədii-poetik ifadəsi baxımından Şəhriyar fərqlənir. Ancaq Şəhriyarın çılğınlığında müəyyən hədd, konkretlik var. Bu, həm “Haqqın səsi”, “Nəqqaş”, “Xan nənə”, “El bülbülü”, həm də “Gecənin əfsanəsi” poemalarında müşahidə olunur. “Gecənin əfsanəsi”ndə fikrin sərbəst formada deyilişinə bir qədər geniş yer ayrılıb. Çünki bu poemada məqsəd və məzmun uyğunluğu da arzuolunan səviyyədə nəzərə alınıb. Elə isə “Gecənin əfsanəsi”ində şairin vüsalı itkin düşən aşiqlik və çarəsi tapılmaz olan eşq dərdinə münasibətini izləyək:

Yanmaq hər yetənin gəlməz əlindən,

Eşqə könül verən keçər canından.

Qızıl tək qızarmaq, bu, yanmaq deyil,

Yanan eşq odunda kül olmalı, kül!

Ümumiyyətlə, həm Şəhriyarın, həm də digər Güney şairlərinin yaradıcılığında poetik çılğınlıq, həyat həqiqətləri ilə kəskin təzadlar yaratmaq tendensiyası üstünlük təşkil edir, ziddiyyətli məqamlar ustalıqla yaradılır və bu ziddiyyətlər birbaşa sağlam sözə, fikrə əlvan rənglər qatır. Ən nəhayət, onların ziddiyyətində bir mənəvi ağırlıq özünü göstərir; məhz bu mənəvi ağırlıq elementi Güney Azərbaycan ədəbiyyatının inkişaf istiqamətlərinin düzgün müəyyənləşdirilməsinə təkan vermiş, həyat fəlsəfəsinin qaynağı olub. Bu fəlsəfə mənəvi amilləri gücləndirməklə həyatın dəyərini artırır.

İnsanın bir fərd kimi formalaşması üçün uzun zaman tələb olunur. Güneyli şairlər də məhz bu vaxt uzaqlığına eyham vurur, insan və tamah arasındakı məsafəni pillə-pillə müzakirə obyektinə çevirməyə üstünlük verirlər. Bu prosesdə insanın daxili iztirab və sarsıntıları daha qabarıq verilir. Beləliklə də təkcə yarımçıq, naqis xarakterli insanlara nifrət deyil, həmçinin, bu nifrətin özünün bütün tərəfləri ilə əks olunması əsas amilə çevrilir. Bu, onların yaradıcılıq uğurudur və bu uğur bir çox poemalarda özünü aydın göstərir. Məsələn, “Haqqın səsi” poemasında Şəhriyarın insan amilinə münasibəti özünü çox dolğun və aydın şəkildə təcəssüm etdirir:

Eynidir havamız, suyumuz bizim,

Eyni torpaqdandır mayamız bizim.

Yoğurub yapanda xilqətimizi,

Eyni gözdə görüb təbiət bizi.

Ancaq şair təəssüflənir ki, nəfs, tamah Tanrının eşit yaratdığı insanı özündən kənarlaşdırıb. Əslində, insan daim xoş amallarla yaşamaq və bu uğurda mübarizə aparmaq üçün xəlq edilib. “Haqqın səsi” poemasında ustad Şəhriyar bu məsələyə də fəlsəfi aspektdən yanaşır və yazır:

Birləşsə cahanda milyard ürəklər,

Bütün arzulara yetişər bəşər.

İnsana münasibətin müxtəlif aspektlərdə geniş təzahürünü şairin “Gecənin əfsanəsi” və “Nişapurda Günəş batarkən” poemalarında da aydın sezilir.

K.M.Sönməzin “İtin vəfası”, “Əliboş getmə”, “Böyük dərd”, “Yeni yol”, “Babam özü gələcəkdir”, “İsanın son şamı” və s. poemalarında insana münasibətin fərqli xüsusiyyətləri aydın müşahidə olunur. Təbiidir ki, digər poemalarında da şairin bu ideya-estetik mövqeyi öz siqlətini saxlayır, müəllifin fikir və düşüncələrinə birbaşa yol açır. Bu baxımdan “İtin vəfası” poeması diqqəti cəlb edir. Bu əsərdə də insanı mənəvi-əxlaqi saflığa çağırış müəllif qayəsinin əsasını təşkil edir. Müəllif, “bu poema V.Hüqonun şeirindən mütəəssirdir”, - desə də, burada şifahi xalq yaradıcılığının təsiri duyulur.

Elə cəmiyyətlər vardır ki, orada İnsan ilahi qüdrətini itirmiş, cılızlaşaraq yazıqlaşmışdır. Şair “İtin vəfası” poemasında çox qəribə və sərt paralel apararaq adi bir heyvanın sədaqətinin fonunda ictimai münasibətlərə toxunur. Poemada təsvir olunur ki, insan - poemanın əsas obrazı - əvvəlcə sığınacaq verdiyi iti sonra xəstələndiyi üçün aparıb çaya atır, hətta boğazına bir daş da bağlayır ki, sudan üzüb çıxa bilməsin. Əsərə diqqət yetirək:

Yarıcan it gərək ölməsin deyə,

Süfrəsin açdı o şəfqətli qoca.

Çörəkdən, pendirdən, ətdən hər nə var,

Tökdü qabağına yesin doyunca.

Səhəndin “Sazımın sözü” poema silsiləsində insana münasibət daha kəskin şəkildə təzahür edir. Poemada İranda ən adi milli hüquqlardan məhrum olunan, fəci tale yaşayan Azərbaycan xalqının real durumu ustalıqla təsvir edilir:

Bir ürək aradan iki bölünüb,

Ayaq da qanlıdır, baş da qanlıdır.

Ağ saçlı analar qara geyinib,

Yanaq da qanlıdır, yaş da qanlıdır.

Esmira Fuad

Filologiya üzrə elmlər doktoru