Güney Azərbaycanda dramatik poema Güney Azərbaycan

Güney Azərbaycanda dramatik poema

2-ci yazı
M.S.Şaminin “Qartal” poeması, M.Hidəçinin şeir də adlandırılan “Əfsanə”si məzmunun bitkinliyi, dolğunluğu, bədii formanın sadəliyi, hər qısa, lakonik misranın alt qatında gizlənən mənanın dərinliyi ilə diqqəti cəlb edir. H.Tərlan poema-dialoq şəklində yazdığı “Araz gülür” əsərində maraqlı təhkiyə sərgiləyir, dərdin obrazını lirik-poetik ovqatda yaradır. Şair başı qaxınclı, günahsız günahkar durumuna düşən təbiət möcüzəsi Araz çayını da məharətlə obrazlaşdırıb, canlı varlıq - baş verən hadisələrin şahidi kimi dilləndirib. Poema müəllif və Araz çayı arasında dialoqu kimi də qəbul edilə bilər. 1946-cı ildə Azərbaycan Araz çayı boyunca bir daha iki yerə bölündükdən sonra ayrı salınan xalqın övladlarının - illərlə bir-birinin həsrətini çəkən iki sevgilinin görüşünü böyük ustalıqla təsvir edir:

- Salam, Araz! O, dinmədi, dandı məni,
Mən odlandım, o, biganə sandı məni.
Gülümsədi aram-aram, saçlarımdan öpdü Araz,
Ləpələrin damcı-damcı sahillərə səpdi Araz.
Dedim: - Araz, qurban olum qəlbindəki nisgillərə,
İndi danış yaddaşından silinməyən bir xatirə.
- Yenə ney tək sızıldadı yaram, - dedi,
Dağ görməmiş haram qalıb, haram? - dedi.

Əsərin məhz poema-dialoq şəklində qurulduğu bu parçalardan daha aydın görünür. Yədulla Məftun Əmini “İnsan və soruşcu” əsərinin kompozisiyasını ittiham olunan müttəhimlə ittihamçı arasında mükalimə əsasında qurub, sona qədər hakimin suallarını cavablandıran məhkumun danışıqlarını dialoq şəklində davam etdirib.
Bəzi poemaların poema-monoloq, başqa sözlə, “bir aktyorun teatrı” kimi təqdim olunması onlarda qəhrəmanın mənəvi aləmini öz nitqi, çıxışı ilə açmağa xidmət edən monoloqlardan istifadə olunmasıdır. Dünya ədəbiyyatında Hamletin, Azərbaycan ədəbiyyatında isə Kefli İsgəndərin monoloqları məşhurdur. Güney Azərbaycanda yaranmış poemalarda da yeri gəldikdə monoloqlar qəhrəmanların xarakterini açan bədii vasitəyə çevrilir. M.Hüseyninin “Qanlı günəş” poemasında Babək, Afşin, Səhl ibn Sumbat və Mötəsimin ayrı-ayrılıqda monoloqları onların hər birinin xarakterini bəlirləyən ən güclü detallardandır. 20 il yadellilərə - ərəb xilafətinə qarşı mərdi-mərdanə vuruşan və bütün döyüşlərdən qalib çıxaraq azad bir ölkə - Azəristan-Azərbaycan yaradan xalq qəhrəmanı Babəkin parlaq obrazını yaradan Mircəlil Hüseyni qəhrəmanının dilindən səsləndirdiyi monoloqlarda onun daxili aləmini, duyğu və düşüncələrini, məram və məqsədini də açıqlayır. Babəkin ölüm ayağında olan Cavidana və xalqına sədaqətli olacağına söz verdiyi monoloqunda olduğu kimi:

Alışıbdır ürəgim el qəmi tonqallı ocaqdan,
Içmişəm bollu dözüm incilərin buzlu bulaqdan.
Çıxmışam mincə dönə qarlı boran, şaxta sazaqdan.
Nə sazaq, mincə sınaqdan.
Sanma Azər elinin baş biləni öndəriyəm mən.
Bu sədaqətli elin ayaqyalın əsgəriyəm mən.
Zərrə Azər günəşindən alışan ülkəriyəm mən.
Zalimin xərməninə məzlumun ah əxgəriyəm mən.
Tək də qalsam bir elin tək başına ləşgəriyəm mən.
Oğlum sarsılmaz elin sinə süpər şəngəriyəm mən.
Üzü dönməz əriyəm mən!

Məcid Şəbbağ Yalqızın (1937-2012) “İndi duyuram: Gül açan yerdə solarmış...” həqiqətini hayqıran “Qanlı faciə” poeması şairin öz-özü ilə sözləşməsi - həsbi-halı, bir növ monoloqudur:

Ellərin bəxti yatan vaxt qara yel kamə çatan vaxt
Qara günlük oyanıb zəlzələ adlı topun atdı.
Göyə şüvənlər ucaltdı...
Atalar qamətini bükdü, qocaltdı,
Xalqı vəhşətə saldı, özü yatdı.

Təbii fəlakətin-zəlzələnin bir ölkənin, şəhərin, xalqın taleyinə gətirdiyi kədəri, bədbəxtliyi, dağıntını və ölüm-itimi bundan orijinal ifadə etmək mümkünsüzdür:

Bir açıb yummada göz, torpaq edib daru nədarı,
Torpaq oldu göyə qovzandı gedib qəmli qübarə
Dam uçuldu başına, yatdığı yer oldu məzarı...
Atalar qaldı köməksiz, analar qaldı oğulsuz,
Öldülər mən kimi yalqız.
Ata öldü, ana qaldı, ana öldü, bala qaldı.
Körpələr qaldı pənahsız, günümüz keçmədi ahsız.
Qaldılar damların altında divarlar arasında
Kimsə bilmir harasında.

“Yeni yol” xatirə, səyahət poemasında şair K.M.Sönməz otuz illik bir zaman məsafəsindən xəyalən gənclik illərinə, yaxın keçmişə, onun üçün artıq əlçatmaz olan çağlara qayıdır, Tehran yaxın- lığındaki möhtəşəm Usun dərəsinə səfər etdiyi turistlərlə - “dağçılarla” - alpinistlərlə birlikdə sıldırımlardan, qayalardan keçib zirvələrə çatmaq üçün can atdığı günləri anır, bu acılı-şirinli, kövrək xatirələri bir-bir misralara düzür. Burada şairin poetik duyğuları insan və təbiət anlayışı fonunda canlandırılır. Ana təbiətin gözəlliyi heyranlıqla tərənnüm olunur.
Şairin fikrincə, “gözəlliyin kamalını” yalnız kamil adamlar anlayar, onu layiqincə dəyərləndirə bilər. Qorxulu sıldırımlardan keçib zirvəni fəth etmək, bu fəthin yaratdığı bəxtiyarlıq duyğuları ilə nəşələnmək kamala yetmiş zövq və əql sahiblərinin, aqil-kamil insanların qismətinə düşməlidir. Bu səfər nə qədər fərəhli və nəşəli- dirsə, o qədər də təhlükəli və çətindir. İnsan iradəsi, insan dözümü burada da sınaqdan çıxır, gözəllik eşqinin nələrə qadir olduğu poetik dillə bəyan edilir. Şair onunla bərabər addımlayan dağçılarla - alpinistlərlə bərabər, onlara qarşıda yol göstərən bələdçidən də söhbət açır:

Nə yaxşı ki, bizim müdrik bələdçinin
Aram üzü, görən gözü, dərin sözü,
Aslan kimi duruşuğu, qaflan kimi yaraşığı,
Ürək verir, ilham verir dağçılara.
Bu sıldırım hər nə qədər ucadırsa, yüksəkdirsə,
Onun ruhi, iradəsi sıldırımdan da yüksəkdir.
Belə dağçı dağda təkdir, dağ dalğalı tufanlarda,
O, sarsılmaz bir nəhəngdir.

“Yeni yol” poemasında igidliyi ilə diqqət çəkən bələdçinin cəsarətini dəyərləndir-dikcə, onun simasında dağ vüqarlı oğulların əzəmətli heykəlini gözlərimiz önündə canlandıran şair insanı ucalığa, məqsədinə aparan bir yol anlamını yaratmaqla bərabər, bələdçinin mənən daha yüksəkliyə-əbədiyyətə qovuşduğunu vurğulayır. Poemada əsrarəngiz təbiət gözəllikləri ilə insan gözəlliyi üzvi, əbədi bir vəhdətdə dərk edilir.
Sönməzin əsərləri mətləb aydınlığı, tənqid atəşinin sərrastlığı ilə seçilir. “Yeni yol” poemasında da o, insan həyatının bircə andan ibarət, yəni “ölümün gözlə qaş arasında” olduğunu - bu adi, həm də qeyri-adi mətləbi anlatmağa çalışır:

Qəribədir, dırmaşmağı mümkün olan bir qayadan
Enmək olmur!
Dibi bağlı bir cığırdan dönmək olmur.
Uçurumla bircə qarış aramız var, önüm səddir,
Həyatımız bir astaca püfə bənddir.
Sönməz ilk olaraq yolunu əbəs yerə dağlardan salmır. Çünki o, yaxşı bilirdi ki, bütün müqəddəs yollar ucalıqlardan, məhz mənəvi ucalıqdan başlayır. Bununla yanaşı, şair sətiraltı mənada vurğulayır ki, insanın əsas yolu onun içindən başlayan və zirvələrə ucaldan bu yol, yenidən içinə, özünə qayıdır. Əsərin əsas məqsədi budur:

Nağıllarda anam mənə "Qıl körpü”dən danışmışdı.
Elə bil ki, bu gün dağda müdrik həyat
Özü qəsdən bilə-bilə, çərxin elə dolandırıb
Bir nöqtədə saxlamış ki,
Qıl körpünü mənə eynən nişan versin.
Demək indi o körpüylə üzbəüzəm.
Böyük sınaq qarşısında
Bu amansız təbiətlə dizbədizəm.

Poemada şairin narahatlığı da açıq-aydın hiss edilir. Bu, cəmiyyətlərdə hələ də azadlıq ruhunun tam bərqərar olmaması, insanlığın hələ tam açılmaması, həyatın-yaşamın sirlərinin bütünlüklə aydın- laşmaması ilə bağlıdır:

Şair dediyin axmasa al qan ürəyindən,
Bir gül dərə bilməz o gülüstan ürəyindən,
Bir zərrə çıraqdır ki, yanar hər gecə, gündüz,
Sorsan ki, tökər yağ ona hardan-ürəyindən.

Ömrünün müdriklik çağında yazdığı “Üçüncü göz” poeması isə insanın bir növ daxili aləminə səyahətdir. Dərin fəlsəfəyə söykənən poemada Sönməz rəmzi obraz olan, ingilis, fars, türk, erməni dillərini bilən Hacıleyləyin dili ilə din pərdəsi, ruhani ləbbadəsi, keşiş libası altında gizlənən şarlatan din xadimlərinin törətdiyi şərəfsiz əməlləri, haqsızlıq və cinayətləri çevik bədii priyomlar vasitəsilə açır, insanları cəmiyyətdə tutduqları mövqedən asılı olmayaraq göründükləri kimi olmağa, yaxud olduqları kimi görünməyə, sözü ilə əməlini tutmağa, uyğunlaşdırmağa çağırır. Ümumiyyətlə, Sönməzin poemaları fəlsəfi tutumluluğu, məzmun və məna gözəlliyinin forma gözəlliyi ilə üzvi surətdə vəhdət təşkil etməsi daim diqqəti cəlb edir, oxucunu düşündürür, gerçəkliyi, tarixi həqiqətlərin dərkində yardımçı olur.
Ustad Şəhriyarın başdan-başa lirik-poetik əhvali-ruhiyyədə qələmə aldığı “Gecənin əfsanəsi” poeması Nəğmələr poemasının orijinal nümunəsi hesab edilə bilər. Son dərəcə sənətkarlıqla, poetik fikrin bütün imkanlarından maksimum faydalanaraq yazılmış bu lirik poema “Gecənin əfsanəsi”, “Ay artisti”, “Meşədə ay işığı”, “Meşənin xortdanı”, “Meşənin tufanı”, “Dağın simfoniyası”, “Gecə və dağ”, “Bir xatirə gecəsi”, “Gecənin siması”, “Kəndlinin adaxlı- bazlığı”, “Gecə xatiratının davamı”, “Naz eyvanı”, “Pərvanə və şəm”, “Gecə basqını”, “Bir gəncin bəyanatı”, “Dənizin simfoniyası”, “Təxti-Cəmşid”, “Dariyuşun nəsihəti”, “Əhrimənin qələbəsi”, “Ruhlar şəhəri”, “Zəmanənin həyulası”, “İbrət səhnələri”, “Mədəniyyətin qətlgahı”, “İki kino ekranı”, “Təxti-Cəmşidin tikilməsi”, “Makedoniyalı İsgəndər təxti-Cəmşiddə”, “Vida göz yaşı”, “Cinayətin başlanğıcı”, “Təxti-Cəmşidin yanması”, “Səhər oyanır”, “Qarının ağı deməsi”, “Ay işığının kölgəsi”, “Dariyuşun bayramda ümumi qəbul tablosu”, “Gündüzün yırtıcısı”, “Gecə firiştəsi”, “Gecənin röyası” adlı bölmələrdən, əslində nəğmələrdən, şairin öz dili ilə desək, simfoniyalardan ibarətdir. Poemada Şəhriyar iki bölmənin adını “Dənizin simfoniyası”, “Dağın simfoniyası” kimi adlandırsa da, əslində bu poema boyunca sanki gecənin də, Ayın da, meşənin, dağın, dənizin, hətta küləyin də simfoniyasını-nəğməsini dinləyirsən. Xəyalında dənizin və meşənin tufanının qəzəbli, yanan ”Ruhlar şəhəri”nin - Təxti-Cəmşidin acı kədərinin, oda yanan pərvanənin eşq nalələrini, hüznlü nəğmələrini eşidirsən. Sevgilisi ilə görüşə gedən aşiqin sevgi nəğməsi, Novruz bayramını toy-büsat kimi qarşılayan bir el-obanın fərəh, sevinc nəğməsi, göydə cilvələnərək şənlik quran mələklərin eşq pıçıltıları, gecələrin sirli-sehrli, macəralı səsləri - nəğməsi qulaqlarına dolur. Ayrı-ayrı nəğmə-simfoniya şəklində yazılan “Gecənin siması”, “Kəndlinin adaxlıbazlığı” bitkin fəsillərdir. Bu fəsil-simfoniyalarda aydın təsəvvür bitkin süjet kimi özünü göstərir. Ayrılıqda onları miniatür poema da adlandırmaq olar. Şair sanki kamil bir rəssam kimi Ayın, dənizin, meşənin orijinal, füsunkar tablolarını yaradır, hadisələrin aydın mənzərəsini cızır.
N.Şərəfxaninin “Urmu dəryaçası” və M.N.Muğanın “Sultan Savalan” poemaları da insan qəlbini riqqətə gətirən lirik peyzajlarla süslü hissələrdən - ecazkar nəğmələrdən ibarətdir desək, yanılmarıq. Bu, təsadüfi deyil. Prof. A.Əliqızı yazır: “Güney Azərbaycan poeziyasında insan təbiətin ayrılmaz hissəsidir. Övlad anasına sığınan kimi, insan da təbiətə sığınır. Biz burada insanın təbiətə qarşı üsyanına, onu zorla dəyişdirmək, öz tələblərinə uyğunlaşdırmaq kimi gülünc, qeyri-təbii istəklərlə rastlaşmırıq. Əksinə, Azərbaycan övladı ana vətənin təbiətini özünə arxa sanır, onunla birləşib vəhdət təşkil edir”.
Məhəmməd Əli Nəhavəndi Muğanın “Sultan Savalan” mənzuməsində, həqiqətən, belədir. Əvvəldən-axıradək metaforik ladlarda təqdim edilmiş poetik düşüncələrin əksi olan “Sultan Savalan” poemasında Savalan dağı insan kimi anılır, canlı varlıq kimi obrazlaşdırılır. Təkcə “Sultan Savalan”da deyil, “Babək”, “Pir və Muğan” poemalarında da M. N.Muğan, S.C.Pişəvərinin təbirincə desək, “oxucuya ovu yox, dağı göstərmiş, qələm atına minib onu çaparkən yolda gül dərməyi də unutmadığını” təsdiqləyib. Qələm atında poeziya aləmində dördnala çapan Məsumə Elqızı da qət elədiyi dağ yolunda gül dərməyi unutmamış və “Qartal qanadlım” kimi böyük həcmli poema yazaraq İnsanı diqqət mərkəzinə gətirmiş, humanizm və sevgi dünyasına özünəməxsus bir pəncərə açıb.
Bir cəhəti də qeyd edək ki, Şimali Azərbaycan ədəbiyyatında olduğu kimi, Güney Azərbaycan ədəbiyyatında da poema əsasən ədəbi-bədii dəyəri, müasirlik ruhunun qüdrətli ifadəsi və s. xüsusi əhəmiyyətli cəhətləri ilə fərqlənir. Deməli, poemalarda başlıca olaraq həyat hadisələri, obyektiv gerçəklik, xalqın və zamanın ruhu, ana təbiətin gözəllikləri öz parlaq bədii ifadəsini tapır və eyni zamanda şair təsvir etdiyi hadisələrə, lirik qəhrəmana fərdi münasibətini ifadə edir, təsvirlə tərənnümü çox vaxt paralel şəkildə inkişaf etdirir. Şairin, sənətkarın yaşadığı dövrün ab-havasının poetik əksini, müasirliyi poemaların əsas məziyyətlərindən biri sayan görkəmli tənqidçi V.Q.Belinski yazırdı: “Poema ideal gerçəkliyi təsvir edir və həyatı ən yüksək momentində götürür”.
Dövrün böyük filosofu Aristotel isə ədəbiyyatı növlərə və janrlara bölərkən gerçəkliyin necə təsvir olunması məsələsini əsas tutmuşdur. Onun fikrincə, eyni bir hadisəni müxtəlif cür təsvir etmək olar. Belə ki, sənətkar olub keçən, baş vermiş hadisələri ya Homer kimi danışır, ya da sənətkarın maraq və ehtirasları lirikada verilir. Deməli, “poema, şeirlə iç-içədir. O həm şeir, həm də təhkiyə-nağıl etmək anlamına dayalı bir mətndir. Roman və öyküyə aid ünsürlər poema içində də yer alır. Zaman, məkan, olaylar, obrazlar, dava-dalaş, savaş ünsürü, tematik güç - qarşı güç... kimi ünsürlər poemada yer ala bilir. Ona şeirsəllik özəlliyi qatan dilin zənginliyidir.

Esmira Fuad
filologiya üzrə elmlər doktoru