Londonda I Avropa Oyunlarının təqdimatı keçirilib İdman

Londonda I Avropa Oyunlarının təqdimatı keçirilib

Heydər Əliyev Fondu və I Avropa Oyunları Təşkilat Komitəsinin birgə təşkilatçılığı, Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin dəstəyi ilə Londonun "The Dorchester Hotel"ində I Avropa Oyunlarının təqdimatı keçirilib.
Heydər Əliyev Fondundan verilən məlumata görə, ziyafət şəklində təşkil edilən mərasimdə hər iki ölkədən dövlət və hökumət nümayəndələri, Britaniyaya akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, deputatlar, London ictimaiyyəti nümayəndələri, bu ölkədə yaşayan azərbaycanlılar iştirak ediblər.
Gecədə tədbir haqqında məlumat verilib, "Baku-2015" Avropa Oyunlarına hazırlıq prosesindən danışılıb. Paytaxt Bakını bir neçə dəfə ziyarət etdiyini bildirən aparıcı hazırlıq işlərinin yüksək səviyyədə olduğunu və I Avropa Oyunlarının möhtəşəm idman tədbiri olacağını diqqətə çatdırıb.
Gənclər və idman naziri Azad Rəhimov "Bakı-2015" ilk Avropa Oyunlarına hazırlıq prosesindən, görülmüş işlərdən və oyunların ilk dəfə məhz Azərbaycanda keçirilməsinin əhəmiyyətindən danışıb. Nazir bildirib ki, yaxın keçmişdə London beynəlxalq olimpiya oyunlarına ev sahibliyi edib. Yüksək səviyyəli idman təcrübəsi olan bir şəhərdə Avropa oyunlarının təqdimatını keçirmək olduqca qururvericidir.
A. Rəhimov Avropa Oyunlarının ilk məşəlinin alovlandırılması mərasimi haqqında danışıb.
Prezident İlham Əliyevin məşəli alovlandırması ilə oyunların həyəcanını artıq Azərbaycanın hər nöqtəsində hiss etməyin mümkün olduğunu qeyd edilib.
Dövlət rəsmisi vurğulayıb ki, idmanı dəstəkləmək və inkişaf etdirmək Azərbaycanın milli prioritetləri sırasındadır: "Avropa Oyunlarının Bakıda keçirilməsi ölkəmizin beynəlxalq miqyasda qazandığı nüfuzun təsdiqidir. Siyasi, iqtisadi və mədəni əhəmiyyəti ilə diqqət çəkən bu hadisə həm də, Azərbaycanın idman sahəsində son illərdə qazandığı uğurlara inamın göstəricisidir. Təsadüfi deyil ki, Azərbaycan 2002-ci ildən bəri 36 beynəlxalq yarışa ev sahibliyi edib. 2014-cü ildə Bədii Gimnastika üzrə Avropa Çempionatı da Bakıda keçirilib. İyirmi üç illik müstəqilliyi dövründə 200-dən artıq atletlə Yay və Qış Olimpiya Oyunlarında təmsil olunan ölkəmiz bu günədək olimpiadalarda 26, Avropa və dünya çempionatlarında isə 2000-ə qədər medal qazanıb".
Nazir Azərbaycan və Britaniya arasındakı tarixi əlaqələr, Heydər Əliyev Fondunun və Fondun prezidenti Mehriban Əliyevanın ölkə daxilində və xaricdə mədəni irsin qorunub saxlanması, mədəniyyətlərarası dialoqun təşviq olunması və gənclərin təhsil almaları üçün imkanların yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi işlər barədə də məlumat verib.
Çıxışının sonunda nazir qonaqları möhtəşəm idman tədbirini izləməyə dəvət edib.
Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki "Baku-2015" Avropa oyunlarının təşkilatçılığında əməyi olan hər kəsə minnətdarlığını bildirib və bu yarışmanın heyrətamiz idman tədbiri olacağına əminliyini ifadə edib. Qeyd edilib ki, Avropa tarixən idman qitəsi olub. Qitəmizin gənc nümayəndəsi Azərbaycan, son illərdəki sürətli inkişafı və bir çox beynəlxalq idman tədbirlərini yüksək səviyyədə qarşılaması ilə idman ölkəsi olduğunu təsdiqləyib.