İrəvanda “Milyon maskalar marşı” Dünya

İrəvanda “Milyon maskalar marşı”

Sərkisyanın istefası tələb olundu


İrəvanda noyabrın 5-i axşamı "Milyon maskalar marşı" iştirakçılarının yürüşü "Siyasi məhbuslara azadlıq" şüarı altında keçib.
Paytaxtın Azadlıq meydanından başlanan yürüşdə üzlərini adətən Anonymous hakerlər toplumu üzvləri tərəfindən istifadə edilən ənənəvi Gay Fawkes maskaları ilə örtmüş təxminən 3-4 yüz gənc iştirak edib.
Bu, sayca üçüncü belə aksiya olub. İlk "Milyon maskalar marşı" İrəvanda 5 noyabr 2013-cü ildə təşkil edilib. Aksiyanın təşkilatçısı Şant Harutyunyan xuliqanlıq maddəsi ilə 6 il, onun 12 məsləkdaşı 1 ildən 7 ilədək həbsə məhkum edilib.
Yürüşü Şant Harutyunyanın yenə də xuliqanlıq maddəsi ilə 4 il müddətinə şərti həbsə məhkum edilmiş 16 yaşlı oğlu Şahen idarə edib.
Yürüş iştirakçıları "Azad müstəqil Ermənistan" və "Ermənistanda siyasi məhbus olmamalıdır" çağırışları ilə İrəvanın mərkəzi prospekti ilə Ermənistan hökumət binası istiqamətində hərəkət ediblər.
Hökumət binasına yaxınlaşdıqca aksiya iştirakçıları mövcud hakimiyyətin, hökumət binası önündə isə prezident Serj Sərkisyanın istefası tələblərini səsləndiriblər.
Onlar Sərkisyana "qırmızı kart" göstəriblər, bəziləri isə kart əvəzinə orta barmaqlarını qaldırıb "rədd ol" ifadəsinin Azərbaycan dilində ədəbsiz sinonimindən istifadə ediblər.
Çox sayda polis əməkdaşları yürüşü müşayiət edib. Bir neçə dəfə polisin aksiya iştirakçılarını küçənin bir tərəfini bağlamamağa cəhdləri yüngül toqquşmalara səbəb olub, lakin tutulub polis şöbələrinə aparılan olmayıb.
Polis yalnız izdihamın Milli Təhlükəsizlik Xidməti istiqamətində yolunu kəsməkdə xüsusi qətiyyətlilik göstərib. Aksiya iştirakçıları isə Nalbandyan küçəsinin ortasında oturub nəqliyyat hərəkətini bağlayıblar.
Təxminən 25 dəqiqədən sonra Şahen Harutyunyan polislə razılığa gəlib ki, anası və bir neçə yürüş iştirakçıları ilə MTX binası önünə yaxınlaşa bilər.
Gənc fəal üzünü MTX binasına tutub, onları "satqın" adlandıraraq, Ermənistan MTN-i ölkədə "Sovet KQB qaydalarını tətbiq" etməkdə günahlandırıb.
"Biz bu özbaşınalığın ləğv olunmasına nail olacağıq. Biz həqiqətən azad, müstəqil, suveren Ermənistan yaradacağıq. Bizim ölkədə görüləcək işləri KQB həll etməyəcək. Bu ölkə Putinin qərarı ilə idarə olunmayacaq", – deyib.
Yürüş Azadlıq meydanında da başa çatıb.
Xatırladaq ki, hər il noyabrın 5-də dünyanın bir çox ölkələrində keçirilən "Milyon maskalar marşı" 17-ci əsrdən start götürüb.
5 noyabr 1605-ci ildə "Barıt əlbirliyi" adlanan sui-qəsd zamanı inqilabçı katoliklər Londonda parlament binasını partlatmağa cəhd ediblər. Sui-qəsdin təşkilatçısı olmasa da, lordlar palatasının altında yerləşdirilmiş barıtın fitilini yandırmaq Guy Fawkes-a tapşırılmışdı və həmin vaxt Guy Fawkes həbs olunub.