Qalmaqallı namizəd liderliyini qoruyur Dünya

Qalmaqallı namizəd liderliyini qoruyur

Tramp İndianada mühüm praymerindən əvvəl irəlidədir

Cavid

İndiana ştatında mühüm praymeridən öncə ABŞ-da aparılmış son rəy sorğuları Respublikaçılar partiyasından prezident seçkilərində nominasiya uğrunda mübarizədə öncül namizəd Donald Trampın irəlidə olduğunu göstərir. NBC xəbər şirkəti ilə Wall Street Journal qəzetinin keçirdiyi birgə sorğunun nəticələrinə əsasən İndiana ştatında respublikaçılar arasında Trampa dəstək 49, Texas senatoru Ted Kruza isə 34 faiz təşkil edir. Qonşu Ohayo ştatının qubernatoru Con Keysiç İndianada respublikaçı seçicilərin 13 faizinin dəstəyinə malikdir.

Kruz və Keysiçin son şansı?

Amerikada siyasi təhlilçilər geniş fermaları və böyük sənaye mərkəzlərinə malik və siyasi baxımdan mühafizəkar ştat hesab edilən İndianada yarışların Kruz və Keysiçin milyarder biznesmen Trampın Respublikaçılar partiyasından nominasiya qazanmasının qarşısını almaq üçün son şansı olduğunu düşünür. Tramp doğma Nyu-York və ABŞ-ın şimal-şərq bölgəsində daha beş ştatda praymerilərdə qəti qələbə əldə edib. Tramp İndianada qələbə ilə nominasiyanı özünə təmin etməsə də, buna yaxın ola bilər. Belə ki İndianadan sonra praymerilərin keçiriləcəyi cəmi doqquz ştat qalır. "Biz İndianada qələbə çalsaq, iş bitir"-deyə Tramp ştatda kampaniya apardığı vaxt bildirib.

Kruz Tramp haqda

Ted Kruz Trampın nominasiyaya doğru irəliləməsini dayandırmalı olduğunu etiraf edib. Bazar günü ABŞ-ın televiziya kanallarında müsahibələr verən Kruz həm Trampın, həm də demokrat namizəd Hillari Klintonun Vaşinqtonda siyasi bölünmələri həll edə bilməyəcəklərini deyib. Texas senatoru onları "Nyu-York liberalları" adlandırıb.
Kruz deyib ki, Tramp Hillari Klintonun siyasətini dəstəkləyir. O həmçinin bildirib ki, Klinton noyabr ayında seçkilərdə Tramp üzərində asanlıqla qələbə çala bilər. O, Trampın Respublikaçılar partiyasından nominasiya aldığı halda onu dəstəkləyib-dəstəkləməyəcəyini deməkdən imtina edib.
Demokratlar düşərgəsi
2009-2013-cü illərdə Amerikanın baş diplomatı olan Hillari Klinton ABŞ-ın ilk qadın prezidenti olmaq istəyir. Klinton yeganə rəqibi olan Vermont senatoru Berni Sandersdən xeyli irəlidədir. Lakin o, iyul ayında Demokrat partiyasından nominasiya almaq üçün kifayət qədər nümayəndə sayı toplaya bilməyib. NBC tele kanalının sorğusuna əsasən, Klinton İndianada praymeridən əvvəl seçicilərin təxminən 50, Sanders isə 46 faizinin dəstəyinə malikdir.
Keçmiş prezident Bill Klintonun həyat yoldaşı olan Klinton CNN tele kanalına müsahibə zamanı hələlik özünü partiyanın rəsmi namizədi hesab etmədiyini, lakin bu yolda olduğunu deyib. Noyarb ayında seçkilərdə qalib gələn namizəd prezident Barak Obamanı hakimiyyətdə əvəz edəcək. Prezident Obama yanvar ayında rəsmən vəzifəsini tərk edəcək.