Davudoğlu vəzifəsindən getdi Dünya

Davudoğlu vəzifəsindən getdi

AKP-nin növbədənkənar qurultayı keçiriləcək

Cavid

Xəbər verdiyimiz kimi, Türkiyə baş naziri Əhməd Davudoğlu hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədri vəzifəsindən çıxarılıb. Türkiyə mətbuatının yazdığına görə, AKP növbədənkənar qurultaya hazırlaşır.
AKP-nin Mərkəzi İdarə Heyətinin toplantısı olacaq. Məlumata əsasən İdarə Heyətinin toplantısından sonra Davudoğlu mətbuat konfransı keçirəcək və yeni qurultayın tarixini elan edəcək.
Bu ay Türkiyənin hakim partiyası AKP-nin növbədənkənar qurultayı keçiriləcək.

Türkiyə mətbuatı xəbər verir ki, bu barədə prezident Ərdoğanla baş nazir Əhməd Davudoğlunun görüşündə qərar qəbul olunub.

KİV-in məlumatına görə, Davudoğlu qurultayla bağlı ictimaiyyətə geniş açıqlama verəcək.

İddia edilir ki, baş nazir Əhməd Davudoğlu partiya başqanlığına namizəd olmayacaq. Qurultayın vaxtı isə hələlik dəqiq bilinmir.
Türkiyə KİV-lərinin yaydığı digər xəbərə görə, ölkənin hazırki baş naziri Əhməd Davudoğlu AKP-nin başqanlıq seçimlərinə qatılmayacaq.

Davudoğlunun vəzifədən gedəcəyini qeyd edən KİV-lər başqanlığa namizədlərin adlarını açıqlayıb.

İyun ayının 5-dək keçiriləcək qurultayda AKP başqanı və Türkiyənin baş naziri postuna 5 namizədin mübarizə aparacağı bildirilir. Ərdoğanın sözçüsü, eyni zamanda nəqliyyat naziri Binəli Yıldırım, Ərdoğanın kürəkəni, enerji və təbii resurslar naziri Bərat Albayraq, ədliyyə naziri Bəkir Bozdağ, səhiyyə naziri Məhmət Müəzzinoğlu və baş nazirin köməkçisi Numan Qurtulmuşun namizəd olacağı qeyd olunub.

Prezidentin kürəkəninin bu posta ən real namizəd olduğu vurğulanır.

Bəs Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla baş nazir Əhməd Davudoğlu arasında nə baş verir?
Türkiyənin TOBB İqtisadiyyat və Texnologiya Universitetinin beynəlxalq əlaqələr üzrə professoru, politoloq Toğrul İsmayıl sözügedən məsələylə bağlı açıqlama verib. Bildirib ki, partiya sədrliyinə seçiləcək adam avtomatik olaraq baş nazir postuna yiyələnəcək: "Keçiriləcək qurultayda Ədalət və İnkişaf Partiyasının (AKP) sabiq sədri Əhməd Davudoğlu öz namizədliyini irəli sürməyəcək. Səs çoxluğu ilə seçilən şəxs partiya sədri olacaq və eyni zamanda o, avtomatik olaraq baş nazir vəzifəsinə təyin ediləcək. Dolayı yolla Davudoğlu partiya sədrliyi və baş nazir vaəzifələrini itirmiş sayılır".
T.İsmayıl qeyd edib ki, Ə.Davudoğlunun uzaqlaşdırılmasına səbəb partiyadaxili bəzi məsələlərdə baş nazirlə Rəcəb Tayyib Ərdoğanın görüşlərinin üst-üstə düşməməsi olub: "Böyük ehtimalla bu, başqanlıqla bağlı olan məsələdir. Rəcəb Tayyib Ərdoğan ona daha rahat olması üçün partiyanın başında onun siyasi görüşlərinə uyğun gələcək bir ismin olmasına üstünlük verir. Əhməd Davudoğlunun bu məsələ ilə bağlı tərəddüdləri vardı. Səbəblərdən biri budur.
Digər səbəb isə partiyanın özünün hakim olmaq istəməsidir. Ə.Davudoğlunun, yönəldici başqanların və partiya liderlərinin dəyişməsi də bunu göstərdi".
T.İsmayıl hesab edir ki, uzun zamandır, bu istiqamətdə mübahisələr gedir və bu qərar qəfildən verilməyib.