İrəvanın son oyunu Dünya

İrəvanın son oyunu

Proses hər an başlaya bilər

Ermənistanın Dağlıq Qarabağın müstəqilliyini tanıması deyilən bir reallıq yoxdur. Onlar hökumətin bu məsələyə ümumi yanaşmasını müəyyənləşdirmək istəyirlər.

Bu sözləri millət vəkili, politoloq Rasim Musabəyov deyib. Politoloq Ermənistanın son cəhdini İrəvanın vaxt udmaq niyyəti ilə əlaqələndirib:

"Ermənistan hesab edir ki, bununla Azərbaycana təzyiq etmək mümkündür. Onlar çox yaxşı anlayırlar ki, danışıqlar prosesi başladığı halda buna çox aciz şəkildə gedəcəklər. Ona görə də Ermənistan hazırda bir az vaxt udmağa çalışır ki, təbliğatla camaatın beynini zəhərləsin. Məsələnin əsas mahiyyəti məhz bundan ibarətdir. İrəvan sözügedən məsələnin Ermənistan üçün nə ilə nəticələnəcəyini də bilir. Bu qərar verilərsə, danışıqların üstündən xətt çəkilmiş olacaq. Belə olan təqdirdə Azərbaycan öz torpaqlarını düşmən işğalından azad etmək hüququnu özündə saxlayır".

Xatırladaq ki, Ermənistan parlamenti Dağlıq Qarabağ separatçı rejiminin tanınması ilə bağlı layihəni müzakirəyə çıxarmağa hazırlaşır. Bu təşəbbüs müxalif İrs Partiyasından deputat Zarui Postancyan və eks-baş nazir, hazırkı deputat Hrant Baqratyan tərəfindən irəli sürülüb.

Bu arada "Azadlıq" radiosunun Ermənistan bölməsinə müsahibəsində qondarma Dağlıq Qarabağ rejiminin liderinin mətbuat katibi David Babayan söyləyib ki, Ermənistan Dağlıq Qarabağın müstəqilliyini tanıyan ilk ölkə olmamalıdır.

Azərbaycan artıq məsələyə öz mövqeyini bildirib. Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda Qarabağın müstəqilliyi tanınacağı halda Minsk Qrupunun yox olacağı bildirilib.

"Dağlıq Qarabağ münaqişəsi hələ uzun müddət həll edilməyəcək və ya nizamlanma prosesi baş tutmayacaq. Çünki Rusiyanın regionda prioritet mövqeləri var"

Erməni KİV xəbər verir ki, bunu Polşa Beynəlxalq münasibətlər İnstitutunun siyasi eksperti Konrad Zaştovt Dağlıq Qarabağ və Avropa İttifaqının mövqeyi barədə danışarkən bildirib.

"Münaqişənin nizamlanması Rusiya üçün sərfəli deyil, ona görə də münaqişə öz həllini tapmayacaq. Mən rıçaqların qaldığı bir vaxtda münaqişənin həllinin tezliklə baş verəcəyini düşünmürəm. Avropa İttifaqı da bu məsələdə aktiv deyil"- deyə ekspert qeyd edib.

Bundan əlavə Zaştovt Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerininin Qarabağla bağlı bəyanatını xatırladıb.