Qaçqın düşərgəsinə hava zərbəsi Dünya

Qaçqın düşərgəsinə hava zərbəsi

28 nəfər həlak olub

Cavid

Sosial mediada yayılmış şəkillərə görə, Türkiyə sərhədinə yaxın İdlib əyalətindəki Sarmadanın yaxınlığında yerləşən Kamouna düşərgəsində çadırlar dağılıb. Bəzi məlumatlarda hücumun Suriya və ya Rusiya hərbi təyyarələri tərəfindən həyata keçirldiyi bildirilsə də, bu məlumat təsdiqini tapmayıb. Hücumlar çərşənbə günü Suriyada atəşkəs rejiminin müddətinin uzadılması haqqında sazişin əldə olunmasından sonra baş verib. Suriya hərbiyəsi və cihadçı olmayan qiyamçı qüvvələr ABŞ və Rusiyanın təzyiqindən sonra Hələb şəhərinin ətrafında müvəqqəti barışıqla razılaşıb.
Ümummilli hərbi əməliyyatların dayandırılması fevral ayından həyata keçirilirdi, lakin son iki həftə ərzində Hələb ətrafında baş verən toqquşmalarda azı 300 nəfər dünyasını dəyişib. BMT xəbərdarlıq edib ki, ümummilli atəşkəs dayandırılsa, bu "fəlakətli" olacaq və Türkiyə ilə sərhəddə sığınacaq üçün daha 400 min nəfər gələ bilər. Kamouna düşərgəsi Sarmadadan 4 km, Türkiyə sərhədindən isə 10 km aralıdadır.
Böyük Britaniyada mənzillənmiş İnsan Hüquqları üzrə Suriya Rəsədxanası monitorinq qrupu məlumat verib ki, hücum nəticəsində 28 nəfər həlak olub, 50 nəfər isə yaralanıb. Yerli Koordinasiya Komitələri müxalif fəal şəbəkəsi bildirib ki, təxminən 30 nəfər həlak olub, onlarla insan yaralanıb. Suriya Mülki Müdafiə könüllü xilasedicilər qrupu mülki ölümlər barədə təxminən eyni say açıqlayıb.
Ağ Ev hücumu pisləyib. Avropa İttifaqının humanitar yardım üzrə komissarı Christos Stylianides Tweeterdə yazaraq, bu hücumu "qəbuledilməz" adlandırıb. Hələb ətrafındakı mübarizə bu həftənin əvvəlində il ərzində ən gərgin həddə çatıb.
Monitorinq qrupu deyir ki, qiyamçılar çərşənbə axşamı gecə hökumətin nəzarətində olan qərb rayonlarına irəliləyib, amma çərşənbə günü geri çəkilməyə məcbur olub. Suriya hərbiyəsi cümə axşamı səhər saatlarından şəhərdə 48 saatlıq atəşkəs elan edib. Cümə axşamı hökumətin nəzarət etdiyi rayonlarda bəzi raket zərbələri qeydə alınıb, lakin son günlər hərbi hava qüvvələrinin intensiv zərbələri müşahidə olunmurdu.
Ümummilli barışıq sazişinə özünü İslam Dövləti adlandıran qruplaşma və ya əl-Qaeda ilə əlaqəsi olan əl-Nüsrət Cəbhəsi kimi qruplar daxil deyil. Suriyada vətəndaş müharibəsində bu günədək 250 min nəfərdən çox insan həyatını itirib, 11 milyon sakin isə öz evindən qaçmağa məcbur olub.