Trampın iqtisadi siyasəti ABŞ üçün uğurlu olmaya bilər Dünya

Trampın iqtisadi siyasəti ABŞ üçün uğurlu olmaya bilər

Onun ABŞ-ın ticarət tərəfdaşlarına sərt mesajı var

Cavid

Respublikaçıların prezidentliyə ehtimal edilən namizədi Donald Trampın ABŞ-ın ticarət tərəfdaşlarına sərt mesajı var: ya oyunu ədalətli aparın, ya da oyundan çıxın. O, Meksikanı sərhəddə inşa etdirmək istədiyi divarın xərclərini ödəməyə məcbur etmək istəyir. Eyni zamanda da ABŞ-ın Çinlə 366 milyard dollarlıq rekord ticarət kəsirini azaltmaq üçün Çin mallarının idxalına yüksək tariflər tətbiq etməklə təhdid edir. Tramp bu siyasətini "qalibiyyət" adlandırsa da, "Amerikanın Səsi"nə müsahibə verən iqtisadçılar onun tiracət siyasətinin fəlakətə gətirib çıxara biləcəyini deyir.
Ötən il ABŞ yarım trilyon dollar dəyərində Çin istehsalı olan mallar idxal edib, Çin isə 116 milyard dollar dəyərində ABŞ mallarını alıb. Bu qeyri-bərabərliyi aradan qaldırmaq üçün Tramp Çində istehsal olunan mallara tətbiq edilmiş tarifləri 45 faiz artırmaq istəyir. "Bizim Çinlə 500 milyard dollarlıq büdcə kəsirimiz var və biz bunu dəyişdirəcəyik. Bu, bizim əlimizdədir. Unutmayın ki, biz içindən pul oğurlanan pul daxılına bənzəyirik."
Bu, Trampın öz tərəfdarları və Çində daha az maaşlı işçi qüvvəsinə görə işlərini itirmiş milyonlarla amerikalı qarşısında irəli sürdüyü təklifdir. Amma Qordon Hanson kimi ticarət siyasəti üzrə ekspertlər bu təklifin iqtisadi reallığa uyğun olmadığını deyir. "Onun dediklərini siyasi baxımdan anlamaq olar, amma bunun üçün iqtisadi bünövrə yoxdur."
İqtisadçıların dediyinə görə, Çin mallarına 45 faizlik tarif Ümumdünya Ticarət Təşkilatının hazırda mövcud qanunlarına görə qeyri-qanuni olmaqla yanaşı, həm də Çin tərəfindən ciddi cavabla nəticələnə bilər. "Mənim təhlillərim bunu göstərir ki, əgər Çin kimi tək bir ölkədən idxal mədudlaşdırılsa, bu mallar digər ölkələrdən gətirilə bilər."
Dünya Bankının keçmiş iqtisadçısı Çad Braun Çinlə ABŞ arasında ticarət müharibəsinin başlaya biləcəyi barədə xəbərdarlıq edir. "Son bir neçə ildə Çin göstərib ki, bir ölkə onun ixracatlarına qarşı ticarət maneələri tətbiq edəndə, Çin buna qanuni və ya qeyri-qanuni şəkildə intiqamla cavab verir. Donald Trampın təklif etdiklərinə qarşı isə Çin Ümumdünya Ticarət Təşkilatının qaydalarına müvafiq şəkildə cavab verə bilər."
Amma Tramp tənqidçilərinin onun məqsədini anlamadığını iddia edir. "Gələcəkdə baxıb deyəcəksiniz ki, Trampın siyasəti nəticəsində biz yenə də qalib gəlməyə başladıq." Buna baxmayaraq iqtisadçılar deyir ki, mühafizəkar iqtisadi siyasət qələbə əvəzinə ticarət və ticari tərəfdaşlar arasında etimadın azalmasına gətirib çıxara bilər.