Gürcüstan ABŞ və Britaniya qüvvələri ilə birgə hərbi təlimlərə başlayıb Dünya

Gürcüstan ABŞ və Britaniya qüvvələri ilə birgə hərbi təlimlərə başlayıb

Gürcüstan ordusu Birləşmiş Ştatlar və Britaniya hərbi qüvvələri il birgə təlimlərə başlayıb. Gürcüstanın NATO-y üzv olmaq istəyinin əleyhinə olan Rusiya təlimləri "təxribatçı addım" adlandırıb. Həbri manevrlərdə Birləşmiş Ştatların 650, Britaniyanın 150 və Gürcüstanın 500 əsgəri iştirak edir. Bu, Rusiya ilə 2008-ci ildə qısa müddətli müharibə aparan Qafqaz ölkəsində ən böyük hərbi təlimlərdir.
ABŞ Qara dəniz vasitəsilə "Noble Partner 2016" ("Ləyaqətli tərəfdaş-2016") təlimlərində iştirak etmək üçün Gürcüstana ilk dəfə olaraq M1A2 Abrams tipli döyüş tankları göndərib. Paytaxt Tbilisi yaxınlığındakı Vaziani hərbi bazası ətrafında keçirilən təlimlər mayın 26-a qədər davam edəcək.
Gürcüstanın müdafiə naziri Tina Xidaşeli hərbi təlimlərin ölkə üçün böyük əhəmiyyəti olduğunu deyib. "Bu, bizim ölkənin ev sahibliyi etdiyi ən irimiqyaslı hərbi təlimlərdir,"- deyə nazir Xidaşeli Reuters agentliyinə bildirib. "Burada ən çox miqdarda qoşun və hərbi texnika cəmləşib. Bu, bizim ölkənin ev sahibliyi etdiyi ən irimiqyaslı hərbi təlimlərdir."
Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili isə bildirib ki, hərbi manevrlər "heç kəsə qarşı yönəlməyib".
Gürcüstan prezidenti Georgi Marqvelaşvili açılış mərasimində deyib ki, birgə təlimlər ölkənin NATO-ya üzv olmaq istiqamətində doğru siyasət yürütdüyünün göstəricisidir. "Gürcüstan mütləq NATO-ya üzv olacaq. Çünki bu, daha sabit, daha dinc dünya üçün lazımdır."
Pentaqonun veb səhifəsində yerləşdirilmiş məlumatda bildirilir ki, "Noble Partner 2016" ABŞ-ın Avropadakı hərbi qüvvələrinin əsgərlər və texnikanın Avropa boyu hərəkətinin təmin edilməsi və gələcəkdə mümkün əməliyyatlar zamanı koalisiya daxilində birgə əməliyyat apara bilməsini vurğulayır." Rusiya Xarici İşlər Nazirliyi keçən həftənin cümə günü təlimləri qınayaraq, bunu Qafqaz regionunda qeyri-sabitlik yaratmaq məqsədilə NATO tərəfindən "təxribatçı addım" adlandırıb.
Gürcüstanın NATO və Avropa İttifaqına üzv olmaq səyləri Moskva tərəfindən qəzəblə qarşılanır. Rusiya qəti şəkildə 28 üzvü olan alyansın keçmiş Sovet İttifaqı ölkələrində genişlənməsinə qarşı çıxır. Təlimlərin ABŞ üzrə direktoru polkovnik Ceffri Dikerson manevrlərin Gürcüstanın NATO-ya töhfəsi çərçivəsində aparıldığını vurğulayıb. "Bu təlimlərin mühümlüyü Gürcüstan, ABŞ və Böyük Britaniya arasında əməliyyatların koordinasiyalaşmasına xidmət göstərməsindədir. Bu, bizə imkan verir ki, Gürcüstanın NATO cavab qüvvəsinə hazırlığını təkmilləşdirək,"- o bildirib.
NATO liderləri 2008-ci lidə Buxarestdə keçirilən zirvə görüşündə Gürcüstanın bir gün hərbi alyansa qoşula biləcəyini bildirib, lakin ölkənin üzv ola bilməsi üçün rəsmi prosedur başlamayıb. Keçən il Gürcüstanda NATO-nun təlim mərkəzinin açılışında danışan alyansın başçısı Yens Stoltenberq deyib ki, Tbilisi "üzvlük istiqamətində irəliləyişə nail olmaq üçün bütün lazımı vasitələrə malikdir."