Britaniya təyyarələri Rusiyanın 3 təyyarəsini «müşayiət edib» Dünya

Britaniya təyyarələri Rusiyanın 3 təyyarəsini «müşayiət edib»

Xarici KİV-in yaydığı məlumata görə, Baltikyanı ölkələrdə hava patrulu missiyasını yerinə yetirən Böyük Britaniya Krallığı hərbi-hava qüvvələrinə məxsus təyyarələr Estoniyanın Emari aviabazasından havaya qalxaraq, Rusiya hava-kosmik qüvvələrinə məxsusluğu təxmin olunan 3 nəqliyyat təyyarəsini müşayiət edib. Bu bəyanatla Birləşmiş Krallığın müdafiə nazirliyi çıxış edib ("RİA Novosti").
İnsidentin məhz nə vaxt baş verdiyi bildirilmir. Müşayiət üçün səbəb kimi təyyarələrin "məlum eyniləşdirmə siqnalı verməməsi və müraciətləri cavabsız qoyması" önə çəkilir.
Bu hadisə Baltikyanı ölkələrdə NATO-nun hava patrulluğu missiyası çərçivəsində Böyük Britaniyanın rolunun əhəmiyyətini nümayiş etdirən novbəti nümunə sayıla bilər.
Məlumatda o da bildirilir ki, bu əməliyyat 3 həftə bundan əvvəl sözügedən aviabazada yerləşdikdən sonrakı dövr ərzində Britaniya təyyarələrinin ilk uçuşudur.
Bundan əvvəl NATO-da bəyan etmişdilər ki, Rusiya hava-kosmik qüvvələri Avropanın hava məkanında, o cümlədən, Baltik dənizi üzərində xeyli fəallaşıb.