Kremlin qəzəbi Dünya

Kremlin qəzəbi

Rusiya NATO-nun Rumıniyada raket əleyhinə müdafiə sistemini qəzəblə qarşılayıb

Rusiya Birləşmiş Ştatları NATO-nun Rumıniyadakı hərbi hava bazasında raket əleyhinə müdafiə sistemi quraşdıraraq beynəlxalq razılığı pozmaqda ittiham edib. NATO rəsmiləri bir zamanlar Rusiyanın təsir dairəsinə daxil olan Rumıniyada müdafiə sistemlərinin fəaliyyət göstərəcəyi platformaları aktivləşdiriblər. Moskva isə bu addımı qınayaraq, müdafiə sistemini regiona təhlükə adlandırıb. Rumıniyanın cənubunda yerləşən Deveselu Hərbi Hava Bazasında inaqurasiya çıxışı zamanı NATO-nun baş katibi Cens Stoltenberq 800 milyon dollarlıq raket əleyhinə müdafiə sisteminin təhdid məqsədi daşımadığını deyib. "Raket əleyhinə müdafiə elə müdafiə üçündür. Bu, Rusiyanın strateji nüvə silahlarının qarşısının alınması qabiliyyətini zəiflətmir,"- deyə o bildirib.
ABŞ rəsmiləri deyir ki, sistem Avropanı İran və Şimali Koreyanın nüvə təhlükəsindən müdafiə etmək üçün nəzərdə tutulub. Moskva isə hiddətlə buna qarşı çıxır. "Biz bu cür platformaların Rumıniyada yerləşdirilməsinin Orta Mənzilli Raketlərin Ləğvinə dair Müqaviləyə (INF Müqaviləsi) zidd olduğunu hesab edirik. Beləliklə, Birləşmiş Ştatlar razılığı pozub və bu açıq şəkildə, heç bir əlavə diplomatik məktub olmadan elan olunmalıdır,"- deyə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
Rusiyada adi vətəndaşların böyük hissəsi də Rumıniyadakı bazanı ölkəyə təhlükə olaraq görür. "Rumıniyadakı bazanın yaratdığı əsas təhlükə odur ki, bu baza təkcə raket əleyhinə müdafiə məqsədi daşımır, ondan qısa və ya orta mənzilli raketlərin saxlanması üçün istifadə ediləcək. Bu, rusların çoxunun fikrincə, ilk zərbədir. Bazanın Rumıniyada yerləşməsinin səbəbi də Putini məhv etmək, onu öldürməkdən ibarətdir."
Rumınların çoxu isə bazanın onları Rusiyanın işğalından qoruduğuna inanır. "NATO qüvvələri bizim təhlükəsizliyimizi təmin etmək üçün buradadır. Artıq ruslar bir daha bura gəlməyəcək. Onların bura gəlməyə cəsarəti olmayacaq. Biz artıq azad yaşayırıq,"- deyə Deveselu sakini Marin Palos bildirib. Raket əleyhinə müdafiə sisteminin radarları fəzaya göndərilən balistik raketləri aşkar edir və bu raketlərin yenidən Yer kürəsinin atomosferinə daxil olmasından öncə onları məhv edəcək raketlər göndərə bilir. Moskvanın raketin göndərilməsindən öncə NATO-nun Rumıniyadakı bazasını məhv edəcək silahlar göndərə biləcəyi ilə bağlı narahatlıqlar mövcuddur.
Pavel Felgenhauer: "Bu isə INF Müqaviləsinin pozulması demək olacaq." Təhlilçilər deyir ki, 1987 ildə əldə olunan və qanadlı və ballistik raketlərin bir çoxunun qadağan edilməsini nəzərdə tutan bu razılığın pozulması Avropada növbəti silahlanma yarışına gətirib çıxara bilər.