Daha bir təyyarə qeyb oldu Dünya

Daha bir təyyarə qeyb oldu

Laynerdə 56 sərnişin (onlardan üçü uşaqdır) və 10 ekipaj üzvü olub

Cavid

Parisdən Qahirəyə uçan EgyptAir təyyarısi radardan itib. Misir hava yolları bildirir ki, MS804 təyyarəsinin göyərtəsində 59 sərnişin və 10 ekipaj üzvü olub. Təyyarənin şərqi Aralıq dənizində itkin düşdüyü bildirilir. Rəsminin sözlərinə görə, təyyarə Qahirə vaxtı ilə 02:45-də (00:45 GMT) radarla əlaqəni itirib. Şirkət bildirib ki, "daha çox informasiya əldə edildikdə" əlavə məlumat veriləcək.
Təyyarə Misirin hava məkanına girərkən radarlardan itib, bu zaman o, 37 min fut (təxminən 11 km) yüksəklikdə olub. Məlumata görə, Misir hərbi təyyarələri və xilasetmə xidməti itkin düşən təyyarənin axtarışına başlayıblar. Parisdəki hava limanının administrasiyası və Fransanın mülki aviasiya idarəsi heç bir bəyanat verməyib. Mart ayında Egyptair təyyarəsi qaçırılıb və Kiprə yönləndirilib. Hücumçu sonradan təslim olub və bütün girovlar azad edilib.
Ötən ilin oktyabrında isə Şarm əl-Şeyxdən uçan Rusiya sərnişin təyyarəsi Sinai yarımadası üzərində qəzaya uğrayıb və göyərtəsində olan 224 nəfərin hamısı həlak olub . Moskvada rəsmiləri daha sonra bildirib ki, təyyarədə partlayıcı qurğu olub. Özünü İslam Dövləti adlandıran qruplaşmanın yaraqlıları deyib ki, təyyarəni onlar bombalayıb. Təyyarələrin havada yerdəyişməsini izləyən "Flightradar24" portalı Aralıq dənizi üzərində uçuş zamanı radarlardan itən "EgyptAir" şirkətinə məxsus "Airbus A320" təyyarəsinin uçuş marşrutunu açıqlayıb. Bu barədə müvafiq məlumat şirkətin rəsmi "Twitter" səhifəsinə yerləşdirilib. Portalın məlumatına görə, sonuncu dəfə təyyarə Aralıq dənizi üzərində 11,2 kilometr yüksəklikdə olub.
Son məlumatlara görə, radarlardan itmiş "EgyptAir" aviaşirkətinə məxsus təyyarə Aralıq dənizinə düşüb. Bu barədə "Mayadin" telekanalına "Egyptair" aviaşirkətindəki mənbələr bildirib. Misir Aviasiya Nazirliyindən qeyd edirlər ki, laynerin ölkənin sahilindən 280 kilometr uzaqlıqda qəzaya uğradığı ehtimal edilir. "El-Vafd" portalı isə bildirir ki, Parisdən Qahirəyə uçan təyyarə Yunanıstanın hava məkanına daxil olduqdan iyirmi dəqiqə sonra radarlardan yoxa çıxıb. Təyyarə sonuncu dəfə radarlardan itəndən on dəqiqə əvvəl aeroxidmətlə əlaqəyə çıxıb.
Misir Aviasiya Nazirliyindən bildirirlər ki, laynerdən qəza siqnalları almayıblar. Həmçinin Parisə uçuş zamanı ekipaj texniki problemlərdən şikayətlənməyib.
"Haaretz" portalı bildirir ki, yunan adalarının sakinləri səmada partlayışı görüblər.
"SkyNews Arabi" peyk telekanalının məlumatına görə, 2013-cü ildə həmin təyyarə texniki nasazlığa görə məcburi eniş edib. Daha sonra mütəxəssislər mühərriklərdən birinin normadan artıq qızdığını bildiriblər. Son məlumatlara görə, laynerdə 56 sərnişin (onlardan üçü uşaqdır) və 10 ekipaj üzvü olub.
"SkyNews Arabia" telekanalının xəbərində deyilir ki, təyyarədə Misir, Səudiyyə Ərəbistanı, Fransa, Böyük Britaniya, Portuqaliya, Belçika, Kanada, Küveyt, Sudan, Çad, Əlcəzair və İraq vətəndaşları olub. "EgyptAir" hava gəmisinin itkisi haqqında siqnaldan dərhal sonra vəziyyətin izlənilməsi üçün təcili operativ qərargah yaradıb. Qərargaha bütün aviasiya xidmətlərinin nümayəndələri daxil edilib. Aviaşirkətdən bildirirlər ki, artıq xilasedicilər təyyarənin düşdüyü güman edilən əraziyə çatıblar.
İtən A-320 2003-cü ildə istehsal edilib. Onu təcrübəli ekipaj heyəti idarə edirdi. Təyyarənin komandirinin 6275 saat, onun köməkçisinin isə 2766 saat uçuş təcrübəsi var.