Yıldırım Ərdoğanla Putini barışdıra biləcəkmi? Dünya

Yıldırım Ərdoğanla Putini barışdıra biləcəkmi?

Tofiq Abbasov: "Binəli Yıldırım statusuna görə Ərdoğan-Putin münasibətlərində çox ciddi dəyişiklik yarada bilməz"

Cavid

Türkiyənin yeni baş naziri siyasi fəaliyyətinə çətin vaxtda başlayır və onun başlıca vəzifəsi Prezident Ərdoğanla birgə vahid strategiya yaratmaq, bütün istiqamətlərdə Türkiyənin mövqelərinə siyasi qazanc gətirməkdir. Bu sözləri açıqlamasında politoloq Tofiq Abbasov deyib. O, yeni hökumətin Rusiya-Türkiyə münsibətlərində həlledici təsirlərinin olacağını təxmin etmir: "Binəli Yıldırım statusuna görə Ərdoğan-Putin münasibətlərində çox ciddi dəyişiklik yarada bilməz. Lakin münasib və saflaşdırıcı şərait formalaşdırması istisna edilmir. Təyyarə insidentinin məsuliyyəti Davudoğlunun ayağına yazılsa, ola bilsin, onda ikitərəfli münasibətlərdə cüzi yumşalma yaransın. Yeni baş nazir siyasi fəaliyyətinə çətin vaxtda başlayır və onun başlıca vəzifəsi Ərdoğanla birgə vahid strategiya yaratmaq, bütün istiqamətlərdə Türkiyənin mövqelərinə siyasi qazanc gətirməkdir. Ancaq Binəli Yıldırımın Rusiya ilə münasibətlərdə xüsusi missiyanı yerinə yetirə biləcəyi istisna edilməsə də, yeni hökumətin xüsusi və ya fərqli bir planı olmayacaq. Çünki o, üzərinə bir çox öhdəliklər götürüb və qüvvədə olan Ərdoğan konsepsiyasını həyata keçirəcək".
Politoloqun sözlərinə görə, Əhməd Davudoğlundan fərqli olaraq Binəli Yıldırım bir çox sahələrdə o qədər də səriştəli deyil: "Binəli Yıldırım gözəl anlayır ki, partiyada Ərdoğanın nüfuzu çox böyükdür və hazırda onun baxışları təftiş edilmədən həyata keçirilir. Yeni hökumət qarşıda bütün proseslərin özəlliklərinə yiyələnsə də, ehtiyatlı tərpənməyi üstün tutacaq".
Qeyd edək ki, Türkiyənin nəqliyyat və rabitə naziri, İzmir millət vəkili Binəli Yıldırım mayın 22-də AKP-nin yeni sədri seçilib. O, mayın 24-də prezidentə təqdim etdiyi yeni hökumətin siyahısında Türkiyə baş naziri olub. Binəli Yıldırımın siyasi strategiyasında Rusiya ilə münasibətlərin normallaşmasına çalışacağı qeyd edilir.