Trump müsəlmanlara qarşı mövqeyini yumşaldır Dünya

Trump müsəlmanlara qarşı mövqeyini yumşaldır

Trumpın baş müşaviri Paul Manafort onun prezident seçkilərində qalib gələcəyinə əmindir

Cavid

ABŞ-ın Respublikaçılar Partiyasının prezidentliyə real namizədi Donald Trumpın baş müşaviri Paul Manafort "Huffington Post"a deyib ki, Trump müsəlmanların ABŞ-a səyahətinə qadağa qoyulması ilə bağlı mövqeyini tədricən yumşaldacaq. "Onun mövqeyi bundan sonra da normadankənar olacaq, ancaq Amerika xalqının düşüncəsinə uyğun olacaq,"- deyə o bildirib.
Trump ötən il müsəlmanların ölkəyə girişini qadağan etməyi təklif etsə də, bu ilin mayında artıq bunun "sadəcə təklif" olduğunu deyib. Bu, Trumpa qarşı tənqid dalğası yaradıb. Hətta öz partiyasından olan nüfuzlu siyasətçilər deyiblər ki, belə yanaşma mühacirlərin qurduğu ölkə olan ABŞ-ın əsas dəyərlərinə ziddir. Manafort müsahibəsində həmçinin deyib ki, o, Trumpın prezident seçkilərində qalib gələcəyinə əmindir.
O əlavə edib ki, Trump öz taktikasını çox dəyişmədən udacaq. "Trump dəyişdirilə bilməz. O "idarə oluna" bilməz," - deyə o bildirib. "Biz ümumilikdə qadın seçicilərin sayı baxımından geri qalsaq da ağdərili qadınların arasında hətta indi belə irəlidəyik. İrəlidə biz bəzi qaradərili və Latın amerikalı qadınların da səslərini alacağıq," - Manafort deyib.
Onu da qeyd edək ki, Respublikaçı və Demokrat partiyalarından ABŞ prezidentliyinə namizədlər seçkilərdə partiya adından iştirak etmək uğrunda mübarizə zamanı ümumi 20 əsas debat keçirib. Növbəti keçiriləcək debat öz orijinallığı ilə hər kəsi təəccübləndirmiş seçki müddətinin ən qeyri-adi debatı olacaq. Adətən namizədlər partiyalarından nominasiya edilənədək öz aralarında debatlar keçirir. Hər iki partiya üçün nominasiyanın iyuldan öncə olmasa da Late Night Talk şousunun təşəbbüsü ilə Respublikaçı namizəd Donald Tramp və Demokrat namizəd Berni Sanders arasında debat qarşıdakı iki həftə ərzində mümkün olacaq.
Trump ABC kanalının Jimmy Kimmel Live verlişinə müsahibəsi zamanı aparıcı Kimmel Sandersin Demokrat partiyasında əsas rəqibi olan Hillari Klintonun seçkilərdə açar rolunu oynayan Kaliforniya ştatında iyunun 7-də keçiriləcək səsvermədən öncə debatdan imtina etməsi mövzusuna toxunub. Bundan sonra aparıcı əvəzində Trumpın Sanderslə debatının mümkün olub-olmamasını soruşub. Trump isə yayımdan əldə olunan gəlirin xeyriyyə məqsədi ilə istifadə olunacağı təqdirdə buna razı olacağını bildirib.
Sanders də öz növbəsində çox keçmədən təklifi qəbul edib. "Mübarizə davam edir. Mən iyulun 7-də keçiriləcək səsvermədən öncə Donand Trumpla debatı səbirsizliklə gözləyirəm,"- deyə Sanders öz Twitter səhifəsində yazıb.
Trump Şimali Dakota ştatında keçirilən energetika konfransında çıxışı zamanı söyləyib ki, prezident seçilsəm, iqlim dəyişikliyinə qarşı mübarizəni özündə əks etdirən Paris razılaşmasından imtina edəcəyəm. Onun sözlərinə görə, bu razılaşma faktiki olaraq ABŞ üçün sərfəli deyil. O, ABŞ-dan fərqli olaraq Çinin razılaşma sayəsində üzərinə götürdüyü öhdəliklərin heç birini yerinə yetirmədiyini söyləyib.
Qeyd edək ki, Paris konfransı keçən ilin dekabrında keçirilib.