“Türkiyə üzr istəməlidir” Dünya

“Türkiyə üzr istəməlidir”

Sergey Lavrov: "Ankara müxtəlif bağlı kanallarla bizə yaxınlaşmağa və hansısa komitə yaratmağa cəhd edir"

"Donbas hakimiyyəti beynəlxalq qüvvələrin regiona yerləşdirilməsi təklifinə heç vaxt razı olmayacaq".
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
Onun sözlərin görə, Ukrayna hakimiyyəti tərəfindən Donbasa beynəlxalq qüvvələrin yerləşdirilməsi təklifi Minsk razılaşmasında əksini tapmayıb: "Donbas heç vaxt buna razı olmayacaq. Minsk razılaşmasına uyğun olaraq, nizamlanma ilə bağlı addımların hamısını istisnasız olaraq tərəflərlə razılaşdırmaq lazımdır".
Sergey Lavrov Rusiya-Türkiyə münasibətlərinə də toxunub və qeyd edib ki, Moskva münasibətləri nizamlamaq təşəbbüsü ilə birinci çıxış etmək niyyətində deyil, lakin Ankaranın müvafiq müraciətinə baxmağa hazırdır".
O bildirib ki, Türkiyə tərəfi hazırda çox güclü əziyyət çəkir: "Ona görə də, müxtəlif bağlı kanallarla bizə yaxınlaşmağa və hansısa komitə yaratmağa cəhd edirlər. Hələ keçən ilin dekabrında türkiyəli həmkarım mənə münasibətlərin normallaşdırılması ilə bağlı komitə və ya qrup yaratmağı təklif etmişdi. Biz heç vaxt deməmişik ki, Türkiyəyə "zeytun budağı" uzadırıq. Demişik ki, Türkiyə üzr istəməlidir, hərbi cinayət zamanı dəyən ziyanı ödəməlidir. Prezident Putin də bildirib ki, biz Ankaranın müraciətinə baxmağa hazırıq".
Lavrov ölkəsinin Türkiyənin İraqdakı hərbi mövcudluğundan narahat olduğunu da dilə gətirib: "Rusiya tələb edir ki, Türkiyə öz qoşunlarını İraqdan çıxarsın. Ankaranın fəaliyyəti tamamilə qəbuledilməzdir. Türkiyənin keçmiş baş naziri Əhməd Davutoğlu bildirmişdi ki, həmin qoşunlar İraqın suverenliyini möhkəmləndirmək üçün ordadırlar. Lakin bu, tamamilə qəbuledilməz mövqedir. Hesab edirəm ki, prinsipcə, türklərin hərəkətləri qərbli tərəfdaşlarımızın diqqətini daha çox çəkməlidir".