İran ABŞ-ı nüvə sazişini pozmaqda ittiham edir Dünya

İran ABŞ-ı nüvə sazişini pozmaqda ittiham edir

İran BMT-yə şikayət göndərərək Birləşmiş Ştatları Tehranın dünya gücləri ilə nüvə razılaşmasını pozmaqda ittiham edib. İran Tehrana ballistik raket sınağı və insan haqları pozuntularına görə yeni sanksiyalar qoyulmasını pozuntu sayır. Xəbəri avqustun 1-də İranın xəbər agentlikləri yayıb.
Birləşmiş Ştatlar İranın şikayətinə dərhal reaksiya verməyib. Ancaq dövlət katibi Reks Tillerson avqustun 1-də mətbuat konfransında deyib ki, nüvə sazişini güclü şəkildə dəstəkləyir və sənədi prezident Donald Trampla müzakirələrdə də müdafiə etməli olub. Axı Tramp dəfələrlə sazişdən imtina edəcəyini bildirib.
Ötən ay ABŞ Xəzinədarlığı İranın altı şirkətinə ballistik raketlər hazırlanmasında roluna görə sanksiya qoyub. Bu, Tehranın orbitə peyk qaldırmaq gücünə malik raket buraxmasından sonra baş verib.
Ötən ay ABŞ Konqresi İrana yeni sanksiyalar nəzərdə tutan qanunvericiliyi qəbul edib Sanksiyalar Tehranın raket proqramı, insan haqları pozuntuları və İslam İnqilabı Qvardiyasına görə qoyulur.
İran parlamentinin spikeri Əli Laricani avqustun 1-də deyib ki, yeni sanksiyalar 2015-ci il nüvə razılaşmasını pozur və İran məsələni sazişin icrasına nəzarət edən BMT komissiyası qarşısında qaldırıb. İranın "Tasnim" agentliyi belə yazır.
İran daha öncə də Birləşmiş Ştatları sanksiyalar qoymaqla nüvə razılaşmasının ruhuna zidd davranmaqda suçlayıb, ancaq indiyədək Vaşinqtona qarşı rəsmi addım atmayıb.
Birləşmiş Ştatlar da sanksiyaları qoyarkən bildirib ki, İran raket sınaqları keçirməklə razılaşmanın ruhunu, eləcə də onu raket sınaqlardan çəkinməyə çağıran BMT qətnaməsini pozur.
Tillerson bu mövqeni bir daha avqustun 1-də dilə gətirib. O yada salıb ki, razılaşma Tehranı ballistik raket sınaqlarını dayandırmağa və Fars Körfəzi regionunda digər ölkələrə "yaxşı qonşu" olmağa çağırır.
Nüvə razılaşması Tehranın nüvə fəaliyyətini məhdudlaşdırması əvəzində beynəlxalq sanksiyaları qaldırmasını nəzərdə tuturdu. Ancaq Birləşmiş Ştatlar İranın raket hazırlanması və digər fəaliyyətinə qarşı qeyri-nüvə sanksiyalarını qüvvədə saxlayıb.
Tillersonun sözlərinə görə, o, Tramp administrasiyasına bildirir ki, nüvə razılaşması İranın Yaxın Şərqdə digər işlərini cilovlamağa kömək edər, məsələn, Suriya hökumətini dəstəkləməsi, Livanın "Hizbullah" qruplaşmasına yardımı, Yəməndə husi yaraqlılarına dəstəyi bu sıradadır.
"İrana davranışını dəyişməkdən ötrü göstərə biləcəyimiz ən böyük təzyiq bu razılaşma çərçivəsində kollektiv təzyiq ola bilir", – deyən Tillerson onu da etiraf edib ki, Trump-ı uzunmüddətli perspektivdə bu razılaşmaya əməl etməyə inandırdığına əmin deyil.
"Fikir ayrılıqlarımız var. Tramp bu sənədi kənara atıb yoluna düzələ də bilər, qalıb İranı şərtləri yerinə yetirməyə məcbur da edə bilər", – Tillerson deyib.