İrəvan sülh prosesini arxa plana atır Dünya

İrəvan sülh prosesini arxa plana atır

"Ermənistan danışıqları ləngidib, sülh prosesini arxa plana atmaq istəyir". Bu sözləri Ermənistan silahlı qüvvələrinin cəbhə xəttində atəşkəsi intensiv pozması və dinc sakinləri hədəfə almasına münasibət bildirən politoloq Tofiq Abbasov deyib. O bildirib ki, Ermənistan bu hərəkətləriylə bölgədəki vəziyyəti yüksək gərginlikdə saxlamağa cəhd edir:"Ermənistanın cəbhə bölgələrində dinc sakinləri hədəf alması hələ də öz işğalçı siyasətini yeritməsindən xəbər verir. Ermənistan hər vəchlə Dağlıq Qarabağ probleminin həllini gecikdirməyə çalışır. Ancaq İrəvan başa düşməlidir ki, Azərbaycan heç vaxt bununla razılaşmayacaq və rəsmi Bakının prinsipial mövqeyi ortadadır: əgər danışıqlar nəticə verməsə, münaqişənin həlli bilavasitə rəsmi Bakının istəyindən asılı olacaq".
Politoloq qarşıdurmanın dərəcəsi artdıqca müharibə ehtimallarının da artığını deyib:
"Sərkisyan dünyaya mətbəx diplomatiyası səviyyəsində mesajlar ötürür ki, guya Ermənistan inteqrasiya proseslərində yarımhal vəziyyətdədir. Buna səbəb kimi isə Azərbaycan və Türkiyə ilə yaşadığı problemləri göstərir. Əslində, bu, Ermənistanın siyasətinin zəifliyindən irəli gəlir. Çünki İrəvan yaxşı başa düşür ki, bu vəziyyətdən uzaqlaşmaq üçün bölgədəki qonşuları ilə dil tapmalı, işğalçı siyasətindən imtina etməli və hərbi birləşmələrini Azərbaycan torpaqlarından çıxarmalıdır".
T.Abbasov qeyd edib ki, Ermənistan silahlı qüvvələrinin Tovuz rayonunun Qaralar kəndini atəşə tutması nəticəsində 13 yaşlı Raminin yaralanması İrəvanın yeritdiyi işğalçı siyasətin davamıdır:
"Alxanlıda baş verən hadisələrdə Azərbaycanın Silahlı Qüvvələri Ermənistanın ön xəttində olan qüvvələrini yerlə yeksan etdi. Fikrimcə, ordumuz bu dəfə də ermənilərin layiqli cavabını verəcək".
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev isə deyib ki, əgər aparıcı dövlətlər erməni təxribatlarının qarşısını almasa, Ermənistan üçün ağır vəziyyət yarana bilər.

Millət vəkilinin sözlərinə görə, nə qədər ki, Ermənistan konstruktiv mövqeyə gəlməyib, bu cür təxribatlar davam edəcək:
"Ermənilər təxribatları davam etdirir, çünki onlara yetərincə cavab verilmir. Yəni aparıcı dövlətlər Ermənistanın işğalçı siyasətinə son qoymağı bacarmalıdır, əks təqdirdə Ermənistan üçün çox ağır vəziyyət yarana bilər. Dağlıq Qarabağ bölgəsindən kənarda olan Tovuz və Qazax bölgəsinə qarşı son təxribatlar, azyaşlının yaralanması onu göstərir ki, Ermənistan Azərbaycan Ordusunun qarşısında heç nə edə bilməyəcəyini başa düşür. Buna görə də İrəvan Azərbaycanı təxribata sürükləmək istəyir. Ermənistan məqsədi digər dövlətlərin silahlı qüvvələrini cəlb etməkdir. Əsas məsələ də elə məhz bundan ibarətdir. Ermənistan bununla vəziyyəti daha da gərginləşdirir. Dağlıq Qarabağ Ermənistanın işğalı altındadır və buna son qoyulmalıdır.
Azərbaycan öz ərazi bütövlüyünü təmin etməyə tam hazırdır, ancaq istədiyimiz sülh yoludur. Əgər Dağlıq Qarabağ münaqişəsinin həllinə sülh yolu ilə nail ola bilməsək, Azərbaycan problemi hərbi yolla həll edəcək".
Politoloq Qabil Hüseynlinin fikrincə isə, ermənilərin son təxribatlarına adekvat cavab vermək sərhəd bölgələrdə daha irimiqyaslı toqquşmalara səbəb ola bilər.

Onun sözlərinə görə, Azərbaycan beynəlxalq ictimaiyyətə müraciət edərək Ermənistanın mülki əhaliylə mübarizə apardığını bildirməlidir:
"Torpaqlarımızın işğalı ilə bağlı dünya ictimaiyyətində düzgün təsəvvürlər oyada bilmək üçün daha çox iş görməliyik. Doğrudur, bəzən dünya ictimai rəyi də birtərəfli düşünür və hadisələri birbaşa erməni mənbələrindən alır. Biz bunu təbliğat predmetinə çevirməyi bacarmalı, bu faktdan Ermənistanın qəsbkar və işğalçı siyasətini faş etmək üçün yararlanmalıyıq. Füzuli rayonunun Alxanlı kəndində erməni ordusunun dinc sakinləri hədəf alması nəticəsində azyaşlı Zəhra və nənəsinin qətlə yetirilməsi dünya ictimaiyyətində böyük rezonans doğurdu. Eyni hadisə ötən gün Tovuzun Qaralar kəndində də təkrarlandı və 13 yaşlı Ramin Yusifov ağır yaralandı. Bu hadisəyə səssiz qalmamalı və həyəcan siqnalı çalmalıyıq. Ermənistan artıq öz təxribatlarını sərhəd rayonlarına yönəldib. İrəvanın bir məqsədi var, o da Azərbaycan Ordusunu təxribatlara cəlb etmək və bununla da "Putin NATO-su" adlandırılan KTMT-ni Azərbaycan-Ermənistan münaqişəsinə cəlb etməkdir. Biz bunu nəzərə alaraq, məsələnin təbliğat tərəflərini ön plana çəkməliyik. Çünki bu məsələnin təkcə Ermənistan tərəfindən hazırlandığını düşünmək sadəlövhlük olardı. Bunun arxasında daha irəliyə gedən məqsədlər güdən beynəlxalq güclərin dayandığını mütləq nəzərə almaq lazımdır".
Politoloq bildirib ki, bəzi qüvvələr Dağlıq Qarabağ münaqişəsindən istifadə edərək bölgəni müharibə meydanına çevirmək istəyir:
"Cənubi Qafqazda NATO-nun təsirinin yayılması bu dairələrə öz güclərini göstərməyə imkan vermir. Biz onlara cavab verməklə bölgəni müharibə ocağına çevirə bilərik. Bu, əslində hüquqi vəziyyət yaratmasa da, formal olaraq Rusiyanın müdaxiləsiylə nəticələnə bilər. Bu hadisə Rusiya və Ermənistanın öz ordularını birləşdirilməsindən qısa zaman sonra baş verdi. Bütün bunlar onu göstərir ki, Rusiyanın erməni ordusu ilə təlimlər keçirməsi məkrli bir plana hazırlıqdır. Erməni təxribatlarına hərbi addımlarla cavab verə bilərik. Azərbaycan hazırda çox həssas bir dövr yaşayır. Yeni sanksiyalarla üzləşən Rusiya belə bir zamanda yenə də vəziyyəti dəyişmək istəyir. Azərbaycan səbrli davranıb, Rusiyanın əlinə fürsət verməməli, bölgədə sabitlik naminə yeni addımlar atmalı, monitorinq qrupunun bölgəyə dəvət olunmasını təmin etməli və Ermənistanın bölgədəki vəziyyəti hansısa dairələrin tapşırığı ilə sabotaj etməsinin qarşısını almalıdır".