Tramp senatorlarla da yola getmir Dünya

Tramp senatorlarla da yola getmir

Ötən həftə Senatın Xarici Əlaqələr Komitəsinin respublikaçı sədri Bob Corker demişdi ki, Tramp hələlik öz sabitliyini və kompetensiyasını nümayiş etdirə bilməyib. Bu arada Konqresdə demokrat konqresmen və senatorlar prezidenti təkbaşına nüvə zərbəsi endirmək səlahiyyətindən məhrum edəcək qanun layihəsi təklif ediblər. Bu layihəyə görə prezident nüvə raketinin atılması əmrini Konqreslə razılaşdırdıqdan sonra verə bilər.
Birləşmiş Krallığın Vashinqtondakı keçmiş səfiri Peter Vestmacott bildirib ki, hadisələrdə "1933-cü il Almaniyasının çalarları" görünür. Vəzifəsini ötən yanvarda tərk etmiş Klapper deyib ki, o, 1963-cü ildən bəri, Con Kennedidən tutmuş Barak Obamayadək bütün prezidentlərlə işləyib. O deyib ki, heç bir prezidentdən Trampdan eşitdiklərinə bənzər nəsə eşitməyib. "Axı nə vaxtadək bu ölkə, söz də tapa bilmirəm, bu dəhşətə dözməkdə davam edəcək?" - deyib Klapper. O əlavə edib ki, "həvəsdir - bəsdir" deməyin vaxtı çatıb.
Başqa məlumatlara görə Trampla Senat çoxluğunun rəhbəri Konnell arasında söyüş dolu telefon atışması olub. Tramp senatoru prezidenti, onun seçki kampaniyasının Kremllə mümkün əlaqələrinə dair təhqiqatdan qorumadığına görə acılayıb. Bu da xəbər verilir ki, xüsusi prokuror Robert Muellerin apardığı təhqiqat Trampı zaman-zaman dəlilik dərəcəsinə çatdırır. Keçmiş raket qoşunları zabiti Bruce Blair də Trampın Şimali Koreyaya hədələrindən narahat olduğunu dilə gətirib.
O bildirib ki, hər hansı ölkənin, onun yalnız nüvə silahı əldə etməsinə görə nüvə zərbəsi ilə hədələnməsi ABŞ-ın nüvə qüvvələri tərəfindən qəti şəkildə dəstəklənmir. Hazırda Princeton Universitetinin elmi işçisi olan Blair bunu da deyib ki, indiki nüvə protokolu ilə Tramp nüvə zərbəsi endirmək üçün məsləhət istəyə də bilər, istəməyə də… Ekspert deyib ki, raket zərbəsinin endirilməsi üçün Tvitter postu uzunluğunda komanda kifayətdir. Lakin bazalardan atılan raketləri yerinə qaytarmaq mümkün olmayacaq.