Əfqanıstanda savaş davam edir Dünya

Əfqanıstanda savaş davam edir

Sonuncu ABŞ əsgərinin bu torpaqlardan ayağı kəsilənədək...

Əfqanıstanda yenidən cihaddır. Təxminən bir həftə əvvəl "Taliban"ın rəsmi nümayəndəsi Zabiulla Mücdəhid bəyan etdi ki, sonuncu ABŞ əsgərinin Əfqanıstan torpağından ayağını kəsməmiş taliblər bu müqəddəs savaşı davam etdirəcəklər. Yaraqlıların bu bəyanatı Donald Trampın Əfqanıstanda ABŞ hərbi kontingenti və onun səlahiyyətlərini genişləndirəcəyi ilə bağlı açıqlamasından sonra gəldi.
"Strateq" yazır ki, cəmi bir il əvvəl ABŞ qoşunlarını Əfqanıstandan çıxaracağına vəd verən Tramp nədənsə mövqeyini dəyişdi. Beləliklə, 16 il əvvəl başlayan savaş hələ də davam edir və onun nə vaxt başa çatacağı heç kimə bəlli deyil. Amerikalılar Əfqanıstana 2001-ci ilin payızında – məşhur 11 sentyabr olaylarından sonra giriblər. O vaxt səbəb kimi də elə bu olaylar göstərilmişdi. ABŞ xüsusi xidmət orqanları bildirmişdilər ki, bu hadisələrin arxasında "Əl-Qaidə" və Əfqanıstan ərazisində gizlənən Üsamə bin Laden durur. Həmin vaxt hakimiyyətdə olan taliblər dost və tərəfdaşları olan bin Ladeni təhvil verməkdən imtina etmişdilər.
ABŞ Əfqanıstana girmək üçün BMT-nin nizamnaməsini əsas götürdü. 51-ci maddə imkan verirdi ki, aqressiya olacağı təqdirdə, ölkə özünümüdafiəyə əl atsın. ABŞ hüquqşünasları iddia edirdilər ki, bu halda aqressor "Əl-Qaidə" və onu himayə edən rejimdir (taliblərdən ibarət). ABŞ qoşunlarının Əfqanıstana girməyinə Britaniya, Kanada, Astraliya dərhal dəstək verdi. Buna qədər isə – 2001-ci ilin 26 sentyabrında Mərkəzi Kəşfiyyat İdarəsinin əməliyyatçıları taliblərə müxalif olan qüvvələrin – Şimal Alyansının nəzarət etdiyi ərazilərə gəldilər. ABŞ komandanlığı ilə mücahidlər arasında əlaqə qurmaq üçün general Rəşid Dustumla təmas yaratdılar.
Bir neçə gün sonra – oktyabrın 7-də "Əbədi azadlıq" əməliyyatı başladıldı. ABŞ Hərbi Hava Qüvvələri taliblərə ilk zərbələri endirdilər. Zərbələrin əsas hədəfi Kabil, Cəlalabad, Qəndahar və Məzari-Şərif oldu. ABŞ xüsusi təyinatlıları bin Laden və onun köməkçilərini tapmaq üçün bir neçə əməliyyat keçirsələr də, nəticə uğursuz oldu. Həmin vaxt Şimal Alyansı hərəkətə keçdi. Mücahidlər bir neçə həftə ərzində bir neçə iri şəhərə nəzarəti ələ aldılar. Əsas şəhərlər bir-birinin ardınca amerikalıların və Şimali Alyansın əlinə keçirdi. ABŞ xüsusi təyinatlıları və mücahidlər Məzari-Şərifə də girdilər. Cəmi yarım saat davam edən döyüşdən və hava zərbələrindən sonra taliblər geri çəkildi.
Noyabrın 12-də taliblər Kabili tərk etdilər. 11 günlük bombardmandan sonra isə Qunduz təslim oldu. Dekabrın əvvəlində səhra komandiri Həmid Kərzainin rəhbərliyi və ABŞ-ın dəstəyi ilə Qəndahar da ələ keçirildi. Sonra səhra kompleksi Tora-Bora uğrunda döyüş başladı. Taliblər 200 nəfərə yaxın itki verdilər, yerdə qalanları da qaçdılar. Amerikalılar orada Üsamə bin Ladeni ələ keçirəcəklərinə ümid etmişdilər. Lakin bu baş vermədi. Bir ay sonra mücahidlər və ABŞ taliblərin Şahi-Kotdakı sığınacağını dağıtmaq üçün "Anakonda" əməliyyatını başlatdılar. Lakin bu dəfə itki verən tərəf oldular – 15 ölü, 82 yaralı.
2001-ci ilin dekabrında BMT Təhlükəsizlik Şurasında qəbul olunmuş qətnaməyə əsasən ISAF (Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri) yaradıldı. Bu missiya Kabildəki yeni hökumətə ölkədə sülh və sabitliyi bərqərar etmək üçün kömək etməli idi. İSAF-da 50 ölkənin kontingenti təmsil olunurdu. Ən çox təmsilçi ABŞ-dan idi. 2003-cü ildə rəhbərlik NATO-ya keçdi. Rusiya öz ölkəsindən tranzit kimi istifadə olunmasına razılıq verməklə İSAF-a öz dəstəyini göstərdi. Bir hissəsi dağlara çəkilən, bir hissəsi də Pakistan ərazisinə keçən taliblər müəyyən fasilədən sonra güc toplayıb yenidən təşkilatlandılar. Molla Ömərin rəhbərliyi ilə Ali Şura təsis etdilər. 2003-cü ilin yayında əks-hücuma keçib Əfqanıstanın cənubu və şərqində uğurlu əməliyyatlar həyata keçirməyə başladılar.
Qərb mənbələrində "Taliban"ın təşkilatlanmadan sonrakı adı "Neotaliban" kimi keçir. Belə adlandırmaqda məqsəd hərəkatı köhnə (96-2001-ci illərdəki), klassik variantından fərqləndirmək idi. 2006-cı ildə taliblərin təsir dairəsi o dərəcədə gücləndi ki, koalisiyanı ölkənin cənubunda ciddi şəkildə möhkəmləndirmək ehtiyacı yarandı. İtalyanlar, hollandlar, avstraliyalılar, kanadalıların birgə iştirakı ilə aparılan əməliyyatlarda nəzərəçarpacaq uğurlar əldə olunsa da, talibləri məğlubiyyətə uğratmaq mümkün olmurdu.
2007-ci ildə koalisiya qüvvələri qətiyyətli əks-hücuma keçdilər. Taliblər yüzlərlə itki verdi, bir neçə səhra komandiri öldürüldü. Nəticədə geri çəkilməyə və ölkənin cənubunda ələ keçirdikləri əraziləri İSAF-a təhvil verməyə məcbur oldular. 2008-ci ildə amerikalılar və müttəfiqləri regionda əsgərlərin sayını artırdılar. Taliblər də sıralarını genişləndirdilər. "Taliban" yeni taktikaya əl atdı. Döyüş bölgələrinə hücum etmək əvəzinə Pakistandan keçən qüvvələrin imkanlarını genişləndirdilər. Buna cavab olaraq koalisiya qüvvələri şimal marşrutuna (Rusiya və Orta Asiya ölkələrindən keçməklə) diqqəti yönəltdilər.
2009-cu ildə təşviş dolu proqnozlar səslənməyə başladı. Əfqanıstanda döyüşən generallar taliblərin getdikcə gücləndiyini bəyan etdilər. Əlavə etdilər ki, ABŞ qoşunları Əfqanıstandan çıxacağı təqdirdə, "Taliban" dərhal qalib gələcək. Bütün bunlara və taliblərin müdaxiləsinə baxmayaraq, Kabildəki rejim prezident seçkilərini keçirə bildi. 2010-cu ildə Əfqanıstanın prezidenti Həmid Kərzai dinc danışıqlar üçün zəmin yaradan açıqlamalar verməyə başladı. Amerikalılar və onların müttəfiqləri isə bu müddətdə səhra komandirlərinin "ovuna" çıxmışdılar. İlin sonunda koalisiya qüvvələri taliblərin 300 liderini öldürdülər. ABŞ hərbi qüvvələrinin sayı artıq 100 minə yüksəlmişdi. Lakin yenə də "Taliban"a həlledici zərbə vurmaq mümkün olmamışdı.
2011-ci ildə ABŞ anladı ki, Əfqanıstandan yavaş-yavaş geri çəkilməlidi.Vaşinqton Üsamə bin Ladenin Pakistanda zərərsizləşdirilməsini (mayın 2-də) bəhanə kimi göstərdi. Bunun ardınca prezident Barak Obama Əfqanıstandakı kontingentin ixtisar ediləcəyini açıqladı. Sonrakı illərdə koaliiya qüvvələri Əfqanıstandan getməyə başladılar. Onların sayı azaldıqca "Taliban" fəallaşırdı. Taliblərə qarşı tək vuruşmaq məcburiyyətində qalan əfqan ordusu və polisi şəhərləri bir-bir əldən verir və böyük itkilərə məruz qalırdı. Seçki kampaniyası zamanı Donald Tramp ABŞ qoşunlarını Əfqanıstandan çıxaracağına və savaşa son verəcəyinə söz versə də, sözünü tutmadı. Avqustun 22-də Tramp elan etdi ki, ABŞ-ın bu ölkədəki missiyası davam etdiriləcək.
"Taliban"ın təmsilçisi Zabiulla Mücdəhid isə bildirdi ki, amerikalılar savaşı davam etdirməkdənsə, qoşunlarını geri çağırmaq barədə qərar verməli idilər. Mücahid onu da bəyan etdi ki, "Taliban" tam qələbəyə qədər cihadı davam etdirəcək…