İran nüvə sazişinin “ruhuna” əməl etmir Dünya

İran nüvə sazişinin “ruhuna” əməl etmir

ABŞ prezidenti Donald Tramp deyib ki, İran dünya gücləri ilə 2015-ci ildə imzaladığı nüvə sazişinin "ruhuna" əməl etmir. Bunun ardınca ABŞ-ın bir sıra xəbər agentlikləri Trampın bu sazişi ləğv etməyə hazırlaşdığını yazıblar. Tramp bu bəyanatı oktyabrın 5-də Ağ Evdə Amerika hərbiyyəsinin rəhbərləri ilə müşavirədə verib. ABŞ mediasında yayılan xəbərlərə görə prezident Donald Tramp, İranın 2015-ci ildə imzalanmış nüvə sazişinin tələblərini yerinə yetirmədiyinə dair qərar verməyə hazırlaşır.
Başqa sözlərlə bu, ABŞ-ın İranın 6 dünya gücü ilə imzaladığı nüvə sazişindən çıxması deməkdir. Trampın qərarını elan etməsindən sonra respublikaçıların çoxluğuna malik Konqres 60 gün ərzində İran üzərindəki sanksiyaların bərpası barədə qərar qəbul edə bilər. Oktybarın 5-də ABŞ-ın bir sıra media qurumlarının verdiyi məlumatlarda deyilir ki, Tramp İranla sazişin ABŞ-ın təhlükəsizlik maraqlarına uyğunluğu məsələsini götür-qoy edir. İranın nüvə sazişinin tələblərinə əməl edib-etmədiyinə dair qərar çıxarmaq üçün Trampın oktyabrın 15-dək vaxtı var.
"The Washington Post" xəbər verib ki, Tramp Tehran və dünya gücləri arasında imzalnmış sazişi ABŞ üçün qüvvədən salmaq niyyətini açıqlamağa hazırlaşır. Amerikanın bir sıra başqa xəbər agentlikləri ABŞ rəsmilərinə istinadən "Washington Post" qəzetinin məlumatını təsdiq ediblər. Ağ Evin sözçüsü Sara Sanders oktyabrın 5-də jurnalistlərə deyib ki, Tramp artıq qərarını qəbul edib. O bildirib ki, prezident bu qərarı qarşıdan qarşıdan gələn günlərdə açıqlayacaq.
2015-ci ildə bağlanmış bu sazişə ABŞ-dan başqa Rusiya, Çin, Britaniya, Fransa və Almaniya da imza atıblar. Sazişi dəstəkləyənlər bildirirlər ki, onun qüvvədən düşməsi bütün Yaxın Şərq boyunca silahlanma yarışını qızışdıra bilər. Sazişi tənqid edənlərin fikrincə, bu razılaşma ilə Qərb İrana həddən artıq güzəştə gedib. ABŞ Konqresində bir çox respublikaçılar bu sazişin əleyhinədirlər, lakin onu imzalamış başqa dünya gücləri sazişi dəstəkləməkdə davam edirlər. Senatdakı vəzifəli demokrat millət vəkillərindən biri deyib ki, prezident sazişin qüvvədə qaldığını təsdiq etməlidir, "vəssəlam". Media xəbərlərində Trampın saziş barədə qərarını oktyabrın 12-də bəyan edəcəyi bildirilir.