Rusiya “Trampı seçdirmək üçün“ Google-dan da istifadə edib Dünya

Rusiya “Trampı seçdirmək üçün“ Google-dan da istifadə edib

"The Guardian" yazır ki, Google Rusiya əməliyyatçılarnın ABŞ seçkisinə müdaxilə məqsədilə onun YouTube, Gmail və Google Search platformalarından istifadə etdiyini bildirib. Şirkət "Reuters" agentliyinə deyib ki, rusiyalı əməliyyatçıları adı çəkilən platformalarda 10 minlərlə dollarlıq reklam alıblar. Məqalədə deyilir ki, bu reklamları alanlar Facebookdan istifadə edən əməliyyatçılarla fərqli mənbədən olublar. Bu isə Rusiyanın daha geniş dezinformasiya fəaliyyəti ilə məşğul olduğunu göstərir.
Google bildirir ki, o hazırda davam edən təhqiqatla bağlı bu məsələ barəsində heç bir təfərrüatları aça bilməz. "The Guardian" yazır ki, Google-un açıqlamaları Silikon vadisi texnologiya nəhənglərinin özləri də istəmədən Rusiya əməliyyatçılarının əlində vasitəyə çevrildiyini göstərir. Google potensial baxımdan rusiyalı əməliyyatçıların ondan 100 min dollarlıq reklam aldığını aşkar edib.
Twitter və Facebook bu yaxınlarda aşkar etmişdilər ki, Rusiyanın Sankt Peterburq şəhərində yerləşən və İnternet Araşdırmaları Agentliyi kimi tanınan "dezinformasiya fabrikindən" olan əməliyyatçılar onların platformalarından istifadə edərək Amerikada siyasi baxımdan ixtilaf yarada biləcək materialları yayıblar. Bu fəaliyyətin məqsədi dolayısı ilə 2016-cı il ABŞ prezident seçkisinə təsir göstərmək idi. "The Guardian" yazır ki, İnternet Araşdırmaları Agentliyində kremlpərəst materiallar yayan yüzlərlə "troll" işləyir. Onlar guya amerikalılara və ya avropalılara aid saxta sosial media hesablarından dezinformasiyalar yayır. Facebook ötən ay bəyan etmişdi ki, həmin bu İnternet Araşdırmaları Agentliyi ondan 100 min dollarlıq reklam platforması alıblar. Məqalədə deyilir ki, Google-un bu halla bağlı araşdırması Facebook və Twitter-in təhqiqatlarından daha dərin olub.
Rusiyanın reklamlar alması ilk dəfə "The Washington Post" qəzetində açıqlanmışdı. Alphabet Inc şirkətinə daxil olan Google bu iddiaları inkar etməyib, lakin bildirib ki, onun reklam siyasəti siyasi reklamların məhdudlaşdırılması və dini və irqi zəmində hədəfləməyə yönəlik reklamların qarşısının alınması məqsədi güdür. Google dünyada ən böyük internet reklamı biznesinə sahibdir, YouTube isə dünyanın ən böyük internet video saytıdır. Bu yaxınlarda Google rəsmiləri Rusiyanın seçkiyə təsir göstərmək cəhdində ondan necə istifadə edildiyinə dair suallara cavab vermək üçün ABŞ Konqresinin Kəşfiyyat Komitəsinə dəvət ediliblər. Google, habelə Facebook və Twitter Senat və Konqres komitələri qarşısında noyabrın 1-də ifadə verməlidirlər.