Azovda qarşıdurma Dünya

Azovda qarşıdurma

Ukrayna və Rusiya arasında Azov dənizindən istifadə haqqında müqavilənin ləğvi yalnız Rusiyaya xidmət edəcək.
Bu haqda "ObozTV"-nin efirində bloger və jurnalist Larisa Voloşina bildirib.
Onun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin tərəfindən imzalanmış bu müqavilə göstərir ki, Azov dənizi Ukrayna və Rusiya arasında dövlət sərhədi ilə bölünür.
"Məhz Putin müqavilənin bu bəndini istəmirdi. O təkid edirdi ki, Azov dənizində heç bir sərhəd olmamalıdır. Biz dövlət başçısı tərəfindən imzalanmış və Azov dənizində sərhədləri göstərən dövlətlərarası sənədə malikik", - Voloşina vurğulayıb.
Jurnalist qeyd edib ki, müqavilənin ləğvi Putinin imzasını təmizləyir.
"Müqavilədə Putin şəxsən razılaşıb ki, Azov dənizi Rusiyanın daxili dənizi deyil", - Voloşina dəqiqləşdirib.
Qeyd edək ki, Kiyev Moskvanı Kerç boğazından keçərək Ukrayna limanlarına üzən gəmilərin hərəkətinə maneə olmaqda ittiham edir. Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Krım Sərhəd Xidməti isə yoxlamaların beynəlxalq dəniz hüququna uyğun keçirildiyini, gəmi sahiblərinin heç bir şikayətlərinin olmadığını bildirir.
Rusiya həmçinin, Ukraynanın Azor dənizində Qərb müttəfiqləri ilə hərbi təlimlər keçməsinə maneə olur. Ötən həftə Rusiyanın Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov "RT France", "Paris Match" və "Figaro"ya verdiyi müsahibəsində bildirib ki, Ukrayna Azov dənizində NATO ilə birgə təlimlər keçirə bilməyəcək, çünki bunun üçün Rusiyanın razılığı tələb olunur.
"İndi Ukrayna Azov dənizinə NATO təlimlərini çağırmaq istəyir, amma orada birgə təlimlər keçirilə bilməz. Çünki Ukrayna ilə müqaviləmiz Azov dənizinə hərbi gəmilərin keçidi üçün ikitərəfli razılıq tələb edir", – Rusiyanın xarici siyasət idarəsinin başçısı deyib.
Rusiya diplomatiyasının başçısının sözlərinə görə, NATO Rusiyanın sərhədlərində silah yığmağa davam edir:
"Avropada nəqliyyat infrastrukturunun müasirləşdirilməsinə kökləniblər ki, Amerikanın və yəqin ki, NATO-nun başqa ölkələrinin ağır silahlarını sərhədlərimizə çatdırmaq daha asan olsun", – Lavrov deyib.