Rusiya Ermənistana xəbərdarlıq edib Dünya

Rusiya Ermənistana xəbərdarlıq edib

"Ermənistan Rusiya ilə qaz tədarükü məsələsində uzunmüddətli nəticə əldə etmək üçün danışıqlar aparmağa davam edir".
Bunu jurnalistlərə açıqlamasında Ermənistan Baş nazirinin səlahiyyətlərinin müvəqqəti icraçısı Nikol Paşinyan deyib.
"Nə uğursuzluq? Siz hansı uğursuzluqdan bəhs edirsiniz? Biz uzunmüddətli nəticə əldə etmək üçün danışıqlara davam edirik. Qazın qiymətinə biz siyasi kontekstdə baxa bilmərik. Biz danışıqları davam etdirəcəyik və ölkəmizin maraqlarının müdafiəsi üçün hər şeyi edəcəyik", – deyə o Rusiya ilə qaz danışıqlarının uğursuz olması və bu səbəbdən qiymətlərin hər min kub metr üçün 15 dollar qalxması (165 dollar olması) barədə sualı cavablandırarkən bildirib.
O, Qazaxıstanın Karaqanda şəhərində kütləvi davada ermənilərin 23 yaşlı qazax gənci öldürməsi və buna etiraz olaraq, qazaxların kütləvi aksiyalar keçirməsinə və ermənilərin ölkədən qovulması tələblərinə də münasibət bildirib. Onun sözlərinə görə, Karaqanda insidenti millətlərarası xarakter daşımamalıdır.
Politoloq Hatəm Cabbarlı deyib ki, Ermənistan xarici və təhlükəsizlik siyasətində Rusiyanın mənafelərini nəzərə almazsa, təbii qazın qiymətində gözlənilmədən artım yaşana bilər.
O bildirib ki, Paşinyan hökuməti üçün daxili siyasətin ən problemli məsələlərindən biri Ermənistanın Rusiyadan təbii qaz idxalıdır:"Rusiya təbii qazın Ermənistana hər min kub metrini 165 dollara satacaq. Bu ötən ilki qiymətdən 15 dollar bahadır. Qiyməti Rusiya baxımından dəyərləndirsək, o qədər də baha deyil, amma Ermənistan baxımından dəyərləndirildiyində 15 dollar büdcəyə təsir edəcəyi kimi, pərəkandə satışda istehlakçılar da bahalaşmanı hiss ediləcəkdir. Ermənistanın elektrik enerjisi istehsalında təbii qazın payı 60 faizə yaxındır, bu, eyni zamanda elektrikin də qiymətinin bahalaşması deməkdir. Ermənistanda bir kub metr təbii qaz vətəndaşlara 100 dram (600 kub metr limitlə, təxminən 20 sent) limiti keçdikdə isə 135 drama satılır. 2016-cı ilə qədər Ermənistan təbii qazın hər min kub metrini kiçik istehlakçıya 210-292 dollara, böyük həcmli istehlakçıya isə 212-242 dollara satırdı. Ermənistanın illik təbii qaz idxalı təxminən 1,3-1,5 milyrad kub metrdir. Əsas tədarükçüsü Rusiya olsa da, İrandan da müəyyən miqdarda qaz alır. Amma İrandan aldığı təbii qazı birbaşa istehlakçıya satmaq haqqı yoxdur. Ermənistan bu qazdan elektrik enerjisi əldə edir və xalqa satır. Ermənistan İran ilə müqavilə bağlayarkən Rusiya müdaxilə etmiş və İrandan alınacaq təbii qazın sadəcə elektrik enerjisi istehsalında istehlakı şərtini qəbul etdirmişdi".
Politoloqun sözlərinə görə, Rusiyanın təbii qazın qiymətini 15 dollar bahalaşdırması Ermənistan üçün kiçik bir xəbərdarlıq kimi də dəyərləndirilə bilər.