S-400-lər Türkiyəyə gətirildi Dünya

S-400-lər Türkiyəyə gətirildi

S-400 zenit raket komplekslərinin birinci qrup avadanlıqları Türkiyəyə gətirilib.
Bu barədə Türkiyənin Müdafiə Nazirliyi informasiya yayıb.
Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu bildirib ki, S-400-lərlə bağlı anlaşma bitib, proses davam edir:” Biz bu işləri koordinasiya edirik. Təyyarələr və personalla bağlı icazələr üçün proseslər də davam edir. Müdafiə Nazirliyi zəruri açıqlama yayıb. Hər hansı bir problem yoxdur. Proses bundan sonra da sağlam şəkildə davam edəcək”.
Politoloq Elxan Şahinoğlu “Xalq Cəbhəsi”nə bildirib ki, bu, sıradan bir hadisə deyil:”Birincisi, bu, Rusiya-Türkiyə münasibətlərinin yeni mərhələyə qədəm qoymasıdır. Soyuq müharibə illərində Türkiyə ABŞ-ın strateji müttəfiqi idi. SSRİ-nin dağılmasıyla və bölgədə yeni şərtlərin formalaşmasıyla Türkiyənin Amerikadan asılılığı azaldı və Ankara Moskva ilə sıx münasibətlərinin bünövrəsini qoydu. Son 15 ilin gedişatına baxsaq Türkiyə-Rusiya münasibətləri keyfiyyətcə Türkiyə-ABŞ münasibətlərini üstələyir. Bu həm də Vaşinqtonun yanlış siyasəti ilə bağlıdır.
İkincisi, S-400 sistemi Türkiyənin təhlükəsizliyini və siyasi çəkisini artıracaq. Bundan başqa Türkiyə Rusiyadan əldə etdiyi texnologiya əsasında özü eyni sistemlərin istehsalına başlayacaq. Digər tərəfdən Türkiyə S-400 sistemlərinin pulunu elə Rusiyadan aldığı kreditlə ödəyəcək. Bunların heç birini Amerika Türkiyəyə təklif etmirdi. Təsadüfi deyil ki, Amerikanın hazırki prezidenti Donald Tramp böyük səkkizlərin Yaponiyadakı son sammitində hazırki vəziyyətə görə keçmiş prezident Barak Obamanı qınadı. Çünki Obama Türkiyəyə Patriot raketlərini satacağını vəd etsə də, bu vədini yerinə yetirmədi və qatar artıq getdi. Trampın etirafı Türkiyənin S-400 məsələsində haqlı olduğunu göstərdi.
Üçüncüsü, Türkiyə S-400 raketlərini əldə etdikdən sonra Amerikanın təzyiqlərinə hazır olmalıdır. Doğrudur, Tramp Türkiyə ilə münasibətləri daha da gərginləşdirilməsini istəmir. Ancaq Konqres və Pentaqon Türkiyəni S-400 raketlərinə görə cəzalandırmağa çalışacaq. Buna baxmayaraq, zaman keçdikcə Amerika Türkiyənin ərazisində Rusiya raketlərini həzm etmək məcburiyyətində qalacaq və bundan sonra münasibətlərin normallaşma prosesi başlayacaq. Çünki Türkiyə Rusiyadan aldığı S-400 raketlərinə baxmayaraq Amerikadan da hərbi texnika almağa çalışacaq, bu isə Amerikanın da maraqlarına uyğundur ki, Türkiyə bazarını itirməsin, əks halda Ankara Vaşinqtondan ala bilmədiyi hərbi texnikanı da Rusiyadan almağa qərar verəcək.
Dördüncüsü, son sövdələşmə Rusiyanın da maraqlarına xidmət edir. Rusiya NATO-nun əsas dövlətlərindən birinə müasir raket sistemini satdı. Bu silah bazarında Rusiyanın mövqelərini daha da gücləndirəcək. Təsadüfi deyil ki, Türkiyənin ardınca Hindistan da Rusiyadan S-400 sistemini almaq istəyir.
Beşinci amil Azərbaycanla bağlıdır. Türkiyənin müdafiə qabiliyyətini artırması heç şübhəsiz müttəfiqi Azərbaycanın da maraqlarına xidmət edir. Türkiyə S-400 raketlərini gələcəkdə özü istehsal etməyə başlayacağı halda əldə edəcəyi məhsulla Azərbaycanla da bölüşəcək. Bu Azərbaycanın təhlükəsizlik imkanlarını artıracaq. Digər tərəfdən artan Rusiya – Türkiyə hərbi əməkdaşlığının Cənubi Qafqazdakı proseslərə də müsbət təsirini proqnozlaşdırmaq olar. Rusiya istər-istəməz Türkiyənin Cənubi Qafqazdakı maraqlarını nəzərə almağa başlamalıdır. Türkiyə Azərbaycanla hərbi əməkdaşlığı daha üst səviyyəyə qaldırarsa Rusiya buna etiraz etməməlidir”.