“Türkiyəyə müdaxilə etməliyik ” Dünya

“Türkiyəyə müdaxilə etməliyik ”

ABŞ-da məxfi yazışma üzə çıxdı

ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Ceffrinin Türkiyəyə səfərindən əvvəl “Nyu-York Tayms” qəzeti sensasion bir sənəd yayımlayıb.
Ceffriyə aid yazışmada onun köməkçisinin Türkiyənin “Sülh çeşməsi” əməliyyatları ilə bağlı skandal ifadələri diqqət çəkib.
Ceffrinin köməkçisi Uilyam Robuk yazışmada ABŞ-ın Türkiyəyə qarşı daha sərt siyasət yürütməsinin, iqtisadi hədələrini artırılmasının və sərhədlərdə patrul xidmətlərinin gücləndirməsinin, o cümlədən əməliyyatların qarşısının alınmasının vacibliyinə diqqət çəkib.
Robok iddia edib ki, Türkiyə suriyalı müxaliflərin kürd əsirləri öldürməsinə göz yumur. O, eyni zamanda Türkiyəni Suriyada cihadçı terror təşkilatlarına dəstək verməkdə ittiham edib və kürdlərə qarşı “etnik təmizləmə”də günahlandırıb.
“Nyu-York Tayms” Robukun iki ildir Suriya Demokratik Qüvvələri terror təşkilatı ilə də əməkdaşlıq etdiyinə diqqət çəkib.
Amerikalı diplomatın SDQ-nin lideri Məzlum Kobani ilə dəfələrlə Türkiyə əleyhinə gizli danışıqlar apardığı da məqalədə yer alıb.
Onun fikrincə, ABŞ Türkiyənin Suriyadakı əməliyyatlarını iqtisadi təhdidləri artırmaqla almalı idi: “Bu məqsədlə NATO qüvvələri Suriya-Türkiyə sərhədlərində yerləşdirilməlidir”.
Yeri gəlmişkən, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın 13 noyabrda ABŞ-a səfərinin dəqiqləşməsi bu ölkədə yeni bir Türkiyə qarşıdurması yaradıb.
Konqresin bəzi senatorları Türkiyəyə qarşı sanksiya layihəsinin Ərdoğan Vaşinqtonda ikən mütləq gündəmə gətirilməsini istəyib.
ABŞ prezidenti Donald Trampın Administrasiyası isə təklifə müsbət yanaşmayıb.
Senatın Xarici Əlaqələr Komitəsinin sədri Cim Risş Ərdoğan ölkələrində ikən layihənin gündəmə gətirilməsinin yaxşı fikir olmadığını deyib. Həmin komitənin demokrat üzvü Bob Menendez isə xronologiyaya əsasən, Türkiyəyə sanksiya qərarının gələn həftə etibarilə səsverməyə çıxarılmasının gərəkliliyini vurğulayıb.
Bəzi senatorlar da mübahisəyə qoşulub. Sosial mediadan “Tramp Ərdoğanın Ağ Evə səfərini təsdiqlədi” xəbərini etiketləyərək şərh verən Konnektikut ştatının senatoru Riçard Blumental “Trampın Ərdoğanla xoş bir yemək üçün təkidi göstərir ki, Suriyada kürd ortaqlarımıza edilən hücumları şokedici şəkildə görməzdən gəlir” deyərək Ərdoğanı təhqir edib.
Türkiyəyə qarşı həmlə bununla bitməyib. 5 senator Dövlət Departamentinin rəhbəri Mayk Pompeoya Türkiyənin Suriyadakı təhlükəsiz bölgə xaricində fəaliyyət göstərdiyi iddialarının araşdırılmasını tələb edən məktub ünvanlayıb. Məktubda iqtisadi sanksiyaların tətbiqi tələb olunub.
Türkiyəyə bir çox sahədə sanksiya tətbiq edilməsini ehtiva edən layihə ABŞ Nümayəndələr Palatasında qəbul edilmişdi. ABŞ sisteminə görə, bir layihənin qanuniləşməsi üçün Senatda qəbul edilməlidir. Layihə Senat səsverməsində üçdə iki səs alarsa, prezidentin təsdiqi olmadan qüvvəyə minə bilər.
Digər tərəfdən, YPG/PKK-nın muxtar idarəetməsinin iddialarından sonra hərəkətə keçən Pentaqondan ötən gün bir açıqlama gəlib. Belə ki, ABŞ-ın Türkiyəyə satdığı silahlardan müharibədə istifadə edib-etmədiyi araşdırılacaq.