Türkiyənin “şəhər əməliyyatı”: Münaqişə alovlana bilər Dünya

Türkiyənin “şəhər əməliyyatı”: Münaqişə alovlana bilər

Türkiyənin Şimali Kipr ərazisində yerləşən Maraş şəhərini yenidən açması Kipr münaqişəsini alovlandıra bilər.
Bu sözləri Axar.az-a açıqlamasında politoloq İlqar Vəlizadə Kipr Respublikasının rəhbəri Nikos Anastasiadisin rəsmi Ankaranın Maraş şəhərini yenidən açacağı təqdirdə Türkiyəyə müharibə elan edəcəkləri haqda açıqlamasına münasibət bildirərkən deyib. O vurğulayıb ki, hazırda Şimali Kiprdə Türkiyənin əli bir qədər zəifdir:
“Türkiyə Şimali Kipri dövlət olaraq tanıyır. Bu səbəbdən onunla rəsmi səviyyədə müqavilələr imzalayır. Bir müddət öncə Türkiyə Aralıq dənizinin Şimali Kipr hissəsində təbii neft və qaz yataqları kəşf etməklə bağlı razılığa gəlib. Bunun qarşılığında isə Türkiyə tərəfi adanın infrastruktur işlərinə investisiya ayıracağı təminatını verib. Əslində, Ankaranın adadakı fəaliyyəti qanunsuzdur, çünki Şimali Kipr beynəlxalq aləmdə dövlət olaraq tanınmır. Bu baxımdan demək olar ki, Şimali Kiprdə Türkiyənin əli bir qədər zəifdir. Çünki beynəlxalq hüquq çərçivəsində Türkiyə adada heç bir fəaliyyət gerçəkləşdirə bilməz”.
Politoloq bildirib ki, Cənubi Kipr Türkiyəyə qarşı mübarizədə Yunanıstanın dəstəyinə arxalanır:
“Cənubi Kipr Türkiyəyə nəzərən çox kiçik və zəif bir ölkədir, lakin Türkiyə mövcud siyasi vəziyyəti də düzgün qiymətləndirir. Çünki Cənubi Kipr ilə Yunanıstan arasında çoxtərəfli müqavilələr mövcuddur. Bu baxımdan Yunanıstan Cənubi Kiprin müstəqilliyinin və təhlükəsizliyinin təminatçısıdır. Kipr adası üzərində gedən proseslər Qərbi Avropa ölkələrinin də diqqət mərkəzindədir. Düşünürəm ki, Türkiyənin adanın şimal hissəsində fəaliyyəti Qərbin ciddi narazılığına səbəb olacaq”.
Qeyd edək ki, Türkiyə Şimali Kiprdə 46 ildir bağlı vəziyyətdə olan Maraş şəhərinin yenidən açılması üçün təşəbbüs göstərib. Cənubi Kipr hökuməti isə buna etiraz edib.