Ərdoğan: “TANAP enerji mənbələri uğrunda münaqişələrə sülh və əməkdaşlıqla verilən ən gözəl cavabdır” Dünya

Ərdoğan: “TANAP enerji mənbələri uğrunda münaqişələrə sülh və əməkdaşlıqla verilən ən gözəl cavabdır”

“Trans-Anadolu Qaz Boru Kəməri layihəsi Türkiyə, Azərbaycan və Gürcüstanın qarşılıqlı etimada söykənən əlaqələrinin konkret nümunəsi, ölkələrimiz arasındakı köklü dostluğun simvoludur”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Gürcüstanda nəşr edilən “Diplomat” jurnalının “New York Times”la əməkdaşlıq çərçivəsində çap edilmiş yeni nömrəsində dərc olunmuş “TANAP: Regional İnkişaf və Sülh Layihəsi” adlı məqaləsində yazıb.
Ərdoğan məqaləsində qeyd edib ki, Trans Anadolu Təbii Qaz Boru Kəməri layihəsi (TANAP) Xəzər bölgəsi təbii qazının Gürcüstan və Türkiyə üzərindən Avropaya çatdırılması məqsədi daşıyan Cənub Qaz Dəhlizi layihəsinin onurğasıdır: “3 min 500 kilometr uzunluğunda olan bu koridorun ən önəmli hissəsini bu layihə təşkil edir”.
R.T. Ərdoğan TANAP layihəsinin enerji mənbələri uğrunda münaqişələrə sülh və əməkdaşlıqla verilən ən gözəl cavab olduğunu bildirib: “TANAP bəzi aktorların enerji mənbələri üzərindən yaratdığı münaqişələrə sülh və əməkdaşlıqla verilən ən gözəl cavabdır”.
Türkiyə prezidenti vurğulayıb ki, ölkəsi enerji mənbələri ilə istehlakçı bazarlar arasında etibarlı vasitəçi olaraq qalacaq.
“TANAP enerjinin “İpək Yolu”dur. Güclü və dayanıqlı iqtisadiyyatı, sülhü hədəfləyən xarici siyasəti və dayanıqlı idarəetmə anlayışı ilə yanaşı, coğrafi mövqeyinə görə zəngin təbii qaz və neft ehtiyatlarına qonşu olan Türkiyə bu günə qədər enerji mənbələri olan ölkələrlə istehlakçı bazarlar arasında etibarlı körpü rolunu oynayıb və oynamağa davam edəcək” , - deyə R.T. Ərdoğan bildirib.