İranda bələdiyyə sədrləri həbs edilir Dünya

İranda bələdiyyə sədrləri həbs edilir

Təbriz meri İrəc Şəhin-baher Təbriz bələdiyyəsində rüşvət və korrupsiya xəbərləri haqqında danışıb. O, korrupsiyaya qarşı mücadilənin zəhmətli bir iş olduğunu ifadə edib.
İSNA xəbər agentliyinə istinadən, Şəhin-baher deyib ki, “şəhər şurası ilə birlikdə korrupsiyaya qarşı mübarizə edirik. Bu mübarizədə ya biz uğur qazanıb korrupsiyanı məğlub edəcəyik, ya da, korrupsiyaya uğurlu olacaq və bizi vəzifəmizdən uzaqlaşdıracaq.”
Təbriz bələdiyyə başqanı aprel ayının 11-də koronavirus testinin müsbət çıxdığını və evində karantində qaldığı bildirmişdi.
2016-cı ildən bəri gündəmdə olan Təbriz Bələdiyyəsində korrupsiya dosyesi ilə əlaqədar Təbrizin sabiq meri Sadiq Nəcəfi, habelə onlarla bələdiyyə müavini, müdir və şəhər şurası üzvü saxlanılıb.
Həmçinin İslam İnqilabı Qvardiyasının (Sepah) təhlükəsizlik qurumu Təbrizin 4-cü məntəqəsinin bələdiyyə başqanı Rza Paknəhadı təqribən 3 həftə əvvəl nəzarət altına alıb.
Yarı-rəsmi Tasnim agentliyinin xəbərinə görə, Rza Paknəhad da 2016-cı ildən bəri gündəmdə olan rüşvət və korrupsiya dosyesi ilə bağlı həbs edilib.
Son bir neçə ildə İranın müxtəlif bələdiyyələrində korrupsiya ittihamı ilə əlaqədar həbs xəbərləri yayılır.
Zəncan bələdiyyə başqanı Məsihüllah Məsumi, Zəncan şəhər şurasının bir üzvü və Zəncan şəhər məntəqələrindən birinin bələdiyyə başqanı isə keçən ilin dekabr ayında saxlanılıblar.
İslam İnqilabı Qvardiyasına (Sepah) bağlı şirkətlər, habelə birbaşa İranın ali dini lideri Seyyid Əli Xameneyinin nəzarətində olan qurumlar ilə əlaqədar korrupsiya xəbərləri davamlı şəkildə sosial şəbəkələr və xaricdə fəaliyyət göstərən mediada yayılır. Lakin İran daxilində fəaliyyət göstərən media qurumları bu növ xəbərləri əks etdirmirlər.