Lavrov Poroşenkonu ittiham edib Dünya

Lavrov Poroşenkonu ittiham edib

"Ukrayna prezidenti ölkənin şərqində yeni müharibəyə hazırlaşır"

Cavid

Rusiyanın son günlər Ukraynanın şərqinə separatçıları dəstəkləmək üçün tanklar və əsgərlər göndərməsi barədə NATO-nun bəyanatlarına baxmayaraq, rəsmi Moskva iddiaları israrla təkzib etməkdədir. Kreml gərginliyin artmasında bütün məsuliyyətin Ukraynanın üzərinə düşdüyünü bəyan edir. Rusiya xarici işlər naziri Sergey Lavrov Poroşenkonun Donbasa maliyyə yardımının tamamilə dayandırılması barədə verdiyi sərəncama münasibət bildirərkən deyib ki, Ukrayna prezidenti Pyotr Poroşenko ölkənin şərqində yeni müharibəyə hazırlaşır.
Nazir bildirib ki, rəsmi Kiyevin əsas məqsədi Donbasda müharibəni alovlandırmaqdır.
"Poroşenkonun bu sərəncamı ölkənin şərqində sosial-iqtisadi vəziyyəti gərginləşdirəcək. Kiyev bununla regionu yeni müharibəyə sövq etmək istəyir. Müharibəni yenidən başlamaqla ordunu Donbasa göndərməyi planlaşdırır", deyə Lavrov bildirib.
Qeyd edək ki, Ukrayna prezidenti Pyotr Poroşenko Donetsk və Luqansk vilayətlərinə maliyyə yardımının ayrılmasının qadağan edilməsi barədə göstəriş verib.
NATO isə Rusiya Hərbi hava Qüvvələrinə məxsus daha bir təyyarəsini ələ keçirdiyini bəyan edib.
Bu barədə Latviya Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilir ki, NATO-nun Baltik dənizi üzərində patrul uçuşları həyata keçirən təyyarələri Rusiyanın kəşfiyyat uçuşları həyata keçirən təyyarəsini ələ keçirib.
"NATO-nun altı CF-188 təyyarəsi həyəcan siqnalı nəticəsində havaya qaldırılıb. Nəticədə Baltik dənizi üzərində Rusiyanın İl-20 hərbi təyyarəsi ələ keçirilib", deyə açıqlamada bildirilir.
Qeyd edək ki, NATO bir neçə gün əvvəl Baltik dənizi üzərində Rusiya Hərbi Hava Qüvvələrinə məxsus Su-27 qırıcısını da ələ keçirmişdi. Maraqlısı bundadır ki, Rusiya tərəfi bununla bağlı hələlik heç bir açıqlama verməyib.
NATO-nun rəsmi nümayəndəsi Oana Lunqesku isə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun bəyanatından təəccübləndiyini ifadə edib.
"Rusiya rəsmi şəxsinin belə bəyanatı məni təəccübləndirir. Bəyanat reallıqdan uzaq və Rusiyanın özünün də imzaladığı beynəlxalq öhdəliklərin pozuntusudur", - deyə NATO-unun rəsmi nümayəndəsi bildirib.
Onun sözlərinə görə, Ukrayna 2010-cu ildən bloklara qoşulmamaq siyasətini həyata keçirməyə qərar verib: "NATO Ukraynanın suveren qərarlarına hörmət edir və Rusiya da bunu etməlidir. Ukraynanın NATO-ya üzvlüyünə gəlincə, ittifaqın liderləri Uels sammitində bildirdilər ki, NATO "açıq qapı" siyasətini həyata keçirir və bu ittifaqın ən böyük müvəffəqiyyətlərindən biridir. Genişlənmə üzrə qərarlar NATO-nun özünə aiddir".
Xatırladaq ki, Rusiya prezidentinin mətbuat katibi NATO-nun heç bir ölkəsinin Ukraynanın ittifaqa üzvlüyünü düşünmədiyi barədə yüzfaizli zəmanət istədiklərini deyib.
"Biz eşitmək istəyirik ki, NATO Rusiya sərhədlərinə yaxınlaşmasına son qoyacaq. NATO gücün balansını pozmaq cəhdlərinə son verəcək. Amma təəssüf ki, biz bu sözləri eşitmirik", - deyə D.Peskov vurğulayıb.
Bu arada ABŞ-ın sabiq prezidenti oğul Corc Buş yerli telekanallardan birinə maraqlı açıqlama verib. Buş bildirib ki, Rusiya prezidenti Vladimir Putini məğlub etmək üçün ABŞ bütün dünya ilə birgə hərəkət etməlidir: "Bilirsiniz, mən prezident olanda, Putin özünü elə aparırdı ki, sanki bir tərəfin nailiyyət əldə etməsi mütləq digər tərəfin məğlubiyyəti hesabına olmalıdır.
Başqa sözlə, ya mən qalib gəlirəm, ya da siz. Biz ikimiz bir yerdə qələbə qazana bilmərik. Putin belə düşünür. Onu məğlub etmək üçün bütün dünya birlikdə hərəkət etməlidir", deyə Buş bildirib.
"hromadske.tv"nin efirində rusiyalı politoloq Stanislav Belkovski isə deyib ki, Rusiya təbliğatının əsas məsələsi Rusiya Federasiyası prezidenti Vladimir Putinin əzablarını yumşaltmaqdır.
"Putin hazırda frustrasiya (bu və ya digər ehtiyacların təmin olunmasının qeyri-mümkünlüyü vəziyyətində yaranan psixi vəziyyətdir) vəziyyətdədir. Putin indi çox mürəkkəb psixoloji haldadır və nə Rusiyada vətəndaş cəmiyyəti, nə də Ukrayna üçün yaxşı siyasi nəticə vəd edir. Frustrasiya vəziyyətində Putin həmişə sərt cavab verir", - deyə ekspert vurğulayıb.
Onun sözlərinə görə, Putin Ukrayna ilə rəsmi müharibə istəmir. Amma Belkovski qeyd edir ki, avqust ayında olduğu kimi qeyri-rəsmi müharibənin yeni mərhələsi başlaya bilər.
Qeyd edək ki, Rusiya prezidenti 15-16 noyabr tarixlərində Avstraliyanın Brisben şəhərində keçirilən "Böyük iyirmiliyin" sammitini vaxtından əvvəl tərk edib. Təhlilçilər Putinin bu hərəkətini sammitdə ona göstərilən pis münasibətlə izah edirlər. Aeroportda qarşılanmasından tutmuş oteldə yerləşdirilməsi, sammit iştirakçıları arasında yerinin müəyyən edilməsi kimi protokol qaydalarına qədər hər mərhələdə Putinə pis mənada fərqli münasibət göstərilib. Qərb liderləri də nümayişkəranə şəkildə Putindən uzaq durub, onunla Ukrayna mövzusunda sərt söhbətlər aparıb.
"Separatistlərin hədəfi daha dəqiq sərhədlərlə regionun yaradılmasıdır".
Bu barədə isə NATO qoşunlarının Avropadakı baş komandanı Filip Bridlav Almaniyanın "Frankfurter Allgemeine" qəzetinə bildirib.
Onun sözlərinə görə, ən yaxın həftələr və ya aylarda Ukraynanın şərqində separatçılar nəzarət etdiyi əraziləri genişləndirmək üçün hərbi əməliyyatlara başlaya bilər.
"Avtomobil yollarının bir hissəsi separatçıların nəzarət etdiyi zonadan kənar keçir. Bundan başqa onlar Donetsk aeroportuna nəzarət etmirlər və dənizə çıxışa malik deyillər. Buna görə də ehtimal etmək olar ki, Rusiyanın hazırda separatçılara çatdırdığı silahlar onlara təchizat yollarını əhəmiyyətli dərəcədə yaxşılaşdırmağa imkan verəcək", - deyə Bridlav vurğulayıb.
NATO generalı Ukrayna sərhədi boyu Rusiya Silahlı Qüvvələrinin düzülüşündə heç bir dəyişiklik olmadığını, onların ümumi sayının əvvəlki kimi səkkiz batalyon olaraq qaldığını deyib.
ABŞ prezidenti Barak Obamanın köməkçisi isə bildirir ki, Birləşmiş Ştatlar Ukraynaya yardım etməmək siyasətinə yenidən baxmalıdır. Milli təhlükəsizlik müşavirinin müavini Tony Blinken Moskvanın Minsk sazişini "ciddi pozması hallarını" misal çəkib. Sentyabrın 5-də Rusiya, Ukrayna və Ukraynanın separatçı Donetsk və Luqansk regionları tərəfindən imzalanmış həmin sazişlə atəşkəs elan olunub.
Blinken deyib ki, Kiyevi vacib hərbi yardımla təmin etmək Moskvanı "iki dəfə düşünməyə və gələcək hərəkətlərdən çəkinməyə vadar edər".
Blinken noyabrın 19-da, özünün Obamanın dövlət katibinin müavini postuna nominasiyasına həsr olunmuş konqres dinləməsində danışıb.