Yəməndə sonu görünməyən müharibə Dünya

Yəməndə sonu görünməyən müharibə

"Ərəb baharı" Yaxın Şərqi qan gölündə boğur

Cavid

"Ərəb baharı"nın üzləşdiyi ölkələrdən biri də Yəməndir. Abdulla Saleh 30 il Yəmən prezidenti olduqdan sonra onu devirdilər. Yeni seçkilər keçirildi və hakimiyyətə Mənsur Hadi gəldi. Ancaq bu dəyişiklik Yəmənə sabitlik gətirmədi, əksinə məzhəb savaşı başladı. XXI əsrdə İslam dünyanın ən böyük problemi Yəməndə də özünü göstərdi: İslam dünyasındakı qarşıdurma ideya uğrunda deyil, məzhəb fərqinə görədir. İran şiələrin, Səudiyyə Ərəbistanı isə sünnilərin regional lideri rolunda çıxış edir. İran şiə hakimiyyətlərini (İraq, Suriya, Livan) və qruplaşmalarını ("Hizbullah", husilər) müdafiə edir, onları silahlandırır, maliyyə verir, Səudiyyə Ərəbistanı isə əksinə.
Atlas Araşdırmaları Mərkəzinin Yəməndə baş verənlərlə bağlı təhlilinə görə, Səudiyyə Ərəbistanı Yəməndə hakimiyyətin şiələrin əlinə keçməsinə istəmir. Çünki bu halda İran Yəməndə möhkəmlənəcək və Tehran Səudiyyə Ərəbistanı, o cümlədən Bəhreyndəki şiələri də hakim rejimlərə qarşı müqavimətə çağıracaq. Ona görə də Səudiyyə Ərəbistanı Yəməni bombalayır, ilk dəfə olaraq ərəb ordusu və koalisiyası formalaşdırır. Bu koalisiyada qeyri-ərəb ölkələri – Türkiyə və Pakistan da var. Səudiyyə Ərəbistanı Pakistana maliyyə yardımı ayırır, Türkiyə ilə isə sıx iqtisadi əməkdaşlığı var. Buna görə də, Ankara və İslamabad da Yəməndəki şiə inqilabına qarşı Səudiyyə Ərəbistanının yanında yer alıblar.
Azərbaycan kiçik dövlətdir, Yaxın Şərqdəki hadisələrə müdaxilə etmir. Buna baxmayaraq, Yəməndəki hadisələr Azərbaycanı çətin seçim qarşısında qoyub. Azərbaycan əhalisinin təxminən 70 faizi şiələrdir və buna görə də Səudiyyə Ərəbistanının ərəb dövlətləri ilə birgə Yəməndə şiə inqilabçılarını bombalaması Bakıda rəğbət doğurmur. Ancaq digər tərəfdən Yəməndə şiələrə qarşı blok formalaşdıran 3 dövlət – Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan Azərbaycanın müttəfiqləridir. Bu 3 dövlət Azərbaycan torpaqlarının işğalına görə Ermənistanla diplomatik münasibət qurmayıb və Dağlıq Qarabağ məsələsində Bakının mövqeyini müdafiə edirlər. Belə olan halda rəsmi Bakı Yəməndəki məzhəb müharibəsinə görə müttəfiqləri ilə problem yaşamaq istəməz. Ona görə də rəsmi Bakı üçün ən yaxşısı Yəməndəki proseslərə münasibət bildirməməkdir. Bakı üçün yeganə tezis bu olmalıdır: "Azərbaycan qardaş Yəməndə sülh və sabitliyin yaranmasında maraqlıdır".
Buna baxmayaraq, Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Hacı Allahşükür Paşazadə Yəmən şirələrinə qarşı müharibəni tənqid edərək bunları deyib: "Ərəb dövlətləri Fələstin məsələsində İsrailə qarşı həmrəylik nümayiş etdirə bilmirlər, ancaq Yəməndəki müxalif qüvvələrə qarşı koalisiya yaradıblar. Bu təəssüf doğurur. Bütün bunlar məzhəb ayrı-seçkiliyinin əlamətidir".
QMİ rəhbəri bu açıqlamasıyla faktiki simpatiyasının Yəmən şirələrinin tərəfində olduğunu biruzə verdi. Paşazadənin bu mövqeyi Tehranın mövqeyi ilə üst-üstə düşdü. Paşazadənin açıqlamasında İsrail də hədəf götürülüb ki, bu da Azərbaycanın təhlükəsizlik maraqları ilə üst-üstə düşmür. İsrail Azərbaycanın strateji tərəfdaşıdır, Bakı başqa ölkələrdən ala bilmədiyi müasir silahları İsraildən alır və bu ölkəyə böyük həcmdə neft satır. Buna görə də Azərbaycan hakimiyyəti Paşazadənin Yəmənlə bağlı açıqlamasından narahat oldu. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev Allahşükür Paşazadə tərəfindən səsləndirilən fikirlərin onun şəxsi mövqeyi olduğunu və Azərbaycanın rəsmi mövqeyini əks etdirmədiyini bildirib.
Bugünə qədər hakimiyyətlə Qafqaz Müsəlmanları İdarəsi arasında fikir ayrılığı açıq polemikaya keçməmişdi. XİN-nin mətbuat katibinin açqlamasında həm də o deyilir ki, Azərbaycan Konstitusiyasının 18-ci maddəsinə əsasən Azərbaycanda din dövlətdən ayrıdır və rəsmi mövqeyi prezident və XİN bildirir.