Qərb İrana vaxt verdi Dünya

Qərb İrana vaxt verdi

Tehranı yola gətirmək çətinləşir

Cavid

İsevçrənin Lozanna şəhərində İranla 6-lıq ölkələri arasında nüvə proqramına dair aparılan danışıqlar prosesinin son müddəti başa çatsa da, tərəflər müzakirələri davam etdirəcəklər. Amerika Birləşmiş Ştatları hökuməti İranla razılığa gəlmək üçün Tehrana bir gün daha vaxt verib. Ağ Ev rəhbərliyi bildirib ki, Amerika hökuməti irəliləyiş olmayacağı təqdirdə, danışıqlardan geri çəkiləcək.
"Danışıqlarda mövqeyimiz dəyişməyib. Əgər irəliləyiş olduğunu görsək, prosesi yarımçıq qoymarıq. Heç bir irəliləyiş olmadığı təqdirdə isə, Amerika və beynəlxalq ictimaiyyət danışıqlarından geri çəkilməyə hazırdır. Biz danışıqlardan nələr gözlədiymizi bəyan etmişik" - deyə Ağ Evin mətbuat katibiI Coş Örnst bildirib.
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Qərb liderlərini bu tarixi imkandan istifadə etməyə və razılığa gəlməyə çağırıb. Zərif qeyd edib ki, İran razılaşmanın baş tutması üçün siyasi iradə nümayiş etdirib.
"Ümid edirik ki, qarşı tərəf də razılaşmaya nail olmaq üçün siyasi iradə nümayiş etdirəcək. Görünür, bəzi problemlər məsələnin həllinə mane olur. Ümid edirəm ki, həmkarlarımız bunun unikal bir imkan olduğunu anlayacaqlar. Bu imkan bir də təkrarlanmayacaq. Onlar bundan istifadə etməlidir".
Tərəflər arasında yekun razılıq olmayacağı təqdirdə, xəbərdarlıqlara baxmayaraq, danışıqlar prosesinin uzadılacağı ehtimal olunur.
Dövlət Departamentinin nümayəndəsi Marie Harf hələ ki həll olunmamış "bir neçə çətin sual" qaldığı barədə xəbərdarlıq edib.
Öz növbəsində Rusiya xarici işlər naziri Sergey Lavrov Lozannada bütün əsas suallar üzrə prinsipial razılaşmaya nail olunduğunu bəyan edib.
"Artıq kifayət qədər əminliklə demək olar ki, bu problemin tərəfimizdən yekun nizamlanmasının bütün əsas aspektləri ilə bağlı nazirlər səviyyəsində prinsipial razılıq əldə olunub. Bu razılıq, ümid edirəm, yaxın saatlarda, bəlkə yaxın gün ərzində kağız üzərinə keçiriləcək", - deyə Lavrov bildirib.
Rusiya diplomatiyasının rəhbəri qeyd edib ki, Avropa İttifaqının xarici siyasət üzrə ali kommissarı Federica Mogherini və İranın xarici işlər naziri Cavad Zərif rəsmi bəyanatla çıxış etməlidirlər.
Xatırladaq ki, martın 31-də ABŞ, Böyük Britaniya, Almaniya, Rusiya və Çin xarici işlər nazirlərinin Lozannada İranın XİN rəhbəri ilə görüşü olub.
Hər yandan Lozannaya gəlmiş jurnalistlər gecəli-gündüzlü danışıqların nəticələrini gözləyirlər.
İşlənib hazırlanmaqda olan razılaşmanın məğzini İranda nüvə silahı istehsal etmək üçün kifayət qədər material istehsal olunmayacağının qarantiyası təşkil edir.
Uranı zənginləşdirməkdən imtina etmək öhdəliyi müqabilində Tehran üzərindən daha ağır təsirli beynəlxalq iqtisadi sanksiyalar götürülə bilər.
Tərəflər uranın zənginləşdirilməsində istifadə olunan sentrifuqaların sayının məhdudlaşdırılması məsələsi üzrə eləcə də tibbi təhqiqatlar üçün lazım olan radioaktiv materialların hasil edilməsinə dair mümkün kompromisləri müzakirə edirlər.
Hazırlanmaqda olan razılaşma üzrə nəzərdə tutulan məhdudiyyətlər 10 il müddətində qüvvədə ola bilər və İranın nüvə obyektlərinin təftişinə aid hissəsində sərt tədbirlər ehtiva edə bilər.
BMT Təhlükəsizlik Şurasının beş üzvü plyus Almaniya formatında (5+1) keçən danışıqlarda Avropa İttifaqının xarici siyasət üzrə ali komissarı Federica Mogherini də iştirak edir.
Çin xarici işlər naziri Wang Yi danışıqların yekun mərhələyə qədəm qoyduğunu və razılıq əldə ediləcəyi ehtimalına dair ehtiyatlı nikbinlik yaşadığını bəyan edib. Onun sözlərinə görə, tərəflərin mövqelərində mövcud olan təfavütlər azalır.
Razılaşmanın siyasi aspektləri haqqında çərçivə sazişi çərşənbə axşamı gününədək əldə edilərsə, İranla geniş əhatəli sazişin imzalanması tarixi iyunun 30 elan edilib.
İran televiziyasında çıxış edən Lozanna danışıqlarında İran nümayəndə heyətinin üzvü Abbas Arakçı razılıq əldə ediləcəyində ümidli olduğunu bəyan edib.
Fikir ayrılıqları üç əsas məsələ ilə bağlıdır:
Məhdudiyyətlərin qüvvədə qalması müddəti - uranın zənginləşdirilməsi üzrə işlər ən azı 10 il müddətinə məhdudlaşdırılmalıdır. Tehran bundan sonra bütün məhdudiyyətlərin ləğv olunmasına çalışır. Böyük altılar hesab edirlər ki, məhdudiyyətlər mərhələ-mərhələ gələcək 5 il ərzində ləğv edilməlidir.
Sanksiyaların ləğv olunması – İran BMT sanksiyalarının razılıq əldə edildikdən az sonra ləğv edilməsini istəyir. Dünyanın altı nüfuzlu dövləti mərhələli ləğv olunmanın tərəfdarı olaraq, İran üzərində nüvə texnologiyaları idxal etmək məhdudiyyətinin qüvvədə qalmasını istəyirlər.
Razaılaşmaların yerinə yetirilməməsi – ABŞ-la onun avropalı müttəfiqləri İran tərəfindən razılaşmanın yerinə yetirilmədiyi təqdirdə, ləğv olunmuş sanksiyaların tez bir vaxtda bərpa edilməsinə imkan verən mexanizm yaratmağı təklif edirlər. Rusiya bu məsələyə ehtiyatlı yanaşır və öz veto hüququnun qorunub saxlanmasını istəyir.
Bundan başqa, İran nümayəndə heyətinin rəhbəri "altıların" tələb etdiyi kimi hasil edilmiş nüvə yanacağının artıq mövcud olan ehtiyatının xaricə göndərilməsi ehtimalını istisna edib.
Bu arada İsrailin baş naziri Benyamin Netanyahu növbəti dəfə İranla sövdələşməyə dair ehtiyatlı olmağa çağırıb. O, sövdələşmə baş tutsa, İranın öz təcavüzkar siyasətinin bəhrəsindən faydalanacağını bəyan edib.