Türkiyə qarışır, yoxsa qarışdırırlar? Dünya

Türkiyə qarışır, yoxsa qarışdırırlar?

Fərhad Mehdiyev: "Türkiyədə dövlət çevrilişi ehtimalı sıfıra bərabərdir"

Cavid

Türkiyədə ard-ardınca bir neşə terror aktının törədilməsi, terrorçuların prokuroru öldürməsi hadisələrinin arxasında xarici güclərin dayandığı və onların ölkədə qarışıqlıq yaratmaq niyyətində olduğu anlamını verir. Rəsmi Ankara isə ölkə ərazisində vəziyyəti nəzarətə almaq məqsədilə əməliyyatlara start verib.
Türkiyədə son günlər baş verən olaylarla bağlı açıqlama verən politoloq Fərhad Mehdiyev deyib ki, Türkiyədə belə yanıldıcı rəy gəzir ki, baş verənlər seçkilərdən öncə bir sınamadır. Çünki seçki tarixində də kompleks şəkildə bəzi yerlərdə işıqların kəsilməsi baş verə bilər. Normalda belə bir şey olmamalıdır. Bu, əslində qəsdən törədilən təxribatdır.
O, Türkiyədə prosesləri önləməyin mümkün olmayacağını bildirib: "DHKP-C terrorçularının prokuroru öldürməsi ilə bağlı məsələ bütün fikirləri alt-üst etdi. "Cumhuriyyət" qəzetinin yazarı Əhməd İşığın telefon danışığından sonra bu adamların təhlükəsizlik orqanının işçiləri kimi qələmə verilməsi düzgün deyil. Həqiqətən də onların niyyəti şübhəli polislərin üzə çıxaraq günahlarını etiraf etməsindən ibarət idi. Lakin əməliyyatın keçirilmə şəkli, prokurorun xilas edilmə əməliyyatı olduqca uğursuz və qeyri-peşəkarcasına oldu. İki terrorçunu çox qısa müddətdə neytrallaşdırmaq üçün bir çox vasitə var. Buraya səs və işıq bombaları, NO qazı daxildir. Ventilyasiya vasitəsilə NO qazının verilməsi ilə yarım saatda cinayətkarları ram etmək olardı. Yəni girov götürülən şəxsin həyatını xilas etmək üçün kifayət qədər vasitə vardı.
Türkiyə ictimai rəyində haqlı kimi görünən Gəzi parkı olaylarının bir çox iştirakçıları bu hadisədən sonra haqsız duruma düşdülər. Çünki prokurorla bağlı onların haqlı iddiaları var idi. İndi bundan sonra geri addım atmış və cinayətkarlar qarşısında bir az daha zərərçəkmiş şəxs kimi qarşıya çıxacaqlar".
Politoloqun sözlərinə görə, hadisələrin durmadan bir-birinin ardınca baş verməsi və bu cür qəribə hal alması suallar doğurmaya bilməz: "Balyoz əməliyyatında 236 nəfərin hamısı birdən azad olundu. Bu, özlüyündə belə bir şeyin qurama və ümumiyyətlə, heç baş vermədiyi anlamına gəlir. Amma prokuror olayı Balyoz əməliyyatını kölgədə qoydu. Onu da qeyd edim ki, Ərdoğan son zamanlar bir az milliyyətçi çalarlara keçib. Bu isə AKP-nin səslərinin müəyyən dərəcədə, haradasa 6 rayonda aşağı düşməsi ilə bağlıdır. Hətta indi seçicilər öz səslərini MHP-yə verməyə qərarlıdırlar. Türkiyədə qarşıdan həyati əhəmiyyət daşıyan parlament seçkiləri yaxınlaşır. Hətta hökumət rejimini dəyişdirə biləcək nəticələr olacaq. Türkiyəni daha hərəkətli günlər gözləyir".
F.Mehdiyev baş verənlərin fonunda Türkiyədə dövlət çevrilişi ehtimalının sıfıra bərabər olduğunu açıqlayıb: "Türkiyədə əsas hakim qüvvə AKP-dir. Prokurora hücum edən qruplar marjinal qüvvələrdir. Onlar heç vaxt Türkiyədə dövlət çevrilişi edə bilməz. Bunu ancaq dərin dövlət edə bilər. Ancaq ordu da hazırda köhnə gücündə deyil. Yəni dövlət çevrilişi olmayacaq. Ancaq ictimai qayda pozuntuları, partlayışlar, cinayət halları qaçılmazdır. Bunlar da iqtidar partiyasının səslərinin azaldılmasına hədəflənəcək. Bəzi qüvvələr Türkiyəni qarışdırmaq istəyir və bunu qəsdən törədir. Bu isə özlüyündə hökumətin bəraətinə gətirib çıxaracaq. Eyni hadisə 2014-cü ilin martında da baş vermişdi. Ssenarilər təkrar olunur".
Qeyd edək ki, martın 31-də İstanbulun Çağlayan Ədliyyəsinə təşkil edilən hücumda terrorçular girov götürdükləri prokuror Məhmət Səlim Kirazı öldürüblər. Əməliyyatı təşkil edən iki terrorçu isə xüsusi təyinatlılar tərəfindən öldürülüb.