ABŞ Krım tatarlarına məxsus media orqanlarının bağlanmasını qətiyyətlə pisləyib Dünya

ABŞ Krım tatarlarına məxsus media orqanlarının bağlanmasını qətiyyətlə pisləyib

Mövlud Çavuşoğlu: "Vəziyyəti araşdırmaq üçün Türkiyə nümayəndə heyəti Krıma səfər etmək niyyətindədir"

ABŞ Krım tatarlarına məxsus kütləvi informasiya vasitələrinin bağlanmasını sərt şəkildə qınayıb. APA-nın xəbərinə görə, Dövlət Departamentinin rəsmi nümayəndəsi Mari Harf bu barədə bəyanatla çıxış edib.
"Biz Rusiya işğal hakimiyyəti tərəfindən bir çox Krım-tatar media orqanlarının, o cümlədən son Krım-tatar müstəqil telekanalı olan ATR-in, eləcə də QHA informasiya agentliyinin, "Avdet" qəzetinin, "Meydan-FM" radiosunun və digər qurumların bağlanmasını qətiyyətlə pisləyirik", - deyə bəyanatda bildirilir.
ABŞ hesab edir ki, bu addımlar Krımda söz azadlığına qarşı görülən tədbirlərin davamıdır: "Bu addımlar bir ildir davam edən və Krım-tatar xalqını, Rusiya işğalına qarşı çıxan digər şəxsləri susdurmağa yönəlmiş kampaniyanın nəticəsidir".
Bəyanatda tatarların ayrı-seçkilik, təqib və hədə-qorxulara məruz qaldıqları da qeyd olunur. ABŞ bağlanan KİV orqanlarının dərhal açılmasını tələb edib: "Krım Ukraynanın ayrılmaz hissəsidir. ABŞ Ukraynanın ərazi bütövlüyü və suverenliyini dəstəkləməyə davam edir".
Xatırladaq ki, iş adamı Lenur İslamova məxsus olan ATR telekanalı aprelin 1-də yayımını dayandırıb. Yerli hakimiyyət telekanalı təkrar qeydiyyatdan keçirməyib.
Türkiyə isə Krım tatarlarının vəziyyətinin öyrənilməsi məqsədilə yarımadaya ictimai təşkilatlar və sahibkarlardan ibarət qeyri-rəsmi nümayəndə heyəti göndərmək niyyətindədir.
TASS agentliyinin verdiyi məlumata görə, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Kişinyovda, Moldova prezidenti Nikolaye Timofti ilə keçirdiyi birgə mətbuat konfransında bildirib.
"Əfsuslar olsun ki, Krım hökuməti ATP televiziya kanalının yayım lisenziyasını uzatmayıb. Biz Krım tatarlarının dilində olan yeganə televiziya telekanalının bağlanmasından çox narahatıq. Prezident Rəcəb Tayyib Ərdoğan artıq bu məsələni Rusiya prezidenti Vladimir Putin ilə müzakirə edib. Təşkil etdiyimiz nümayəndə heyəti insan haqları sahəsində vəziyyətlə tanış olmaq üçün Krıma səfər etmək niyyətindədir. Ümidvaram ki, yaxın zamanlarda bu səfər reallaşacaq", deyə M.Çavuşoğlu bildirib.